42 min avroya kukla, sirli maskalar, itən jurnal - REPORTAJ
08 noyabr 2013 14:31 (UTC +04:00)

42 min avroya kukla, sirli maskalar, itən jurnal - REPORTAJ

Əsəbi davranmasalar... onları qucaqlayıb xoşbəxt olmaq olar



Kuklam illərimə şahid olan yeganə əşyamdır. Neçə yaşımın hədiyyəsi olduğunu xatırlamıram, amma həyata onunla başlamışam. Dünyamı onunla bəzəyib, arzularımı onunla qurmuşam. Sonra mən məktəbə gedəndə o evdə darıxmağa başladı. Tez başqa bir kuklanın saçlarını kəsib, qara karandaşla bığ çəkib, nənəmin köməyi ilə şalvar və köynək tikib, kuklama toy elədim. Toya bütün qonşuların kuklaları gəlmişdi. Bir birinin ardınca iki qızları oldu.


Uzatmayım, bir gün müharibə başladı. Ağdamda yaşayırdıq. Qadınları və uşaqları təcili şəhərdən çıxartdılar. Sonra bu müharibənin uzanacağını müəyyən edəndə əşyalarımızı götürmək üçün evimizə qayıtdıq. Mən onu və uşaqlarını da çantamda gizlətdim. Axı şəhərdən ancaq qadınları və kişiləri çıxarırdılar.



Kişi kukla evciyin keşiyini çəkirdi, kişilər evimizin, torpağımızın keşiyini çəkdiyi kimi. Sonra evlər və evciklər darmadağın oldu. Dünyamız kimi. Hər şeyimizi itirdik. Hətta saysız hesabsız köçlərdə kuklam da iki övladını itirdi. Qaldıq ikimiz və arzularımızın skeleti...



Bütün bunları kinoşünas Aygün Aslanlıya danışanda Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində təşkil etdiyi “FusionDoll” II Bakı Beynəlxalq Kukla Biennalesinə getməyi təklif etdi.



Tədbirin ikinci günü bəzənib-düzənib üz tutduq sərgi salonuna.



Sərgidə birinci yerli müəlliflərin əsərləri düzülmüşdü. Müəlliflər yerli olsa da, kuklalar yerli deyildi. Obrazlar bizə xas olmayan bir soyuqqanlılıqla bədənlərini nümayiş etdirirmişlər kimi dayanmışdılar. Qısası, o kuklalarla heç bir xəyal qurmaq, heç nə arzulamaq olmaz. O kuklalar bizdən başqa hamıya, əslində heç kimə oxşamırdı... Demirəm qapıdan girən kimi “Milli geyimli kuklalar” adı altında beldən nazik, sinədən nəhəng, vulqar göz-qaşı ilə “gəl-gəl” deyən kuklaları düzəydilər. Amma ilk təəssürat çox şeydir axı... Girişdə münasibətsiz simaları ilə düzülən kuklaları görəndə adamın davam etməyə həvəsi olmur. Biz isə reportaj üçün gəlmişik, davam edirik.



Gülərüzlü muzey nəzarətçiləri “Yerli müəlliflərin işlərindən başqa hamısının şəklini çəkə bilərsiz”, deyirlər. “Bizim müəlliflər işlərinin şəklinin çəkilməsini qadağan ediblər, bunun da öz səbəbləri var”. Olsun. Müəllif demişkən, kimsəni görmürük. Aygünlə bu kuklaların heç nə danışmadığını deyəndə bir xanım yaxınlaşır:



-    Mən bu kuklaların müəllifiyəm, sualınız varsa, özümə verə bilərsiz.



Bu Rəssamlar İttifaqının üzvü Tamilla Qurbanovadır. Onunla xeyli söhbət edib, bütün müəlliflərlə söhbətə vaxtımız qalsın deyə o biri otağa keçirik. Bu otaqdan yadımda qalan Fərəh Əliyevanın “Bakılı qız” kuklası olur. Ayaqları açıq, başına dünya boyda dərd alan bakılı qız. Bir də Salvador Dalinin kuklasının müəllifinin adı qeyd olunan kartdakı hərf səhvi...



Əgər səbrinizi basıb, elə birinci otaqdan geri qayıtmasaz, ikinci otaqda sizi başqa atmosfer gözləyir. Ürəyiniz uşaqlıqda oyuncaq mağazasına girdiyinizdəki kimi gup-gup edəcək. Çünki, sərgi indi başlayır. O kuklalarla hansı dünyaları qurmaq olmaz ki? Simaları o qədər həyat dolu, ifadəlidir ki, kədərlisi də var, şəni də, məlahətlisi də. Bu məsum qızlar və dolğun qadınların heç birinin duruşu, baxışı gəl gəl deyib, sənə anlıq səadət vəd etmir. Onları qucaqlayıb xoşbəxt olmaq olar. Almaniyadan gələn kuklaların qarşısında özümlə evdən gətirdiyim kuklamı çantamdan çıxardıb, şəkil çəkdirəndə nəzarətçilərdən biri yaxınlaşır:



-    Kuklanı burdan almısız?



-    Yox, özümündür. Satış var ki?



Satışın olduğunu öyrənirik. Məsələn, qarşısında şəkil çəkdirdiyimiz mavi donlu kuklanın qiyməti yeddi min avrodur. Eksponatlar arasındakı ən bahalı kukla isə Belçikalı müəllifin “Həvva” əsəridir - 42 min avro. Bizim kuklaların qiyməti ilə maraqlananda onların satılmadığını öyrənirik. Bir neçə sualdan sonra bu işlərlə başqa xanımın məşğul olduğunu bildirirlər. Həmin xanımı tapırıq.



Xanım jurnalist olduğumuzu bilincə çox acıqlı, əsəbi danışmağa başlayır. O rusca, biz isə azərbaycanca maraqlı dialoq qururuq:

-    Sizə kim deyib ki burda satış var?



-    Bilmək istəyirik...



-    Kimsə sizə qiymətləri deyib?



-    Öyrənmək istədik...



-    Qiymətləri ancaq direktor bilir. Onun da sizi qəbul eləməyə vaxtı yoxdur!



-    Bizim də direktorun qəbuluna düşməyə vaxtımız yoxdur! Satış varsa, qiymətləri öyrənmək istəyirdik.



-    Qiymətləri sizə heç direktor da deməz. Bu sirdir!



Xanım elə qəzəblə danışır ki, növbəti sualdan sonra polis çağıracağını düşünüb, tez təşəkkür edib, üçüncü otağa keçirik. Kuklaların qarşısında düzülmüş “kukla kimi qızlar”dan müəllifləri soruşuruq. Cavablar müxtəlif olur: “O tərəfdə”, “Bu tərəfdə” və “direktorun yanında”.



Bu kuklalar da yerli kuklalardan fərqli danışır, kimlikləri haqda məlumat verirdilər. Kuklalar öz xalqlarının ədəbi qəhrəmanlarını xatırladırdılar. Düşündüm, bizim kuklalar ədəbiyyatımızda hansı obraz ola bilərlər? Bəlkə “Pırpız Sona”? Ağlıma başqa kimsə gəlmədi...



Sonuncu, dördüncü otağa keçirik. Burda bizim bildiyimiz “milli kuklalar” və masa üzərinə düzülmüş maskalar var. Aygün elə əlini uzatmaq istəyir ki, yaşlı, ağ saçlı bir xanım qışqırır: “Əl vurmaq olmaz”.



Bu xanım muzeydə yeganə insandır ki, jurnalist olduğumuzu biləndən sonra mülayimləşir, hətta maskalarla hərəmizə bir şəkil çəkdirməyə də icazə verir.



Maskaların çox qiymətli olduğunu, sınacağından qorxduqlarını deyir. Maskaların üstündə necə əsdikləri hiss olunur. Elə düzüblər ki, adam elə bilir lap qutusunda saxlayıb, ziyarətçi gələndə tez çıxardıb göstərib, yerinə qoyacaqlar. Fotolardan siz də hiss edəcəksiz. Çünki maskalar düzülən masanın yanında iki böyük boş yeşik vardı.



Bayaqkı ağ saçlı xanım yenə yaxınlaşır:


-    Jurnalı götürdüz?



-    Yox!

Nəzarətçi qızlara yaxınlaşdı: “Kim götürdü, kim?”
Qadın digəri qədər qəzəbli olmasa da, əməllicə əsəbiləşmişdi. Elə bil kuklalardan birini oğurlayıblar. Maskalarla üz-üzə masanın üzərinə düzülüb, yeddi manata satılan jurnalların nə jurnalı olduğunu soruşuruq, cavab əvəzinə “Götürün baxın də” deyirlər. Aygün mədəni mühitdə çox mədəni abı- havadan ilhamlanıb soruşur:



-    Sizdə nəzarət kamerası yoxdu, baxa bilməzsiz kim götürüb?



Qadın heç eşitmirmiş kimi davranıb, deyinə-deyinə masanın altından bir jurnal da çıxardıb itən jurnalın yerinə qoyur...



Ərinin rayondakı qohumlarına patoloji nifrəti olan bir şəhərli gəlin obrazı var. Əlfi Qasımovun əgər səhv eləmirəmsə “Toy gecəsi” əsərində bu gəlin rayondan şəhərə oxumaq üçün gələn qohumun abrını ətəyinə necə bükürsə, adam nəinki şəhərə, dünyaya gəlməyinə peşman olur. Bax, bu sərgidə özümüzü o qohum kimi hiss elədik. Hər şey bir yana, xarici kuklalardan ayıbdı axı. Bu sərgidən öyrəndik ki, muzamızı muzeylərdə axtarmayaq. Mədəni mühitlər yaradıcılıq üçün təhlükəlidir!


Kimsə boynuna almır, amma kimliyindən asılı olmayaraq bütün qadınların içində gözü qırılıb qarnına düşmüş bir kukla qarşısında günahkarlıq duyğusu, bütün kişilərin içində isə təkərinin biri qırılıb, yerinə fanta qapağı, ya şaşki daşı bağlanan maşının “Ğınnn-ğınnn-ğınnn” nisgili var...



O günahla o nisgili qoruyun cənablar, yoxsa kuklaya çevrilmə ehtimalımız var.



P.S. Nə zamansa K.S.Stanislavskinin Moskvada yerləşən ev muzeyinə getmişdim. Mələk simalı yaşlı rus qadını bütün ziyarətçiləri bir qapının önünə gətirib “Bu qapını öz əlinizlə açın. Stanislavski neçə il bu qapını əli ilə açıb. O dəstəyə toxunmaqla böyük ustadın əlinə toxunmuş kimi olacaqsız” deyirdi...

Yəni, muzeydə çalışmaq üçün rus dilində danışmaq azdır, hətta çox azdır...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2126
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar