Dekabr 21-də Azərbaycan Fotoqrafları Birliyinin (AFB) 15 illik yubileyi və "İlin fotoqrafı - 2013" adlı mükafatlandırma mərasimi keçiriləcək.
Birliyin sədri Mirnaib Həsənoğlunun APA-ya verdiyi məlumata görə, AFB-nin Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində və Ağdam rayonunda büroları fəaliyyət göstərir.
O bildirib ki, "İlin fotoqrafı" mükafatı 2000-ci ildə AFB tərəfindən təsis edilib. Tədbirdə "İlin fotoqrafı - 2013" mükafatından əlavə, digər nominasiyalar üzrə də mükafatlar təqdim olunacaq. Fotoqraflara qızıl, gümüş, bürünc "Arqus", Hüseyn Hüseynzadə adına "Ümid" mükafatı, Azərbaycan fotosənətinin yeni inkişaf tendensiyasını əks etdirən "İlin layihəsi", maestrolar üçün "50 il fotoqrafiya sənətində xidmətlərinə görə" və dünyasını dəyişmiş fotoqraflar üçün nəzərdə tutulan "Azərbaycan foto sənətinin inkişafında müstəsna xidmətlərinə görə" mükafatları onların ailə üzvlərinə təqdim olunacaq.
M.Həsənoğlu əlavə edib ki, Azərbaycan Fotoqraflar Birliyi KİV əməkdaşlarını da mükafatlarla təltif edəcək.