Anarın “Dədə Qorqud”u gürcü dilində
18 may 2013 05:40 (UTC +04:00)

Anarın “Dədə Qorqud”u gürcü dilində

 

Gürcüstan paytaxtında ARDNŞ-in dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin gürcü dilində nəşr olunan “Dədə Qorqud” kitabının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri təqdimat mərasiminin təşkilatçılarından olan "Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası"nın vitse-prezidenti Tamar Lamparadze açıb. Sonra Gürcüstan Yazıçılar İttifaqının sədri Mağvala Qonaşvili, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, “Rustaveli” Fondunun rəhbəri David Şemaoxvereli, “Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov, AYB-nin katibi Nazim İbrahimov, "Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası"nın Azərbaycan üzrə nümayəndəsi Cavanşir Hadıyev və gürcü rəssamı Rezo Adamiya çıxış edərək Azərbaycan-Gürcüstan arasında olan tarixi dostluqdan, mədəniyyət və ədəbiyyatımızın birgə inkişaf uğurlarından və son illər nəzərə çarpacaq dərəcədə mədəni əlaqələrə həsr edilən tədbirlərin intensivləşdiyindən söhbət açıblar.

 

Tədbirdə çıxış edən “Dədə Qorqud” Fondunun rəhbəri və “Azərbaycan Dünyası” beynəlxalq jurnalın baş redaktoru Eldar İsmayılov Azərbaycan-Gürcüstan arasında dostluğun, mədəni əlaqələrin inkişafında misilsiz xidmətlərinə görə "Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası"nın vitse-prezidenti Tamar Lamparadzeni “Dədə Qorqud” Fondunun və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsis etdiyi “Mehriban Ana” ordeni ilə, AYB-nin sədri Anarı isə “Vətən övladı-Dədə Qorqud” ordeni ilə təltif edib. Sonra E. İsmayılov 25 nəfər gənc gürcü rəssamlarına “Dədə Qorqud” əsərinə çəkdikləri rəsmlərə görə diplomlar təqdim edib.

 

Qeyd edək ki, gürcü rəssamları ilə birlikdə Əli Əliyev soyadlı bir nəfər gənc azərbaycanlı rəssam da “Dədə Qorqud” boylarından bəhs edən rəsmlər çəkib.

 

Tədbirdə gürcü və Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndirilib, rəssamların “Kitabi-Dədə Qorqud” dastanına aid çəkdikləri rəsm əsərlərinin sərgisi də keçirilib.

 

Sonda AYB-nin sədri Anar çıxış edərək “Dədə Qorqud” kitabını tərcümə edən və nəşr edənlərə təşəkkürünü bildirib. Anar çıxışında gələn dəfə Gürcüstana gələndə bir az da olsa gürcü dilində danışacağını bildirib: “Xəritəyə baxanda Gürcüstan Azərbaycanın sol tərəfində yerləşir, lakin biz baxanda solumuzda ürəyin yerləşdiyini görürük. Mənim ürəyimdə isə Gürcüstan Azərbaycanın ürəyidir,” deyə Anar bildirib.

 

Anar jurnalistlərə açıqlamasında “Dədə Qorqud” kitabının 3 dəfə Moskvada, 3 dəfə Türkiyədə, bir neçə dəfə Azərbaycanda, İranda və digər ölkələrdə nəşr edildiyini bildirib: “Tiflisdə çıxan kitabın maraqlı cəhəti odur ki, bu əsər gürcü rəssamlarının çəkdiyi illüstrasiyalarla çıxıb. Biz nümayəndə heyətimizlə birlikdə bu tədbiri keçirmək üçün Tiflisə gəlmişik. Mən kitabda 12 boyu vahid süjet ətrafında birləşdirib povest halına salmışam”.

 

"Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası"nın vitse-prezidenti Tamar LamparadzeAPA-ya açıqlamasında həyata keçirdikləri layihəni “Dədə Qorqud” adlandırdıqlarını bildirib: “Bu əsər Dədə Qorqudun müəllifi olduğu “Kitabi-Dədə Qorqud” dastanları əsasında yazılıb. Bu gün Azərbaycana məxsus “Dədə Qorqud” əsərinin motivləri əsasında keçirilən tədbirdə gürcü və azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri, Azərbaycan səfirliyinin və ARDNŞ-in əməkdaşları, məktəb direktorları, ziyalılar, eyni zamanda Fransadan gələn qonaqlar iştirak edir. Biz belə tədbirləri hələ çox keçirəcəyik. Məqsədimiz Azərbaycan-Gürcüstan mədəni əlaqələrini daha da inkişaf etdirmək və Azərbaycan mədəniyyətini Gürcüstanda yüksək dərəcədə təbliğ etməkdir”, deyə Lamparadze bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568
avatar

Oxşar yazılar