Əcnəbi balet ustaları Opera və Balet Teatrının səhnəsinə çıxacaq
07 yanvar 2016 16:05 (UTC +04:00)

Əcnəbi balet ustaları Opera və Balet Teatrının səhnəsinə çıxacaq

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yanvar ayının ilk yarısı üçün repertuar planını açıqlayıb. Teatrdan Lent.az-a verilən məlumata görə, yanvarın 9-da Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin tamaşası keçiriləcək. Şənbə günü keçiriləcək tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Nigar İbrahimova (Gülyanaq) və aparıcı solist Makar Ferştandt çıxış edəcəklər. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəforov idarə edəcək.

 

Yanvarın 10-da isə SSRİ xalq artisti, bəstəkar  Fikrət Əmirovun “Sevil” operası nümayiş etidiriləcək. Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında yazılmış opera tamaşasında əsas partiyaları – Sevil və Balaşı ilk dəfə olaraq əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcəklər. Tamaşada həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) da rol alıb. Tamaşanı beynəlxalq müsabiqələr və “Humay” Milli mükafatının  laureatı Əyyub Quliyev idarə edəcək.

 

Yanvarın 16-da isə Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” operasının tamaşası təqdim olunacaq. Səhnə əsərində azərbaycanlı vokalçılarla yanaşı onların Ukrayna və Belorusdan olan həmkarları da iştirak edəcəklər. “Boqema”da Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belorus Akademik Böyük Opera və Balet teatrının solisti, Belorusun əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir belaruslu vokalçı Eduard Martınyuk ifa edəcəklər. Tamaşada xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) da çıxış edəcək. “Boqema” nın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Oxşar yazılar