“Space” telekanalındakı “Hər Səhər” proqramının aparıcısı Əkbər Əlizadə işdən çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə “xural.com” saytı məlumat yayıb.
Saytın yazdığına görə, kanalın “Hər Səhər” proqramının aparıcısı Əkbər Əlizadə həmkarı və “Hər Səhər” proqramının redaktoru Kəmalə Xəlilova ilə sərt mübahisə edib. Səbəb də Kəmalə Xəlilovanın veriliş iştirakçılarının və yaradıcı heyətin veriliş zamanı oynamasını tələb etməsi olub. Əkbər Əlizadə isə Kəmalə Xəlilovanın bu “əmrinə” tabe olmayıb və oynamaqdan imtina edib. Son nəticədə də kanal rəhbərliyi Əkbər Əlizadəni işdən azad edib.
Qeyd edək ki,o, 1995-ci ildən Dövlət səviyyəli konsert və tədbirlərin fəal aparıcısıdır. 2000-2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində çalışıb. 2003-cü ildə “Space” kanalında “Meloman” verilişinin, 2006-2007-ci illərdə “AzəriStar” müsabiqəsinin aparıcısı olub. 2006-cı ildən “Planet parni iz Baku” KVN teatrının aktyoru, həm də aparıcısıdır. 2008-ci ildə Xəzər kanalında “Gülüş ulduzu” müsabiqəsinin və “komediya səhnəsi” verilişinin aparıcısı olub. 2008-ci ildə Prezident mükafatına layiq görülüb. 2009-cu ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2011-ci il yanvar ayından “Space” MTRŞ-nin “Hər səhər” proqramının aparıcısı olub.
Lent.az məlumatı dəqiqləşdirmək üçün Kəmalə Xəlilova ilə əlaqə saxlayıb. Ancaq Kəmalə Xəlilova iclasda olduğunu söyləyərək “Əkbər Əlizadə işdən çıxarılıb, yoxsa yox?” sualına birmənalı cavab verməkdən yayınıb. Əkbər Əlizadənin mobil telefonu isə söndürüldüyü üçün aparıcı ilə əlaqə saxlamaq mümkün olmayıb.
Aparıcı Əkbər Əlizadə “Space”-dən qovuldu?
5970