Üç yuva dağıdan sənətkar qadınlardan anasının intiqamını alırdı? – Böyük ustadın QALMAQALLI ÖMRÜ
08 sentyabr 2023 18:35 (UTC +04:00)

Üç yuva dağıdan sənətkar qadınlardan anasının intiqamını alırdı? – Böyük ustadın QALMAQALLI ÖMRÜ

Lent.az  “Sönən ulduzlar” rubrikasında Azərbaycan aktyoru və teatr rejissoru, Azərbaycan Dövlət Gənclər Teatrının təsisçisi, bədii rəhbəri və direktoru, Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin ömür yoluna nəzər salır. Yaşasaydı bu gün 74 yaşı tamam olmalıydı. O, yaşaya bilmədi. Minlərlə obraza can verən, yüzlərlə həyatı canlandıran böyük ürək sahibi sevgisini paylaya-paylaya şam kimi yandı, bitdi-tükəndi.

Hüseynağa Atakişiyev heç vaxt müəllim işləməsə də, neçə-neçə aktyor və aktrisa onu özünə müəllim hesab edib, ondan öyrənib. 

1989-cu ildə Dövlət Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri, eyni zamanda direktoru olub, neçə-neçə əsərə səhnə quruluşu verib, onlarla gənc aktyor və aktrisanın yetişməsində özünəməxsus rol oynayıb. Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında bir gün işləyən aktyor indi də özünü onun aktyoru hesab eləyir.

O, aktyora səhnədə tam sərbəstlik verən rejissor idi. Yerində edilən improvizasiyaları xoşlayır, qəbul edirdi. Özü qeyd edirdi ki, onun rejissorluğu qədim ənənələrə, Azərbaycan meydan teatrının ünsürlərinə əsaslanıb. 

Onun yaradıcısı olduğu Dövlət Gənclər Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra, Gənclər Teatrının bir tamaşasını belə repertuara salmadılar. Buna yaradıcı qısqanclıq səbəb olmuşdu.

Hüseynağa Atakişiyevin teatrındakı özünün və başqa rejissorların quruluş verdiyi bütün tamaşalar yüksək peşəkar səviyyədə olduğuna görə bu tamaşaları görənlər qısqanclıqdan buna imkan vermədilər.

Yaradıcılığı qədər şəxsi həyatı da rəngarəng və maraqlı idi. O sevgi naminə 3 qadını gözüyaşlı qoydu, 2 dəfə yuvası dağıldı. Üçüncüdə yuvası ola bildimi? Bu sualın da tam cavabı yoxdur. Onun qadınlarda daim sevgi axtarmasının səbəbi bəlkə də ana sevgisinə həsrət böyüməsi idi. Bir az anlaşılmadı deyəsən. Gəlin ən başdan başlayaq.

Hüseynağa Atakişiyev 1949-cu ilin 8 sentyabrında Bakının məşhur Çəmbərəkənd məhəlləsində yoxsul ailədə dünyaya gəlmişdi. Atası sürücü, anası evdar qadın idi. 6 yaşı olanda ana itkisi ilə üzləşir. Bu acı, bu kədər balaca Hüseynağaya o qədər pis təsir edir ki, evdən qaçır, bir neçə gün milis və yaxın qohumlar şəhər küçələrində uşağı axtarmalı olurlar. Bu travma onun həyatında dərin bir iz, unudulmaz bir ağrı buraxır.

Yoxsulluq idi, artıq 12 yaşında həm oxuyub, həm işləyir, atasına maddi dəstək olmağa çalışırdı. Bununla belə dərslərini də yaxşı oxuyurdu. Orta təhsilini başa vurduqdan sonra M.Əliyev adına İncəsənət İnstitutuna qəbul olur, professoru Mehdi Məmmədovdan aktyor sənətinin sirlərini öyrənir.

Teatra böyük sevgi onu yollara salır. 1975-ci ildə isə dostu, Moskva teatr institutunun məzunu Vaqif Abbasovla birgə Şəkiyə teatr yaratmağa gedir. Onun gəlişi ilə bu əyalət teatrı inkişaf edir və ölkəyə səs salır.

