Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
09 dekabr 2013 22:45 (UTC +04:00)

Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib

Novosibirskdə keçirilən X Beynəlxalq Milad İncəsənət Festivalında Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi altında Novosibirsk Akademik Filarmonik orkestrinin konserti keçirilib. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, konsertin birinci hissəsində dirijor Əyyub Quliyev və Novosibirsk orkestri C. Gerşvinin “Amerikalı Parisdə” simfonik poeması və L. Bernstaynın “Vestsayd əhvalatı” müziklindən simfonik rəqsləri ifa olunub.

 

Konsertin ikinci hissəsində Jan-Lyuk Ponti skripkada müəllifi olduğu və Rusiyada ilk dəfə səslənən «Bombey yolunda», «Onunla bağlı son xatirələr», «Metamarfozlar», «Arzular dogrulur», «Həyat formaları», «İrəli və geri» adlı jaz kompozisiyalarını dinləyicilərə təqdim edib. Dirijor bildirib ki, Jan-Lyuk Ponti “skripkanı caz aləminə daxil etmiş insan” kimi tarixə düşüb. Skripkaçının Novosibirskdə dirijor Əyyub Quliyevlə birlikdə təqdim etdiyi proqramda, onunla bərabər Qremmi mükafatının “Les Victoires de la Musique” müsabiqəsinin qalibi olan pianoçu Uilyam Lekomt da iştirak edib.

 

Konsert başa çatdıqdan sonra Fransanın Rusiyadakı səfirliyi və Rusiya Mədəniyyət Nazirliyi tərəfindən festival iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib. Festivalın sonrakı konsert proqramlarında Vladimir Mininin rəhbərliyi ilə Moskva Dövlət Akademik Kamera Xorunun, britaniyalı skripkaçı Nayjel Kennedi, Dmitriy Xvorostovskiy, Boris Berezovski və Sergey Nakaryakovun çıxışları nəzərdə tutulub.

 

Qeyd edək ki, festival dekabrın 19-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar