“Xalq Əmanəti” layihəsi çərçivəsində Şamo Abasovun əsərlərindən ibarət sərgi açılıb - VİDEO
18 dekabr 2021 14:30 (UTC +04:00)

“Xalq Əmanəti” layihəsi çərçivəsində Şamo Abasovun əsərlərindən ibarət sərgi açılıb - VİDEO

 

“Xalq Bank” “Xalq Əmanəti” layihəsinin iyirmi birinci nəşrini görkəmli Azərbaycan rəssamı Şamo Abasovun yaradıcılığına həsr edib.

Dekabrın 17-də “Xalq Bank”ın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov rəssamın yaradıcılıq xüsusiyyətləri haqqında danışıb. O qeyd edib ki, Şamo Abasovun öz dəst-xətti olub: "Şamo Abasov Azərbaycanın ən gözəl rəssamlarından biridir. Onun öz dəst-xətti var idi. Bu, hər rəssama xas olan şey deyil. Şamonun rəsmlərini harda görsən, bilirsən ki, bu, onun əsəridir. Onun sənəti hər zaman yaşayacaq”.

Xalq rəssamı Hüseyn Haqverdiyev Şamo Abasovla olan xatirələrindən danışıb. O qeyd edib ki, Leninqradda rəssamla birlikdə təhsil alıb və onunla bağlı yalnız xoş xatirələri var.

Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib ki, Şamo Abasov rəngkarlıq sənətində çox böyük iz qoymuş sənətkardır: "Bu kitab "Xalq Əmanəti" layihəsi çərçivəsində rəssamlara aid nəşr olunan 13-cü kitabdır. Bu kitablar rəssamlar haqqında gözəl mənbədir.

Mənim ilk işim Şamo Abasovla olub. Onu şəxsən tanıdığım üçün çox xoşbəxtəm. Onun emalatxanasında tez-tez görüşürdük, işləyirdik. Biz artıq dostlaşmışdıq. Şamo Cəbrayılda anadan olmuşdu. İşğal zamanı o, doğulub boya-başa çatdığı, özünə cənnət saydığı ata yurdunu itirmişdi. Yaratdığı "Qarabağın göz yaşları" adlı silsilə əsərləri onun Vətən itkisi ilə bağlı ağrısını gözəl əks etdirir. O, bu əsərləri heç kimə göstərmək istəmirdi. Zaman keçdi və Şamo məhz bu əsərlərlə şöhrət qazandı.

Biz bu kitab üzərində 2020-ci ildə işləməyə başladıq. Ağır il idi. Əvvəlcə pandemiya, sonra müharibə xəbəri gəldi. Biz Ali Baş Komandanın, müzəffər ordumuzun sayəsində 44 günlük müharibədə zəfər qazandıq. Kitabın mətni yazılan zaman Cəbrayıl azad olundu. Düşünürəm ki, Şamonun ruhu indi şaddır. Onun əsərləri daim yaşayacaq".

Rəssamın oğlu Turqut Abasov ailəsi adından kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, sözügedən kitab vasitəsilə Şamo Abasov dünyası ilə tanış olmaq mümkün olacaq.

Tədbir çıxışlarla davam edib.

Rəsmi hissə bitdikdən sonra qonaqlar sərgi salonunda rəssamın yaradıcılığı ilə yaxından tanış olub, sənətkarın bədii albomunu hədiyyə alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004
avatar

Oxşar yazılar