Nigar Rəfibəylinin 100 illiyi qeyd edilib
27 noyabr 2013 21:14 (UTC +04:00)

Nigar Rəfibəylinin 100 illiyi qeyd edilib

Bu gün Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, yubileydə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri Fəttah Heydərov, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, AYB-nin sədri, xalq yazıçısı Anar, ombudsman Elmira Süleymanova, professor Fərhad Bədəlbəyli, bir çox elm və mədəniyyət xadimləri, ədəbiyyatsevərlər iştirak edib.

 

Əbülfəs Qarayev Nigar Rəfibəylini XX əsr Azərbaycan poeziyasına məxsus ustad şair kimi dəyərləndirib: “Nigar xanım Azərbaycan istiqlalı uğrunda mübarizə aparan, buna görə sürgünə göndərilən böyük nəslin nümayəndəsi olub. Sovet ideologiyasının təsiri altında sıxılmasına baxmayaraq, Azərbaycan şairi adını qazanıb. O, ötən yüz ilin canlı salnaməsidir. Gəncənin tarixində Nigar Rəfibəylinin xüsusi yeri var. O, bənzərsiz şair olmaqla yanaşı, tərcüməçi kimi fəaliyyət göstərib. Nigar Rəfibəyli şərq poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin rübailərini ana dilimizə tərcümə edib, şeirlərinə mahnılar bəstələnib”.

 

Tədbirdə xalq şairinin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub. Yubileyin aparıcıları xalq artisti Fəxrəddin Manafov və aktrisa Mehriban Zəki şairin həyat və yaradıcılığından söhbət açıblar.

 

Xalq artisti Xuraman və Fidan Qasımova bacıları, muğam ifaçıları Güllü Muradova və başqaları şairənin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.

 

Xalq yazıçısı Anar yubiley tədbirinin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Nigar Rəfibəyli 1923-cü ilin iyulun 23-də Gəncədə dünyaya gəlib. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu, 1936-cı ildə isə Moskvada Pedaqoji İnstitutunu bitirib. Bakı kinostudiyasının ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində və "Azərnəşr"də bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib. "Dənizin səsi gəlir", "İşıqlı dünyam", "Günəşdən gənclik istədim", "Həzin bir axşamda düşsən yadıma", "Şanlı nəsillərin yadigarısan", "Zəfər nəğməsi", "Anaların səsi", "Balaca qəhrəman", "Günəşin cavabı", "Məstanın balaları", "Bizə bahar yaraşır" və s. kitabları nəşr olunan Nigar Rəfibəyli "Şərəf" nişanı və xalq şairi fəxri adına layiq görülüb.
 

N. Rəfibəyli 1981-ci ildə 68 yaşında Bakıda vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar