Kinoşünas Aygün Aslanlı ilə “Künefe evi”ndə rəssam Vaqif Ucatay ilə görüşürük. Onu hamınız tanıyırsız, “Şuşalı qız” əsərinin müəllifi. O “Şuşalı qız” ki, işğal günlərində sosial şəbəkələri dolaşır, o “Şuşalı qız” ki, bədəninə onu zorlayan ermənilərin adları bir-bir döyülüb, o “Şuşalı qız” ki, rəssam təxəyyülündən yox, bir döyüşçünün xatirələrindəki real obraza əsasən 2009-cu ildə əsir və girovlara verilən işgəncələri əks etdirən sərgidə yayımlanmaq üçün hazırlanıb. O “Şuşalı qız” ki, əsəri sırf çılpaq olduğu üçün sərgidən qaldırıblar... Bu yerdə deməyə söz tapmırsan. Hər halda əsir düşüb dəfələrlə zorlanmış bir qadının başına kələğayı bağlamaq ancaq bizim ağlımıza gələ bilər. Zorlanmağımızı gizlədirmişik kimi. Bunu açıqlamaq ayıbmış kimi... Öz həqiqətimizi özümüzdən gizlədirmişik kimi... Elə söhbətə də bundan başladıq:
- Bəs biz bunu yazmayaq, çəkməyək, gizlədək, gələcək nəsil unutsun? Unudaq ki, yenə başımıza belə bəlalar gəlsin?
Vüsalə: Məşhur ifadə: əgər biz müharibəni unutsaq, o, mütləq geri qayıdacaq...
- Onların min il bundan sonra doğulacaq körpəsinə də nifrət edirəm. Əzim Əzimzadə adına incəsənət kollecində bir müəlliməmiz var, mənə də incəsənət tarixindən dərs deyib. Bir dəfə dedi ki, heç iyirminci əsrin əvvəllərində belə olmamışdı. Öldürmüşdülər, işgəncə vermişdilər, amma namusa toxunmamışdılar. Dedim, siz heç özünüz öz dediklərinizə inanırsız? Deyir böyüklərimiz belə deyib. Dedim çox nahaq deyib. O böyüklərin yanlış hərəkətidir ki, bu gün başımıza ondan betəri gəldi. Mən nəyisə gizlətməyin qəti əleyhinəyəm. Erməni olanın üstünə də min dənə olmayanı qoyub, dünyaya yayır. Biz həqiqəti niyə gizlədək? Doğulacaq balalarımızın düşməniyik? Niyə onları yaddaşsız edirik? Mən əsərlərimdə bacardığım qədər insanları silkələmək istəyirəm. Qoy yatmış vicdanlar oyansın.
Aygün: Bir sənətkara “Sən bunu niyə belə görürsən” demək nə qədər doğrudur?
- Sənətin bir ümdə vəzifəsi var. Yaradıcı insandan tələb daha böyükdür. Mən Sankt-Peterburqda səkkiz il oxumuşam. Bu müddətdə, yalan olmasın, on min çılpaq qadın çəkmişəm. Amma bu o demək deyil ki, mən öz qızlarımızı çılpaq çəkib sərgiyə qoyacam. Özü də bu dinlə bağlı deyil, mən dinsiz adamam. Bunu belə çəkmək sadəcə yatmış vicdanları oyatmaqdır...
Vüsalə: Bu, çılpaq qadından çox çılpaq həqiqətdir.
- Ay sağ ol!
Vüsalə: Mən oxudum ki, o sərgidə nazir əsərlərinizə baxıb soruşub ki, niyə yağlı boya ilə işləməmisiz və göstəriş verib ki, şəraitinizi düzəltsinlər, Qarabağ faciəsini əks etdirən tabloların yağlı boya ilə işlənməsinə kömək etsinlər...