1977-ci ildə rejissor Hüseynağa Atakişiyev tələbə yoldaşı olmuş və  Şəki teatrında aktrisa  işləyən Gülşad Baxşiyeva ilə evlənir. Aralarında böyük sevgi var idi. Bir il sonra  böyük oğlu Elbəy, daha bir il sonra  ikinci oğlu Elmir doğulur. Gülşad xoşbəxt idi. O günə qədər ki, o teatra Şahzadə adlı bir aktrisa gəlir və onların ailəsinə ildırım kimi düşür. Hüseynağa Şahzadəyə aşiq olur, onların münasibətləri barədə bütün teatr işçiləri, o cümlədən xanımı da bilir. Çox dözsə və səbir etsə də, Hüseynağa ailəsinə bağlı qala bilmir. 5-6 yaşlı oğullarını, onun yolunda hər çətinliyə razı olan xanımını buraxır, Şahzadəni də götürüb Bakıya gəlir. Gülşadın yuvası dağılır. O ərini çox sevirdi, onu öz balası, ömür yoldaşı, üçüncü oğlu, hər şeyi adlandırırdı. O qədər çox sevirdi ki, bu hadisələrin üstündən 40 ildən çox zaman keçsə də o hələ də yanır, hələ də bu barədə danışanda qəhərlənir.

1985-ci il. Hüseynağa Atakişiyev Bakıda Milli Dram Teatrında çalışmağa başlayır. Amma işləri Şəkidəki kimi rəvan getmir, kollektiv onu qəbul eləmək istəmirdi. Hər zaman özünəxas aurası, kollektivi, söz-söhbəti olan “Azdrama”da bəzi aktyorlar  ( təbii ki, kimlərinsə əmri ilə)  onu bəyənmir, nüfuzdan salmağa çalışır, dalınca danışırdılar. İş o yerə çatır ki, hətta bir gün kabinetini də yandırırlar. Hüseynağa bu teatrı tərk edib Gənc Tamaşaçılar Teatrına üz tutur. 
Ailəsində də işləri rəvan getmirdi. Şahzadədən bir oğlu doğulmuşdu, lakin onunla da xoşbəxt deyildi. Ürəyi yeni sevgiyə ev sahibliyi edirdi. Rejissor teatrın aktrisası Nəsibə Eldarovaya vurulmuşdu.

Şahzadədən ayrılıb, (rəsmi nikahları yox idi) onunla evlənir. Bu onun üçüncü, Nəsibənin ikinci evliliyi idi. Bu evlilikdən Hüseynağa Atakişiyevin övladı olmayıb. 

Gülşad xanım hələ də onu unutmur, söz düşəndə “ona olan sevgim məni məhv etdi” deyir. Amma o qədər çox sevib ki, hələ də onun kəm taleyinə də acıyır, gəlsəydi qəbul edərdim deyə düşünür.

“Mən onu çox istəmişdim. Özü getmək istədi. Mən getmək istəyən kişini tutub saxlayan qadınları qınayıram. Dedim sənə harada yaxşıdır, orda yaşa.  Ona dedim sən bu evin xiffətini çox çəkəcəksən. Çünki o kişi mənim kişim idi. Mən bilirdim o nəyi istəyir, nəyi istəmir, nəyi necə sevir. O bizim ailəmizin ən böyük, ən kaprizli oğlu idi. Heç bir qadın mənim qədər ona qayğı göstərə bilməzdi. O dünyasını qayğısızlıqdan, baxımsızlıqdan dəyişdi. Səhvini başa düşmüşdü, amma geriyə yolu yox idi. Ətrafındakı adamlar mənə deyirdilər onun problemlərini. Ortaq dostlar demişdilər ki, ailənə qayıt. Çünki görürdülər harada gecələyir, nə halda yaşayır. Demişdi, “qayıda bilmərəm. Gülşadla münasibətlərimizi elə qayçılamışam ki, geri yol yoxdur. Bəziləri deyir Hüseynağa məni sevməyib filan. Özləri üçün danışırlar. Mənim ürəyimdə sevgiylə yanaşı ona rəhm olub. Yetim oğlan idi. İnsandır, səhv eləmişdi, gələ bilərdi. Ola bilər ki, əvvəlki kimi olmayacaqdıq, amma mən yenə ona yaxşı baxacaqdım”.

Hüseynağa Atakişiyev 2006-cı il aprelin 6-da qəfil ölümlə dünyanı tərk edib. Özündən sonra  hazırladığı 160-dan çox tamaşa, bir neçə film və teletamaşadakı rolları, 3 övlad, 3 sınmış ürək qoyub gedib. Bu insanların hər biri üçün fərqli Hüseynağa var. Kiminə görə xain, kiminə görə yazıq, kiminə görə əldə saxlamaq mümkün olmayan çətin ər. Bəlkə də belə olmalıydı. Hamının olanlar heç kimin olmurlar. Hətta özlərinin belə.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10570

Oxşar yazılar