Ötən gün Beynəlxalq Muğam Mərkəzində milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, prezident təqaüdçüsü, “İstiqlal” ordenli muğam ustadı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə “Unudulmaz nəğmələrin gecəsi” adlı tədbir keçirilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, yubilyarın şagirdləri iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Əlibaba Məmmədovun sənət dünyasından, Azərbaycan muğamının tədrisi, təbliği istiqamətindəki bənzərsiz fəaliyyətindən söz açıb. Bildirilib ki, xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasını gözəl bilən və öz orijinal ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən Əlibaba Məmmədovun xidmətləri əvəzsizdir.
Bu müqtədir sənətkarın ifasında lentə alınmış “Bayatı-Şiraz”, “Çahargah”, “Dəşti”, “Rahab”, “Şur” kimi muğamlar və onlarca başqa xalq mahnıları, təsniflər radionun “qızıl fond”unda saxlanılır. Ə.Məmmədov xanəndələrin repertuarından bu gün də düşməyən 100-dən çox mahnı və təsnif yaradıb. O, uzun illərdir ki, gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir.
Qeyd edilib ki, Azərbaycanın, bütün türk dünyasının çox sevilən sənətçisi olan Əlibaba Məmmədov hələ gənclik illərində oxuduğu “Simayi-Şəms” ritmik muğamı, “Şur” dəstgahı, “Çahargah” muğamı dinləyicilərin qəlbini fəth edib. Ustadı Seyid Şuşinskidən aldığı dərslər ömrü boyu yaddaşından silinməyib. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, tədrisində böyük rol oynayıb.
Vurğulanıb ki, Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə sənətkarın 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edilib.
Gecədə gənc xanəndələrin ifasında Əlibaba Məmmədovun müəllifi olduğu mahnılar səsləndirilib.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən böyük sənətkar bundan sonra da Azərbaycan musiqisinin inkişafı naminə səylərini səfərbər edəcəyini bildirib.