- Kömək eləmədilər. Orda 33 rəsm sərgiləmişdim. Xahiş elədilər ki, birini göstərmə. Onu daha çılpaqlığı ilə çəkmişdim. Nazir gedəndən sonra yenidən o tablonu qoyduq. O əsərlərimi davam elətdirmişəm, indi 69 rəsmdi. Xocalı plakatındakı rəsmi ombudsmana göstərdilər, dedi bu sizindi? Bilirsiz buna görə bizim nə qədər başımız ağrıyıb? Harda tolerantlıqdan danışırıq, bu şəkli qoyurlar qarşımıza. Dedim, siz bundan sonra deyərsiz ki, mən yaxşı adamam, bir dəli rəssam var, bu onun işidir. Altında adımı da yazmışam. Bəs siz xalqın haqqını, hüququnu necə qoruyursuz? Qaradan tünd boya var? Kimi aldadırıq? Ermənini? Yox, o özü gözəl bilir bizə nələr edib. Rusu? O özü təşkil edib hər şeyi. Fransızı? Axı bunları elə bizim üstümüzə onlar qısqırdıb. Demək özümüzdən başqa heç kimi! Qazancımız nədir? Erməni də aldadır, yəhudi də, amma ordan qazanc götürür. Biz isə uduzmaq üçün aldadırıq. Biz müəllimə pul veririk ki, uşağımı öyrətmə, qiymət yaz. Bax belə şeyin dünyada analoqu yoxdur.
Vüsalə: Bu cəhətlərimizin karikaturasını çəkirsiz?
- Var, doludu məndə... Bu hamısı müsəlmançılıqdandı. Müti, yazıq, çoxarvadlı, pulgir, aciz...
Aygün: Siz də hesab edirsiz ki, din bizi geri çəkir?
- Ancaq! Ən böyük bəla dindir! Heyf, Babəkin zəhməti hədər getdi. Baxın, dünyanın təpiyinin altında olan ərəb dörd milyon adamı aparıb qara daşın başına fırladıb nə qədər pulunu alır. Onların birinə desən ki, min manat ver, atanın portretini çəkirəm, verməz. Amma ora getməyə beş min verir, özü də bir neçə dəfə.
Aygün: Mən o gün televizorda eşitdim və məntiqini tapmağa çalışdım ki, adam eyni yerə necə on dəfə gedər?
- Bilmirəm. O gün yolda gedirəm, məndən qabaqda bir qadın gedir, uşağı məktəbdən gətirir. Görürəm uşağa kəlimeyi-şəhadəti öyrədir. Min dörd yüz ildi əzbərləyirsiz də bunu! Nə qazanmısız? Başına daş düşər uşağa Məmməd Arazın “Ayağa dur Azərbaycan” şerini öyrətsən? Mən tək islama yox, dünyadakı bütün dinlərə qarşıyam. Dinlər yəhudilərin beyninin məhsuludur. Mən onları çox yaxşı tanıyıram. Onlarla fərqimizi deyim. Heç nəyə inanma, heç nədən utanma və aldanma. Biz isə əksinə, hər şeyə inanırıq, hər şeydən utanırıq və hər şeyə, hamıya aldanırıq.
Aygün: Bununla belə yəhudilər dinə bağlıdırlar.
- Çünki onların dini millətçiliyə xidmət eləyir. İslam isə ərəbləri birləşdirdi, millət, dövlət elədi. Biz nə qazandıq? Səlib yürüşünün qabağını kim kəsdi? Türklər! Qırılan kim oldu? Türk. Qazanan kim oldu? Ərəb! Ərəbin mədəniyyəti, ərəbin dili. Bizə bunun nə isti-soyuğu? Baxın, Sultan Muradla, Uzun Həsən vuruşdu, o türk, bu türk. Teymurlənglə Bəyazid, Şah İsmayılla Səlim. Nəyin üstündə? Nəimi boyda dahini parça-parça elədi Teymur. Balaca adam idi Nəimi? Faciəmiz budur! Bir dəfə bir jurnalist zəng eləyib ki, danimarkalı rəssam Məhəmməd peyğəmbərin karikaturasını çəkib, buna necə baxırsız? Dedim, ərəblər ölməyib ki, arvadbazlıq eləməsinlər, rəssamlıq eləsinlər, versinlər cavabını.
