<b>Akif Nağı: “Qarabağa sağlıq deyəndə əsəbləşirəm”</b>
15 fevral 2015 19:01 (UTC +04:00)

Akif Nağı: “Qarabağa sağlıq deyəndə əsəbləşirəm”

Hər buraxılışımızda siz tamaşaçılara rəsmi çıxışlarda və ciddi tədbirlərdə daha çox gördüyünüz simaları təqdim edirik. Bu dəfə də qonağımız onlardan biridir. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı evinin qapılarını APA TV-nin üzünə açaraq, “Sən demə” verilişinə məşğuliyyəti, asudə vaxtları, eləcə də həyatının biz görmədiyimiz tərəflərindən danışıb. Həmsöhbətimizin dediyinə görə, işləri o qədər çoxdur ki, ürəyincə istirahət eləməyə, başqa işlərə o qədər də vaxt ayıra bilmir: “İnsan özünü yenidən bərpa etmək üçün mütləq istirahət etməlidir. Bizim istirahətimiz isə gecəyarı yuxuya gedəndən sonra olur. Başqa bir istirahət vaxtı, demək olar ki, yoxdur. Bir də əgər hər hansı bir hadisə baş vermirsə, haradasa qaçqınlarla görüş olmursa, axşam evə gəlib, namazlarımı qılıram və başlayıram xəbərləri oxumağa. Müxtəlif saytlarda Qarabağla bağlı məlumatları oxuyuram”.

 

Uşaqlığını yada salan Akif Nağı ətrafındakı digər uşaqlardan müəyyən qədər fərqliliyindən də söz açıb: "Mən dərs oxuyan və sakit uşaq olmuşam. Davakar deyildim. Hətta məni kəndin küçələrinin tinində kimsə görsəydi, təəccüblə baxardı. Bunu özümü tərifləmək üçün demirəm, bu heç tərif də deyil. Çünki uşaq gərək bir az nadinc olsun. Uşaqlıq xatirələrim Ağdam rayonun Papravənd kəndi ilə bağlıdir. Bizim kənd 1905-1906 və 1918-ci illərdə baş verən müharibələrdə fərqlənmiş kəndlərdəndir. 1906-cı ilin yanvar ayında o kənddə çox böyük bir döyüş olub və həmin döyüş Məmməd Səid Ordubadinin “Qanlı illər” kitabına “Papravənd müharibəsi" adı ilə salınıb. Ermənilər ən böyük məğlubiyyətə həmin kənddə uğrayıblar. Məktəbi qurtarana qədər orada böyümüşəm. Kəndimiz dağın başında idi, gözəl təbiəti var idi. Bayramlarımız maraqlı keçirdi”.

 

Müsahibimiz kifayət qədər böyük çevrəsində 30 ilə yaxın dostluq etdiyi insanları qoruyub saxladığından, bu gün də imkan düşdükdə onlarla xoş vaxt keçirdiyindən də danışıb: “Qarabağ Azadlıq Təşkilatının özündə bir çevrəmiz var. Orada yığışıb süfrə arxasında müəyyən məsələləri müzakirə etməyi sevirik. Bəzən ətrafdakılar təəccüblənir ki, bu qədər böyük çevrədə 30 ildir eyni adamlarla dostluq etmək mümkündürmü? Biz orada müxtəlif oyunlar oynayırıq. Son 5-6 ilədək futbol da oynayırdıq. Hücumda oynamağı xoşlayırdım. Hərdən deyirdilər ki, özünə əziyyət vermir, dayanır rəqib komandanın qapısının yanında, top gələn kimi vurur. Bizim komandada tanınmış adamlardan Fazil Mustafa, Şahin Rüstəmov, Emin Eminbəyli, İsgəndər Həmidov var idi”.

