Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı İsveçə qastrol səfərinə yollanır. Teatrdan APA-ya verilən məlumata görə, kollektiv mayın 26-29-u tarixlərində İsveç Krallığının paytaxtı Stokholm şəhərində olacaq. Qastrol səfəri Azərbaycanın İsveç Krallığındakı Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Teatr 17 may tarixində Stokholmda yerləşən Södra Teatrının binasında milli dramaturgiyamızın banisi, klassik Mirzə Fətəli Axundzadənin pyesi əsasında Vaqif İbrahimoğlunun quruluş verdiyi “Lənkəran xanının vəziri” tamaşasını oynayacaq. Tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimidir.
Tamaşada rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, İlahə Həsənova, Aslan Şirinov, Elnar Qarayev, Rəşad Bəxtiyarov, Vüsal Mustafayev, Nigar Güləhmədova və Ramin Şıxəliyev ifa edirlər.