Aygün: Və o xristian buna qədər öz İsasını o qədər ora-bura çevirib, çəkib, adi filmdən bilirəm ki, şeytanın da əlinə verib. Yəni başqasına söz demək haqqını qazanıb.
- Bəli! Mən türkəm, azərbaycanlıyam, hünəri var idi, Dədə Qorquduma bir söz deyərdi, mən də rəssam kimi cavabını verərdim. Mən türkün pisini də, yaxşısını da müdafiə edəcəm.
Vüsalə: Vaqif müəllim, din birinci rəssamlarla “düşmənçilik” edir. Bildiyim qədərincə portret çəkmək olmaz. Məsələn, orta məktəblərdə müəllim uşağa şəkil çək deyəndə valideyni dindar olan uşaqlar bunun haram, günah olduğunu deyirlər...
- Bu faciədir. Mənim elə tələbələrim var ki, deyir çılpaq natura çəkməyəcəyəm. Deyirəm çəkməyəcəksən, qiymət yazmayacam.
Bu haqda xeyli danışandan sonra bir cümlə ilə mövzunu yekunlaşdırırıq: “Əgər ziyalı dinə yuvarlanırsa, mən onu ziyalı saymıram”.
Aygün: Sizin üçün yaradan nədir?
- Tanrı mənim üçün arzudur, işıqdır. Adı bir misal. Mən təhsil üçün Sankt-Peterburqa gedəndə gecəni harda qalacağımı bilmirdim, amma universiteti bitirəndə diploma nəyi işləyəcəyimi bilirdim. Bax budur mənim üçün Tanrı...
Vüsalə: Kişi...
- Kim bilir? Bəlkə qadındı?
Vüsalə: Bu fikri yazarlar desə çox sərt ittiham olunardılar. Rəssamlara qarşı da elə hücumlar olur?
- Bəs nə? Bu danışdıqlarımı yazsanız qırğın düşəcək. Birinci növbədə məni məktəbdən çıxarıb atacaqlar. Amma siz yazın. Mən dinsizəm, dünyadakı heç bir dini qəbul eləmirəm. Mən insanlığa, gördüyüm işə, haqqa, ədalətə inanıram.
Yaradıcılığını Qarabağ həqiqətlərini əsərlərində əks etdirməyə həsr edən rəssamın evi yoxdur, ailəsi, iki övladı ilə yaradıcılıq emalatxanasında yaşayır.
- Prezidentə yazmışam. Bu kataloqlardan göndərmişəm ki, məni tanımaya bilər, bu əsərlərimdir, baxsın. Evim yoxdur. İki dənə iç-içə otaqdır. Göndəriblər İcra Hakimiyyətinə. Ordan da məktub gəlib ki, biz evi növbəyə duranlara veririk. Mən də yazdım ki, Sankt-Peterburqda universiteti bitirib gələndən ev növbəsindəyəm. Siz mənə kömək etməklə özünüzə bir rəssam dost qazanmış olarsınız. Hər zaman müraciət edə bilərsiz. İnternetdə araşdırın ki, mən nə iş ilə məşğulam. Bu səbəbdən də ev qazana bilməmişəm. Bu acizlikdən deyil. Mən səhərdən axşama qədər işləyirəm. Yayda gün ərzində 15 saat işləyirəm. İki yerdə dərs deyirəm. Əzim Əzimzadədən təxminən iki yüz manat, Rəssamlıq Akademiyasından isə 26 manat maaş alıram.
Vüsalə: Bu ki tələbənin təqaüdündən də azdır...
- Bəli. Saat hesabı belə verilir...
