Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin (DBMV) inzibati mərkəzi Xoroq şəhərində iyulun 5-7-də “Dünyanın damı” adlı 5-ci Beynəlxalq Musiqi, İncəsənət və Turizm Festivalı keçirilib.
Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycanı Festivalda xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” qrupu təmsil edib. M.İbrahimovla yanaşı muğam ifaçısı, 2011-ci ildə Azərbaycanda keçirilən II muğam Festivalının qalibi Aytən Məhərrəmovanın çıxışı tamaşaçılar tərəfindən böyük maraqla ilə qarşılanıb. Tarda əməkdar incəsənət xadimi Elçin Həşimov, kamançada əməkdar incəsənət xadimi Elnur Əhmədov, nağarada Sultan Əliyevin ifaları da böyük maraq ilə dinlənilib.
Azərbaycan təmsilçiləri Festivalda iyul ayının 6-ı saat 19:00-da Xoroq şəhərinin mərkəzi “İstirahət Parkı”nda çıxış ediblər. Onların xalqların dostluğu haqqında ifa etdikləri mahnı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, bu tədbirin məqsədi qitələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir. Qonaqlara Pamirin tarixi, mədəniyyəti, ənənələri, musiqisi haqqında məlumatlar təqdim olunub.
Festivalın keçirilməsinə müxtəlif təşkilatlarla yanaşı Tacikistan Hökuməti yanında Televiziya və Radio Yayımları Şurası və Xoroq şəhərinin meriyası dəstək veriblər. Maliyyə dəstəyi göstərən əsas təşkilatlardan biri də Ağa Xan Fondudur.
Tədbirə Tacikistanın müxtəlif regionlarından gələn nümayəndələrlə yanaşı, Azərbaycan, Qazaxıstan, ÇXR, Əfqanıstan, Qırğızıstan, Pakistan, ABŞ kimi ölkələrdən musiqiçilər, incəsənət adamları, turizm təmsilçiləri qatılıblar.
Festival çərçivəsində ustad dərsləri keçirilib, məhsul sərgiləri təşkil olunub, ölkələrin mədəniyyətləri, adət-ənənələri haqqında sənədli filmlər göstərilib.