AMEA prezidenti Belarusa dəvət edilib
22 noyabr 2013 23:53 (UTC +04:00)

AMEA prezidenti Belarusa dəvət edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakovla görüşüb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə AMEA prezidenti 2007-ci ildə hər iki ölkənin elmlər akademiyaları və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu ilə əməkdaşlıq haqqında sazişin imzalandığını xatırladıb. O bildirib ki, indiyədək birgə tədqiqatlar aparılıb, mühüm nəticələr əldə edilib və bu görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da uğurlu davamına və birgə elmi nəticələrə zəmin yaradacaq.

 

Akademik V.Qusakov bildirib ki, son illər əməkdaşlıq imkanlarının genişlənməsi nəzərə alınaraq müqavilənin yenidən işlənilməsinə ehtiyac duyulur. Bu məqsədlə rəsmi sənədin imzalanması təklif olunub. Qonaq elm və texnologiya sahəsində müştərək innovativ tədqiqatların inkişafı üçün digər təklifləri də formalaşdırmağın məqsədəuyğunluğunu əlavə edib.

 

Görüşdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanın ikinci peykinin kosmosa çıxarılması üzərində iş getdiyini, gələcəkdə Belarus peykinin imkanlarından elmi istiqamətdə yararlanmaq fikrini ifadə edib.

 

AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informasiya texnologiyaları sahəsində Belarusun böyük təcrübəsinə bələd olduğunu söyləyib. Belaruslu alimlərlə kosmik sahədə birgə elmi tədqiqatlar aparmaq üçün imkanlar müzakirə olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə Azərbaycanda elmin inkişafı konsepsiyası və bu sahə üzrə prioritetlərdən danışıb. Sonda V.Qusakov əməkdaşlıq çərçivəsində AMEA rəhbərliyini Belarusa səfərə dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Oxşar yazılar