Aygün: Rəssamlar ittifaqından nə isə verilir?
- Heç nə.
Vüsalə: Sərgilərdə necə, sizin əsərlərinizdən istifadə edirlər?
- Dinsiz olsam da, Rəssamlar İttifaqının mollasıyam. Faciəli günlərdə “Vaqif, gəl”. Pul bölüşdürəndə, iş almaqda, sərgiyə göndərəndə isə yoxam. Narahat da olmuram. Nəyi bacarırıqsa, gərək eləyək. “Xocalı faciəsi – 1992” əsərini Xocalı hadisəsindən qabaq işləmişəm. Sadəcə münaqişənin baiskarını göstərmişdim. Sonra Xocalı faciəsi oldu. Yenilədim, çap olundu. Yenə baxıb gördüm nə isə bir quruluq var. Ailə qurandan sonra uşaq oldu, onda baxdım gördüm ki, mən əsəri ata kimi yox, azərbaycanlı kimi çəkmişəm. Onda bir də yenidən işlədim. Bax, bu öldürülən körpənin sifəti qızımın üzüdür. Xəstəxanadan yenicə çıxardıb gətirmişdik. Uşağa hələ ad qoymamışdıq, mən onun rəsmini çəkdim. Özümə təlqin elədim ki, orda öldürülənlərin hamısı mənim balamdı. İşlədikcə yanımda dünyaya yeni gələn, hələ adı da olmayan körpəmi gördükcə, əllərim əsirdi.
Aygün: Siz bütün yaradıcılığınızı Qarabağa həsr eləmisiz? Mən toy əsəri haqda da oxudum...
- Onu hələ tamamlamamışam. 33 ildir üzərində işləyirəm, o tabloda bütün adətlərimiz öz əksini tapıb. Tabloda ümumi 333 adam var.
Vüsalə: Bizim toy elə çəkim deyincə bitən deyil, rəsmən həngamədir. Çək, çək, bitməz. Doğuluruq, illərlə toya hazırlaşırıq, toydan sonra illərlə borc veririk və ölürük...
- Ay sağ ol, amma onlar heç biri bizim adətlər deyil...
Aygün: Dinlə yanaşı bir az da elə o adətlər deyil bizi geri salan?
- Adətlər ayrı şeydir, din ayrı. Din bəzən adətlərə soxulub, bəzənsə imkan tapa bilməyib. Məsələn, Novruz bayramına soxula bilməyib. Düşünürəm ki, bizim başımıza nə oyunlar açıblar, nə təcavüzlərə məruz qalmışıq. Necə olub ki, məhv olmamışıq? Bizi iki şey saxlayıb. Toyumuz və Novruz bayramımız. Musiqimiz, mətbəximiz onlarla yaşayıb inkişaf eləyib, yoxsa məhv olardıq. Toyu tezliklə bitirim, çoxlu sayda mövzularım var, yarımçıqdı, ömür də surətlə gedir, çatdırım. Mən prosesin özündən zövq alıram. Bilmirəm bu əsər necə olacaq, hara gedəcək. Sadəcə iş mənim üçün maraqlıdır. İnsan yarananda ona verilən ən böyük nemət sevgi duyğusudur. İnsan bir biri üçün ölməyə hazır olursa, o xoşbəxtdir. “Mən qocalanda tək qalmayım” isə eqoizmdir, iyrənc bir şeydir. Mən ideallarla yaşayan adamam, özüm üçün nağıllar uydurur, ona inanmaq istəyirəm. Bəlkə də ona görə doymuram toyu çəkməkdən. İstəmirəm bitsin. Amma çalışacam bu il bitirim. İstəmirəm adamlar elə bilsin elə ancaq ağlaşmayla məşğulam. Mənim sevgim də var, nifrətim də. Bu gün əsas işim toydu, əsas onun üzərində işləyirəm, az qalıb. Növbəti sərgimə də ancaq toyu çıxardacam.
