Mayın 15-də norveçli müğənni və skripkaçı, “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edib.
Lent.az-ın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, gənc müğənni Bakı tamaşaçıları qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxıb.
Konsertdən əvvəl Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq qonaqları salamlayıb. Norveçli diplomat Aleksandr Rıbakın Bakıda konsertinin təşkilindən məmnunluğunu bildirib, bu işdə əməyi olan hər kəsə, o cümlədən Heydər Əliyev Mərkəzinin kollektivinə təşəkkürünü bildirib.
Aleksandr Rıbak layihə ilə əlaqədar mayın 12-də Bakıya gəlib və 3 gün ərzində səhnəni bölüşəcəyi gənclərlə məşqlər keçirib.
Tanınmış ifaçı konsertin təşkilində əməyi olan hər kəsə, o cümlədən Heydər Əliyev Mərkəzinə və Norveçin Azərbaycandakı səfirliyinə dərin təşəkkürünü bildirib.
Konsertdə Respublika İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərini ifa ediblər. Aleksandr Rıbak azərbaycanlı şagirdlərlə birgə müəllifi olduğu mahnıları, o cümlədən ona “Eurovision-2009” mahnı müsabiqəsində qalibiyyət gətirən “Fairytale” mahnısını təqdim edib. Norveçli müğənni Bakı tamaşaçıları qarşısında, həmçinin repertuarından bir çox hitləri səsləndirib.
Xatırladaq ki, Aleksandr Rıbak 2009-cu ildə “Fairytale” mahnısı ilə “Eurovision” mahnı müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra konsertlər verib. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış edib. Layihə gənc istedadlara dəstək məqsədi daşıyır.