Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri, Səs Yazma Evi Beynəlxalq Muğam Mərkəzi ilə birgə konsert proqramı keçirib. Konsertdə çıxış edən Azərbaycanın məşhur vokalçısı, musiqi kollektivlərinin bədii rəhbəri, Səs Yazma Evinin direktoru Ramil Qasımov ötən ildən etibarən bu layihənin ayda iki dəfə keçirildiyini deyib.
O, Lent.az-a bildirib ki, layihəni keçirməkdə məqsəd peşəkar musiqilərin təbliği, milli-mənəvi dəyərlərimizi gənc nəslə təbliğ etməkdir. Vokalçı C. Cahangirov adına Xor kollektivi ilə Ramiz Mustafayevin “Küçəmizdən keçəndə sən”, Günay Mirzəyevanın “Sənə çatmaq üçün” romansını oxuyub. Daha sonra Ramil Qasımov səhnəyə tələbəsi 11 yaşlı Sübhan Məmmədzadəni dəvət edib. Bu, gənc ifaçının ilk debütü olub. Konsertdə müğənni Aynur İsgəndərli, Şəhla Ələkbərovanın rəhbərliyi ilə Xor, “Sevil” vokal instrumental ansamblı, Estrada Simfonik Orkestrinin “Bənd” qrupu, baş dirijor, Çikaqoda təhsil almış gənc musiqiçi Allahyar Vəzirovun xalq artisti Ramiz Quliyevlə və AzTV-nin solisti Kamilə Nəbiyeva ilə çıxışları alqışlarla qarşılanıb. Ramiz Quliyev qeyd edib ki, Beynəlxalq Muğam Mərkəzi ilə AzTV-nin musiqi kollektivlərinin birgə layihəsinin mütəmadi olaraq keçirilməsi gözəl bir təşəbbüsdür.