Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada səfərdədir. Birinci xanım bu gün Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Versal sarayının və muzeyinin direktoru xanım Katrin Peqar ilə görüşüb.
Görüşdə Azərbaycanla Versal sarayı arasında gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Mehriban Əliyeva Versal sarayındakı iki abidənin Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğunu qeyd edib və bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Mehriban Əliyeva Katrin Peqarı Azərbaycana səfərə də dəvət edib.
K. Peqar dəvəti məmnunluqla qəbul edib və Versaldakı iki abidənin bərpasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanın Versalda mədəniyyət baxımından təqdimatının, o cümlədən Bakıda Versal muzeyinə aid eksponatlardan ibarət sərginin keçirilməsi barədə razılıq əldə edilib.