C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olan Zəkiyyə Mahmudovanı anadan olmağının 65 illik yubileyi keçirilib. Lent.az-a verilən məlumata görə, yubileydə kinostudiyasının kollektivi iştirak edib.
Qeyd edək ki, Z. Mahmudova 1970-ci ildə Əzim Əzimzadə adına rəssamlıq texnikumunu bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlayıb. Onun “Bulud niyə ağlayır”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. cizgi filmlərinin, “Nar ağacının nağılı”, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində əməyi olub.