Dekabrın 18-də Nizami Kino Mərkəzində şairə Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş “Sirli bənövşə” sənədli-bədii filminin təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, filmin ssenari müəllifi Sara Vəzirova M. Gəncəvi haqqında danışaraq bildirib ki, hazırda şairənin dünya səviyyəsində yubileyi keçirilir. S. Vəzirova qeyd edib ki, M. Gəncəvi yaradıcılığı araşdırıldıqca, onun bir çox sirli, böyük işləri üzə çıxır: “Məhz buna görə də, film “Sirli bənövşə” adlandırılıb. Məhsəti Gəncəvi həm də elə böyük sənətkar idi ki, bu gün də onun əsərləri öz aktuallığını itirmir”.
Filmin rejissoru Şamil Nəcəfzadə isə qeyd edib ki, M. Gəncəvi tək dahiyanə şairə deyil, həm də dahi şəxsiyyət idi. Rejissor vurğulayıb ki, film indiyə kimi bir neçə ölkədə nümayiş etdirilib: “Film nümayiş etdirilərkən hamını heyrətləndirən o idi ki, XII əsrdə bir müsəlman ölkəsində belə bir qüdrətli şairə, fikir və düşüncələri azad olan insan olub. Təsadüfi deyil ki, Məhsəti öz şeirlərində kifayət qədər kəskin sözlərlə xalqı incidən hömkdarları, yalançı dindarları tənqid edirdi”.
Sonda film tədbir iştirakçılarına nümayiş etdirilib.
Qeyd edək ki, filmin bəstəkarı Cahangir Zülfüqarov, prodüsseri isə Cavid İmamverdiyevdir.