Eldar Qasımov: ““Evrovision”da Səfurəyə baxanda qəflətən qəlbimdən onun yerində olmaq arzusu keçdi”
28 dekabr 2013 11:48 (UTC +04:00)

Eldar Qasımov: ““Evrovision”da Səfurəyə baxanda qəflətən qəlbimdən onun yerində olmaq arzusu keçdi”

“Müğənni kimi özümü daha rahat hiss edirəm. İxtisasım diplomatdır, amma bu mənə mane olmur, əksinə kömək edir”. Bu fikirləri APA TV-nin efirində “Bunker” proqramının qonağı olan müğənni Eldar Qasımov deyib.
 
Gənc müğənni səhnə ilə ilk tanışlığını xatırlayıb: “6 yaşım olanda ilk dəfə alman kilsəsində Kaçininin "Ave Mariya"sını ifa etmişdim. Orada məktəbimizin yubileyi keçirilirdi. Deyilənlərə görə, pis alınmamışdı. İndi mən də düşünürəm ki, oradakı çıxışım daha yaxşı idi. Çünki o vaxt daha saf və təmiz idim.  Sonralar həmin çıxış mənə inam verdi. Bəlkə də ondan sonra anladım ki, səhnədə olmalıyam. Mən səhnədə yaşayıram”.
 
Eldar Qasımovun fikrincə, musiqiçi üçün kilsədə, yaxud səhnədə ifa etmək heç nəyi dəyişmir: “Əslində, səhnə elə səhnədir. Hər yerdə eynidir. Səhnə qorxulu deyil, amma həyəcan gətirir. Hər şey mikrofon, insanların enerjisi, alətlər hər şey həyəcan yaradır. Tamaşaçılar mənə enerji verir. Daha məsuliyyətli oluram. Bilirəm ki, mənə tələbat var. Bilirəm ki, mənə oxşamaq istəyənlər var. Ona görə də ayrıca məsuliyyətim var ki, hərəkət və davranışlarıma diqqət edim.
 
Bəzən səhnə arxasında elə anlar olub ki, bilmişəm ki, çətindir. Amma səhnəyə çıxan kimi bu vəziyyət dəyişib. Mən səhnədə narahat olmuram, qorxmuram, rahat oluram. Amma pərdə arxasında çox şey ola bilər. Evdə, ailədə, dostlarla münasibətlərdə mübahisələr ola bilər. Amma bunun səhnəyə heç bir aidiyyəti olmur. Amma bunların heç birinin tamaşaçıya dəxli olmamalıdır. Tamaşaçı hamıdan, hər şeydən vacibdir. Kameradan da, problemlərdən də, sənin geyimindən də”.
 
Sənətçi hesab edir ki, bəzən səsin olub-olmaması da o qədər vacib deyil: “Əsas odur ki, sənin təqdim etdiyin ifa tamaşaçıya xoş olsun. İş səsdə deyil, bu nə isə daxili bir şeydir. Elə bil adam səhnə üçün doğulmalıdır, dünyaya  aktyor gəlməlidir. Ümumiyyətlə mən səhnəyə çıxanda  bir az razı, bir az narazı, bir az utancaq oluram. Görürəm ki, çoxlu adamlar mənə baxır və nə isə etməyimi gözləyir. Bax o baxışları görəndə utanıram. Mənə mane olmaq istəyənlər olmayıb. Əksinə kömək edənlər çox olub və var. Hər yerdə kömək edənlərim olub.
 
Evdə də hər şeyin üstündə mübahisələr ola bilər. Məsələn, mən axşamlar kompüter arxasına keçib dostlar, pərəstişkarlarla yazışmaq istəyirəm,  qardaşım deyir ki,  işığı söndür, yata bilmirəm. Belə narazılığımız olur. Sonra da yemək üstündə. O mənim, mən onun yediyi yeməkləri bəyənmirəm. Əslində bizim mübahisələrimiz xırda mübahisələrdir”.
 
Eldar Qasımov “Eurovision” xatirələrini danışıb: “Evrovision”da Səfurəyə baxırdım. Belə bir istək keçdi içimdən - kaş onun yerində olaydım. Amma bu hədəf mənə çox uzaq gəlirdi, əlçatmaz görünürdü. Qismət belə oldu ki, seçim turlarına getdim. Seçildim və Nigarla bir yerdə Azərbaycanı təmsil elədik”.
 
Sənətçi Almaniyanın artıq onun üçün doğma ölkəyə çevrildiyini deyib: “2004-2008-ci illərdə orada olmuşam. Mənə elə gəlirdi ki, ora gedə bilsəm, qalib gələ biləcəyəm. Orada məni insanlar anlayırdılar. Alman dilini bilirəm, bu baxımdan rahat idim. Ən yüksəyə qalxmaq istəyirdim. Amma kiminsə məndən qabaqda ola biləcəyindən də narahat deyildim. Çalışırdım ki, mükəmməl bir ifamız alınsın. Biz Nigarla hər gün məşqlərə gedirdik. Məşqləri keçəndə inana bilmirdim ki, bu səhnədəyəm və işləyirəm, məşq edirəm. Düşünəndə ki, o boyda tamaşaçı qarşısına çıxacaqsan, insan tam başqa bir hiss yaşayır. Mən inanmırdım ki, nə zaman xəyalımda qurduğum səhnəni bir vaxt real görəcəyəm. Birinci yeri qazandıq. Otelə gedəndə tək qaldım. Və qəribə sual verdim özümə - yaxşı bəs sonra? Yəni başqa nə ilə insanları təəccübləndirəcək, sevindirəcəksən. Bax, bu çətindir. İndi də mən özümə bu sualı verirəm. Hamını təəccübləndirmək lazımdır. Bu elə bir peşədir ki, sən mübarizədə olacaqsan və təəccüblənsə belə kimsə sənə sağ ol deməyəcək. Amma bunu biləndə belə pozitiv düşünürəm”.
 
Eldar Qasımov “Eurovision”dakı nəticəni ən böyük qələbəsi hesab edir: “Və bu qələbəni çox gənc yaşda qazandım. İndi daha yüksək zirvələri arzulayıram. Konkret nə olacağını fikirləşmirəm. Amma daha yaxşı mahnılar, şoular barədə düşünürəm.  “Qremmi”, Oskar... Bu kimi mükafatları arzulayıram. Təbii ki, işləyəcəyəmsə, bunlar olacaq, əks halda mümkün deyil. İndi ən böyük zirvəm mahnılarımdır”.
 
Müğənni öz həmkarlarının dünyada tanınmasını arzu etdiyini deyib: “Amma buna nail olmaq üçün ortaya öncə keyfiyyətli iş, sənət qoymaq lazımdır. Həqiqətən inanıram ki, müğənnilərimiz belə mahnılar oxuyacaqlar. Özlərinə də, işçilərinə də, yazarlara da tələbkar olacaqlar. Bu zaman hər şey alınacaq. Hələliksə çoxu belə deyil. Uşaqlıqdan dinlədiyim müğənnilər var. Kimliyindən asılı olmayaraq, onları dinləyirəm. Sənətlərini bəyənirəm.
 
Mən qiymət vermirəm. Sadəcə münasibətimi bildirirəm”.
 
Eldar Qasımov necə istirahət etdiyinə də aydınlıq gətirib: “İstirahət edəndə musiqi dinləyirəm, rəsm çəkirəm, dostlarımla birlikdə oluram. Amma son illərdə bu istədiyim kimi alınmır. Baxışları üzərimdə his edirəm. Bu xoşdur, amma rahat ola bilmirsən, utanırsan, sərbəstliyin alınır. Ona görə evimə qonaq çağırıram və qonaq gedirəm.  Tanınsam da diplomat kimi çalışmaq istəmərəm. İnsanlar var ki, məhz bu peşə üçün doğulublar. Mən daha çox səhnəyə aid biriyəm. Mən səhnədə daha çox mənəm. Hər insan əlindən gələn işlə məşğul olmalıdır. Amma qazandığım diplomatik biliklərdən indi də istifadə edirəm. Yəni insanları daxilinə vara, incəliklərini anlaya bilirsən. Daha doğrusu, istəyirəm ki, bunu edim. “Eurovision” titulum qiymətlərə təbii ki, təsir edir. Amma mən də getdiyim yerlərdə gözəl şoular göstərməliyəm. Buna pul lazımdır. Mənimlə işləyən insanları da qiymətləndirib, dəyərləndirməliyəm. Qiymət həm də buna görə müəyyənləşir”. 
# 770
avatar

Oxşar yazılar