 

Akif bəy gənc yaşlarında şahmat oynamağa üstünlük verirmiş. Amma indi daha çox nərd oynayır. Özü belə deyir: "Nərddə məni məğlub etmək çox çətin məsələdir. Uzun illərdir dostluq etdiyim adamlarla oynadığım nərd indi artıq bir düşmənçilik səviyyəsinə qədər gəlib çatıb. Əgər bu cür rəqabət qalıbsa, düşünürük ki, hələ insanın içərisində yaşamaq ehtirası və həvəsi var. Hiss edirsən ki, nədənsə həzz alırsan və ya nəyəsə hirslənirsən. O vaxtlar “Kostör” (“Kостер”) jurnalı var idi. Rusiyada çap olunsa da, Azərbaycana, hətta bizim kəndə də gəlirdi. O jurnalda şahmat oyunu üzrə şifahi müsabiqə keçirilirdi. Mən ora cavablar yazırdım. Hətta yaxşı yer də qazandım. Bəzən şahmat bekar adamların sevimli məşğuliyyətinə çevrilir. Çünki bir oyun 2-3 saat vaxt alır. Amma hərdən yaxşı rəqib olanda şahmat da oynamaq olar”.

 

Hər halda, ictimai-siyasi fəaliyyətindən yaxşı tanıdığımız Akif Nağını kitabsız da təsəvvür etmək çətin məsələdir. Həmsöhbətimiz eyni vaxtda yalnız bir kitab oxumaqdan darıxdığını, eyni gündən 6-dan çox kitabı gözdən keçirdiyini deyib: “Uşaqlıqdan ən sevimli işim kitab oxumaq olub. Bizim evimizdə hər zaman çox kitab olub. Özü də biz onu kitab rəfini bəzəmək üçün almırdıq. Əgər kitab varsa, onu oxumaq lazımdır. İndi kitabı müəyyən qədər internet əvəz edir. Moskvada təhsilimi bitirib Bakıya gələndə kitablarım qatara sığışmadı. Ayrıca bir konteynerlə gəldi. İndi vaxtın azlığından, işin çoxluğundan kitabları ixtisara salmışıq. Bir neçə yerdə dolab düzəldib kitabları yığmışıq. Amma işdə arada vaxt olduqca kitab oxuyuram. Hər kitabın bir xüsusiyyəti və qoxusu var. Hər kitabın özünün bir ləzzəti var, yemək kimi”.

 

Olduqca səmimi təəssürat bağışlayan Akif Nağı lazım gəldikdə yemək bişirdiyini və bəzən özünə qulluq etdiyini də gizlətməyib: “ Bəzi adamlar deyirlər ki, xanım evdə olmayanda ac qalırıq. Mən bunu başa düşmürəm. Bu insanlar cavan olublar, əsgərlikdə olublar, tələbəlik həyatı yaşayıblar. Necə olur ki, bu adamlar heç nə götürüb yeyə bilmirlər. Məndə elə bir kompleks yoxdur. Cavanlığımda hətta müxtəlif yeməkləri bişirməyi xoşlayırdım. İndi, sadəcə, hər kəsin öz öhdəliyi var. Mətbəx qadınların ixtiyarındadır və onun işinə qarışsan xanım əsəbiləşə də bilər".

 

Akif Nağının Ağdamdan, ümumiyyətlə, Qarabağdan danışmaması təəccüblü olardı: “ Qarabağın adı çəkiləndə hər kəsin üzünə bir kədər qonur. Hərdən deyirlər ki, “gün o gün olsun ki, gələn yubileyimi orada keçirim” və ya “uşağımın toyu orda olsun”, belə sözlər mənim heç sevmədiyim ifadələrdi. Məclislərdə Qarabağa sağlıq deyiləndə əsəbiləşirəm".

 

Akif Nağı uzun illərdir ki, bu məsələnin həlli istiqamətində özünəməxsus yol tutan təşkilat sədri du barədə belə düşünür: "Qarabağın uğrunda hər kəs əlindən gələni etməlidir, bircə şeir yazmaqdan başqa. Azərbaycanın 90 faizi bu mövzuda şair olub. Kimi görürsən Qarabağdan şeir yazır. Ürək ağrısını belə ifadə etmirlər. Şeir yazmaq çıxış yolu deyil. Hər bir insan düşünməlidir ki, torpaq işğal altdadır. Bu torpağı işğaldan azad etmək üçün mən nə etməliyəm? Bunu professor da, alim də, ziyalı da, fəhlə də, deputat da, rəsmi də, qeyri-rəsmi də fikirləşməlidir. Hər kəs bu hisslə yaşamalıdır. Əgər kitabı dünyaya çıxan alimimiz bununla fəxr edirsə, onun fəxri Qarabağsız yarımçıqdır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312
avatar

Oxşar yazılar