Dünya rəssamlığından danışıb, öz rəssamlarımıza gəlib çıxırıq:
- Mənim o biri rəssamlardan bircə fərqim var. Onlardan fərqli olaraq özümü tanıyıram. Məni tamam fərqli düşüncəyə yönəldən də odur. Bir dəfə bir dostum dedi ki, “Bizimkilər Rusiyaya Məhəmməd gedib Mamed, bir azdan isə Mişa olurlar. Qayıtsa Mişa kimi qayıdır, qayıtmırsa da, qalır Nataşanın yanında. Sən isə Vaqif gedib Vaqifzadə qayıtmısan. Niyə belə?” Axı mən ora simamı dəyişməyə getməmişdim. Ordan öz millətimə bir az da kənardan baxıb daha çox sevdim. Qızlarımızı qızları, analarımızı anaları, atalarımızı ataları ilə müqayisə eləyib gördüm biz hardayıq, onlar harda. Niyə aşağı enməliyik? Öz millətimə birə milyon dəfə vuruldum. Mənim üçün millətimdən əziz heç nə yoxdur.
Aygün: Nataşalar xoşunuza gəlmədi?
- Yox. Onlara heç qanım qaynamadı. Sevə bilmirdim onların qadın obrazlarını, ruhumu oxşamırdı. Qadın yaradılmışların ən gözəlidir. Hərdən qız tələbələrimə deyirəm ki, yaradan bizi sizdən çox istəyir. Baxın, bizim üçün sizin kimi gözəlləri, sizin üçün isə bizim kimi eybəcərləri yaradıb. Görün kimi daha çox istəyir? Dünya rəssamlığında məna axsayır. Çünki qadın bədəninin quruluşu, baxışı o qədər cəlbedicidir ki, rəssam bütün enerjisini ora qoyur, bədəni çəkib bitirəndə işini bitmiş hesab edir. Ona görə də məna elə bədəndə toplaşır, uzağa gedə bilmir. Bu, bir az mane olur. Qadın nə qədər gözəl olsa da, əsərin fəlsəfi yükü olmur.
Aygün: Dünya rəssamlarının ən məşhur qadın obrazları gözəllikdən daha çox qeyri standartlığı ilə seçilir. Məsələn, Mona Liza. Vüsalə, bax sən küçədə elə qadın görsən gözəl deyərsən?
Vüsalə: Mikrorayon tərəflərdə Mona Liza baxışlı qadınlar doludu, heç kim də onlara tamaşa eləmir.
Aygün: “Mono Liza”ya isə camaat dörd saat oturur baxır...
- Boş yerə baxmırlar. Doğrudan da çox möhtəşəm əsərdi. Mən heç vaxt balaca müəllimdən öyrənməmişəm. Balaca yazıçının əsərini oxumamışam. Ancaq böyüklərdən öyrənirəm. Öyrəndiyim rəssamlardan birincisi də Leonardo da Vinçidir. O, çox böyükdür. Mən onu o qədər öyrənmişəm ki, artıq mənim üçün heç bir sirri qalmayıb. Hardasa 20-25 il öncə kanadalı sənətşünas qadın dünyaya elan elədi ki, “Mona Liza” qadın deyil. Onun altında müəllifin öz portretidir. Əlbəttə! Da Vinçi o qədər ağıllı adam idi ki, heç nəyi boşuna eləməmişdi. O bilirdi ki, Avropanın ən böyük adamıdır. Ona görə də ideal italyan qadınının portretini yaradanda orda öz portretini yerləşdirir ki, ideal elə mən özüməm. O, deyirdi ki, şairlər naturanın xəyalını, rəssamlar isə özünü görür.
Vüsalə: Siz Azərbaycanın əməkdar elm xadimi Əziz Şərifin ömrünün son günlərinə şahid olan adamsız. Bir az bu haqda danışaq.
