Millət vəkili Jalə Əliyevanın təşəbbüsü ilə keçirilən Gənclərin III Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Martın 27-si Bakı, Ucar, Naxçıvan, Şamaxı, İmişlini təmsil edən 120-yə yaxın gənc yaradıcı kampda, təlimlərdə, fikir laboratoriyasında və məşqlərdə iştirak etmək üçün Gənclər və İdman Nazirliyinin Şüvəlanda yerləşən düşərgəsinə toplaşıb. Art – kampın keçirilməsində məqsəd gənclər arasında həm ünsiyyətin, həm də yaradıcı münasibətlərin formalaşmasına yardımçı olmaqdır.
Tanınmış sənət adamları- A. Şaiq adına Dövlət Kukla teatrının baş rejissoru Qurban Məsimov, əməkdar artistlər Firdovsi Atakişiyev, Nofəl Vəliyev, rejissor Cavid Təvəkkül, YUĞ Dövlət Teatrının direktoru Tərlan Rəsulov 3 gün ərzində gənclərə teatr sənəti ilə bağlı bir çox incəlikləri açıblar. Mükəmməl teatr üçün məktəb və peşəkarlığın vacib olduğunu diqqətə çatdıran sənətçilər ustad dərslərini əvvəlcə gənclərlə dialoq üzərində qurublar. Bir fikir xüsusi vurğulanıb ki, əsl aktyor olmaq üçün 3 şərt vacibdir: Allah vergisi olan istedad, onu cilalamaq üçün çəkilən zəhmət və bəxt - şans. Bu şansı qaçırmamaq üçün nə etməli – aktyor bəzi səviyyəsiz serial, ya tamaşalarda ona təklif olunan rollardan boyun qaçırıb, daha ciddi iş gözləməlidirmi? Müasir qonorarlar gənc aktyorların ürəyincədirmi? Niyə bu qədər yaradıcı potensialımızın olmağına rəğmən, Azərbaycan kinosunun sorağı hələ də “Oscar” mükafatının təqdimatı, ya “Kann” kimi prestijli festivallardan gəlmir? Bu kimi sualları cavablandıran sənətçilərin köməyilə daha sonra gənc aktyor və rejissorlar improvizə olunmuş səhnəciklər – etüdlər quraraq, tərəf-müqabili anlamaq, hiss etmək üçün hansı texnikaların daha təsirli olduğunu sınayıblar. Ustad-dərslərində əsas fabula elə bu fikir olub: “Sənətdə bəzən söz o qədər də önəmli olmur. Baxışlar, hisslər, gözlər daha çox şey ifadə edir ”.
Bu gün-martın 30-dan etibarən Bakıdan 8 peşəkar və həvəskar teatr nümayəndəsi, habelə Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa “ağ ölüm” adlandırılan bəlanı cəmiyyətdən, xüsusilə də gənclərimizdən uzaq tutmağın yollarını göstərən 12 tamaşa ilə 3 gün ərzində Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcəklər. Hazırlanan tamaşaların mövzusu da sırf narkomaniya düşkünlüyünə, qanunsuz preparatların satışına etiraz ruhunda köklənib. Təsadüfi deyil ki, festivalın sloqanı olaraq, məhz “NARKOSTOP” seçilib.
Layihənin icraçı direktoru Sənan Əlləz, reallaşdıran təşkilat “BİZ – Biz inkişaf zamanındayıq”, dəstəkçiləri Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ASSİTEJ, ASA – Jurnalistika məktəbi, Lady Radio və Lent.az xəbər portalıdır.