“Oda” teatrının 2 yaşının tamam olması və üçüncü mövsümün açılışı ilə əlaqədar 5 günlük festivalın mətbuat konfransı keçirilib.
Lent.az-ın məlumatına görə, mətbuat konfransını giriş sözü ilə açan “Oda” teatrının rəhbəri Elmin Bədəlov teatrın keçdiyi yoldan danışıb:
“Teatrımız 2013-cü il 15 iyulda yaranıb. Bu tarixdən əvvəl qeyri-professional şəkildə fəaliyyət göstərirdik. İlk tamaşamız Qoqolun əsəri əsasında səhnələşdirdiyimiz “Evlənmə” oldu. Tamaşalarla yanaşı, müxtəlif bölgələrə - Biləsuvara, Şəkiyə qastrola getdik. Yaxın vaxtlarda Gürcüstan Pantomima Teatrı “Oda”nın 2 yaşı münasibətilə buraya gələcək. Daha sonra teatrımız festival çərçivəsində Gürcüstana gedəcək. Ümumilikdə, “Oda”nın tamaşalarında 15 min insan iştirak edib. Teatrımızda 18+ tamaşalar da olacaqdı. Amma bunun üçün xanım aktrisa tapmaqda çətinlik çəkirdik. Artıq bu problem də həllini tapıb. Bir fransız aktrisa ilə işləyirik”.
Qeyd edək ki, “Oda” teatrı 2 yaşının tamam olması və 3-cü mövsümün açılışı ilə əlaqədar 5 günlük festival elan edir. Festival iyulun 19-a qədər davam edəcək.