- Danışaq. Əziz Şərif haqda məlumatım var idi, 1987-ci ildə, akademiyanı bitirəndə istədim ordan Moskvaya gedib görüşəm, portretini işləyəm. Amma alınmadı. Mənim həmişə axsayan tərəfim pul olub. Hardasa 50 rubl lazım idi. Olmadı, dedim eybi yox, qayıdım Bakıya, bir sifariş tapım, ilk qazancımla gedərəm. Elə də oldu, ilk qazancımla min manat əldə elədim, evdəkilərə vermədim ki, Moskvada bir alimimiz ölür, gedirəm onu çəkməyə. Ömrünün son iyirmi gününə çatdım... Qəribə saqqalı var idi, Azərbaycan türkündən daha çox uzaq şərqlilərə oxşayırdı. Ziyalı adam idi, başa düşdü ki, onun siması məni tutmadı, dedi oğul, düz gəlmisən. Sonradan soruşdum ki, niyə bu cür saqqal saxlamısız? Dedi daha üzümün o biri hissələrində tük çıxmır. (Gülür) Deməli, gözünə döndüyüm iki dəfə evlənib, ikisində də erməni ilə... (Başını bulaya-bulaya davam edir) Bəs qədər eskiz elədim, hətta gördüm saatbasaat məndən uzaqlaşıb, ölümə doğru gedir. Ona görə fotoqraf çağırıb, 70 rublluq da foto çəkdirdim - əllərini, barmaqlarını, tək-tək. Artıq bilirdim ki, bu əsəri qayıdandan sonra işləyəcəm. Əsər on iki ilə başa gəldi. 1988-ci ildə başlayıb, 2000-ci ildə tamamlamışam. Birinci sərgimdə var idi, heç kim maraqlanmadı ki, belə bir adam var, ya yox. Ən azından uğurlu bir portretdir. Bilirsiz, mən düşünmürəm ki, mənə qiymət verəcəklər, ya yox. Əsas odur ki, mən bu işi görməliyəmsə görürəm.
Vüsalə: 94 yaşlı alim gənc rəssamla necə davranırdı?
- Əvvəl inanmadı ki, məni heç kim göndərməyib, sonradan inandı. Ancaq onu deyirdi ki, “Kaş yoldaşımın bir az canı sulu olardı, bir yaxşı pirojkilər bişirərdi ki...” Deyirdim, Əziz müəllim, siz narahat olmayın, üzrxahlıq eləyirdim ki, sizi incidirəm. O səbrlə otururdu, taqətsiz idi, yerindən qalxanda əvvəlcə üç-dörd dəfə cəhd eləyirdi. Bir gün ona istirahət verdim ki, dincəlsin. Səhəri günü getməzdən əvvəl zəng elədim görüm özünü necə hiss edir, xidmətçi dedi ki, “Əziz müəllim artıq yoxdu”... Dərmanlarını ayaqqabı qutularına yığıb saxlayırdı. Üç qutu dərman idi. Tədqiqatçı idi deyə hansı qutuda hansı dərman var yazıb üst-üstə qoymuşdu. Deyirdi, “Oğlum, get filan qutudan filan dərmanımı gətir, amma ola da bilər səhv edirəm”. Amma dəqiqliklə deyirdi. Hansı dərman hansı qutudadır, əzbər bilirdi. Xanımı isə elə deyildi. Özündən on yaş kiçik idi. Özünü idarə edə bilmirdi, huşu itmişdi. Siqaret çəkən idi, gedib soyuducunun buzxanasında siqaret axtarırdı. Neçə dəfə mənə demişdi ki, bu otaq mənə Moskvadakı evimizi xatırladır. Deyirdim elə Moskvadasız. Dəfələrlə soruşdu ki, ermənisən? Türkəm deyirdim, bir az çaşırdı...
Bir gün dördüncü dəfə idi eyni eskizə qayıdırdım. Soruşdu ki, Vaqif, evlisən? Dedim yox. Dedi elə evlənməsən yaxşıdır. Dördüncü dəfədir eyni eskizə qayıdırsan, axı nə görmüsən bu qoca Əziz Şərifdə? Dedim Şərif müəllim, sizi də, məni də yetirən təbiət 94 il gecə-gündüz çalışıb ki, sizi bu gözəlliyə, bu simaya salsın, siz də heç olmasa imkan verin mən dörd seans işləyim. Güldü, əllərini qaldırdı ki, “Ağıllı oğlansan, nə qədər istəyirsən işlə”. Bütün o müddəti bircə kəlmə rus sözü işlətdi. O da “xolodelnik”. Ana dilimizdə tərtəmiz danışırdı.
Aygün: Vaqif müəllim, filmlərimizdə rəssam işini bəyənirsiz?
- Bəzisində yaxşıdır, bəzisində pis. Məsələn, “Dədə Qorqud”da bərbaddır. Filmdə Dədə Qorduqdan qaraçı düzəldiblər. Türk nə vaxtdan başı açıq gəzib? Baş açıqdırsa deməli geyim tamamlanmayıb. Bayandur xanın vəziri, bu qövmün mənəvi, ruhani atası gah onun ayağına yıxılır, gah bunun... Biabırçılıqdır, Dədə Qorqud əyilməməlidir. Mən onu göylərdə çəkmişəm. Ondan ötrü tənqid də olunmuşam. Vecimə də olmayıb. Özünü tanıyan insan heç kimdən, heç nədən qorxmur. Mən də heç qorxmuram.
Asif Ata ocağının yetirmələrindəndir. Ucatay adını da ondan alıb. Kataloqlarında da onun fikirləri yer alıb: “Həyatı sadəcə yüksək ideallara, mənəvi kamilliyə çağırmayan, ruhani ucalıqdan və fəlsəfi məna yükündən uzaq sənət sənət deyil”. “Elə yaz poza bilməsinlər, elə yaz qalsın”. “Özünə qarşı amansız ol, inamsız olma. Amansızlığın inamınla tən olsun”. Asif Ata ilə tanışlığından, onun fikirlərinin öz yaradıcılığına necə təsir etməsindən danışır. Ruhumuz çox yaxın idi deyir.
Aygün: Asif Ata ocağı fəaliyyətini davam etdirir?
- Əlbəttə.
Aygün: Cəmiyyətdə bu qədər hadisələr baş verir, onlar niyə heç bir fikir bildirmirlər?
- Sizinlə tam razıyam. Onlar gərək səslərini çıxarsınlar. Amma bilirsiz, Nəsimiyə kənardan əhsən demək asandır, Nəsimi olmaq isə cəhənnəm əzabıdır.
Söhbətdən redaktor seçimi:
- - Əgər bizim aclıq hissimizi bir stəkan çayla bir bulka ödəyirsə, ondan ötrü əyilməyə dəyər? İnsan mənən ac olanda bir o qədər maddi şeylərə meyl edir və doymur. Mənən doyan insan isə ən az şeylərlə doyur.
- - Yalanı, xəyanəti tək başqalarına yox, heç özümə də bağışlamıram. Məni bir dəfə aldatdılar bəs edir. Nə məni aldadanı, nə də aldandığım üçün özümü heç vaxt bağışlamaram. İkinci dəfə aldadan adamın adının üstündən o dəqiqə xətt çəkirəm. Rahat oluram, ətrafımı yüngülləşdirirəm. Neynirəm ətrafımda yalançı adamları?
- - Əgər xalq uçuruma gedirsə, günah ziyalıdadır. Əgər millətin halına ziyalısı ağlamırsa, onda millət özü ağlayacaq.
- - Həmişə antisovet, antidin olmuşam. Mən azadlığı sevən adamam.
- - Hər gün səhər gəzintimdə gedib bayrağımla salamlaşıram, köksüm qabarır.