Bakıda VI Avropa Film Festivalına hazırlıq gedir. Hər il ənənəvi olaraq keçirilən festival haqqında Park Cinema kinoteatrlar şəbəkəsinin diektoru Namiq Quliyev danışıb. Lent.az həmin müsahibəni təqdim edir.
- Artıq neçə ildir ki, payızda Azərbaycanın paytaxtında Avropa Film Festivalı keçirilir. Bu ənənəvi festival 2015-ci ildə hansı özəllikləri ilə yadda qalacaq?
- Hər il Park Cinema kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə gerçəkləşdirdiyi Avropa Film Festivalı Avropa kinosundakı yeniliklərdən xəbərdar olmağa, yeni filmlərlə tanış olmağa vəsilə olur, o zövqün formalaşdırılmasına kömək edir. Son vaxtlar Azərbaycanda da kinoindustriyası dinamik şəkildə inkişaf etməyə başlayıb, yeni filmlər çəkilir, yerli tamaşaçı azərbaycanlı rejissor və aktyorları özü üçün kəşf edir, onları tanıyır. VI Avropa Film Festivalının Azərbaycan kinosunun özünün inkişaf dövrünü yaşadığı bir vaxda keçirilməsi ölkəmizin mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilməlidir. Bizim Flame Tower-də yerləşən ofisimizdə bir neçə gün əvvəl Avropa İttifaqının siyasət, iqtisadiyyat, mətbuat və informasiya məsələləri üzrə şöbəsinin müdiri cənab Toralf Pils ilə VI Avropa Film Festivalının hazırlıq işlərinə həsr olunmuş görüşümüz keçirilib. Görüşün nəticəsi olaraq VI Avropa Film Festivalının açılış mərasiminin oktyabrın 29-da keçirilməsinə dair razılıq əldə olunub. Görüşdə cənab Pils festival çərçivəsində göstəriləcək filmlərdə nümayiş olunacaq ideyaların, onların qəhrəmanlarının Azərbaycan tamaşaçısına ayrı-ayrı Avropa ölkələrinin vətəndaşlarını yaxından tanımağa imkan verəcəyini qeyd edib və vurğulayıb ki, bu xalqların mədəni inteqrasiyasının genişlənməsinə imkan verəcək.
- Festivalda hansı ölkələrin iştirakı gözlənilir?
- Hələlik 16 ölkə ilə razılıq əldə olunub. Festivalın proqramına Almaniya, Finlyandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstanda və eləcə də Azərbaycanda istehsal olunmuş filmlərin salınması planlaşdırılıb. Tamaşaçılara həm komediya, dram, fantastika, macəra janrlarında bədii filmlər, həm də animasiya və sənədli filmlər təqdim olunacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, danışıqlar hələ davam edir və istisna deyil ki, həm iştirakçı siyahısı, həm də Festivalın proqramı dəyişə bilər.
- Festival çərçivəsində Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulub?
- 2015-ci ildə bir neçə Azərbaycan filmi tamaşaçıların ixtiyarına verildi. Bəzi filmləri tamaşaçılar çox bəyəndilər, yaxşı kassa toplayan filmlər oldu. Tamaşaçı simpatiyası və gəlirin əldə olunması çoxlu sayda filmlərin çəkilməsini şərtləndirdi. Bildiyimə görə, hazırda bir neçə bədii film çəkilir, onlardan bəzilərinin çəkilişləri yekunlaşmaq üzrədir. Buna görə də Festivalın proqramına hansı filmin daxil olcağını söyləmək hələlik çətindir. Festival çərçivəsində nümayiş etdiriləcək filmin yaxın günlərdə müəyyənləşəcəyi gözlənilir.
- Qeyd etdiniz ki, bir neçə yeni Azərbaycan filmi çəkilib. Bu sahədə kəmiyyət önəmlidir, yoxsa keyfiyyət?
- Kino incəsənətin bir növüdür, incəsənət isə, bildiyiniz kimi, özü insanların ürəyinə yol tapmalıdır. İncəsənətin dəyəri də məhz bundadır – güclə onu kiməsə bəyəndirə bilməzsən, o ya qəlbə toxunur, ya da ki, yox. Kinoda da belədir. Əgər film tamaşaçıların xoşuna gəlirsə, deməli, o prokatda daha uzun müddət qalacaq və daha çox qazanacaq, yox, əgər tamaşaçı filmi bəyənməyibsə onda tam əks vəziyyətin şahidi olacağıq. Bunu bazar tənzimləyir. Çəkilən filmlərin sayının çox olmasına gəlincə, deyə bilərəm ki, bu istənilən halda yaxşıdır. Ona görə ki, uğursuz təcrübə özü də bir təcrübədir – o öz səhvlərin üzərində öyrənməyə, təkmilləşməyə imkan verir. Düşünürəm ki, yerli rejissor, prodüser və aktyrlar vaxt keçdikcə bizi daha keyfiyyətli işlərlə sevindirəcəklər.