Əfvə düşən 74 yaşlı qadına 7 il həbs  istənildi
14 sentyabr 2026 11:55 (UTC +04:00)

Əfvə düşən 74 yaşlı qadına 7 il həbs istənildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Bakıda başqasının evindən oğurluq etməkdə və torpaq sahəsini qanunsuz zəbt etməkdə təqsirləndirilən 74 yaşlı Qədəm Tarverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Qədəm Tarverdiyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında dərhal həbs olunmasını və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Müdafiə vəkili çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə prosesi sentyabrın 17-si saat 10:00-a təyin olunub.

Qeyd edək ki, 1952-ci il təvəllüdlü Qədəm Möhbəli qızı Tarverdiyeva barəsində daxil olan şikayətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, Q.Tarverdiyeva Binəqədi qəsəbəsində torpaq sahələrini qanunsuz zəbt edib və oğurluq əməlləri törədib.

İttihama əsasən, Qədəm Tarverdiyeva müxtəlif illərdə iş üzrə əsas zərərçəkmiş şəxsə məxsus torpaq sahələrini zəbt edərək həmin ərazilərdə qanunsuz tikililər – tövlə, hovuz, sanitar qovşağı və digər köməkçi tikililər inşa edib.

Bundan başqa, o, 2023-cü ildə zərərçəkmiş şəxsin Binəqədi qəsəbəsində yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırmaqda və evdən ümumi dəyəri 17 min 600 manat olan çoxsaylı məişət əşyalarını – soyuducu, televizor, döşək, mebel, xalçalar, qab-qacaq və digər əşyaları oğurlamaqda ittiham olunur.

Q.Tarverdiyeva, həmçinin digər zərərçəkmiş M.Salahovun torpaq sahəsinə qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb yerinə yenisini çəkməklə torpaq sahəsini mənimsəməkdə də təqsirləndirilir.

Qədəm Tarverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə ittiham olunur.

O, 2024-cü ilin iyununda istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib, iyul ayında isə tutularaq saxlanılıb. Daha sonra barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Qədəm Tarverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı əsasında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni cinayət işi üzrə onun oğlu Nadir Tarverdiyev də məhkum olunub.

Q.Tarverdiyeva 2020-ci ilin aprelində Prezident tərəfindən imzalanmış xüsusi əfv sərəncamına əsasən, yaşı 65-dən yuxarı olan məhkumlarla bağlı tətbiq edilən humanizm aktı çərçivəsində cəzasının çəkilməmiş hissəsindən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar