Talıb Tale
23 dekabr 2022 20:15 (UTC +04:00)

Talıb Tale

Tamadalara söz atan, müğənniləri ittiham edən Talıb Tale ilə MÜSAHİBƏ

Lent.az-ın müsahibi müğənni Talıb Taledir. 

Onunla görüşümüz səsyazma studuyasında baş tutdu. Söhbətimiz də elə burdan başladı.

- Studiya sizindir?

- Bəli. Hərdən həmkarlarımdan gələnlər olur. Tam hazır deyilik hələ. Yanvar ayından yəqin tam güclə işləyəcək.

- Müğənnilərin çoxu bildirir ki, əlavə biznesləri var. Sizin necə?

- Çoxu yalandan deyir. Özlərini elə göstərirlər. Biznesi olan azdı, çoxu elə görüntü yaradır

- Niyə yaradırlar bu görüntünü?

- Özlərini daha statuslu göstərmək üçün.

- Hətta bir müğənninin dilindən eşitmişdim, deyirdi toya ucuz maşınla getsələr, toy qonorarları az olacaq. Bir zamanlar bu münasibətlə hər kəs yanında 5-10 nəfər “sekuriti” gəzdirirdi. Özlərini kimdən qoruyurdular?

 - Elə bu da göstərişə görəydi, amma xətalı addım idi, əks göstəriciydi, insanların acığına gedirdi. Neqativ hisslər yaradırdı. Hər şeyin bir həddi var, dozanı aşanda yaxşı görünmür. Müğənninin yanında köməkçisi ola bilər, bahalı maşın sürə bilər, amma sən xalqın arasına çıxan xalq adamısansa, mühafizəçi nəyə lazımdı? 

- Sizin də belə göstəriş marağınız var?

- Müəyyən şeylər var ki, eləmək lazım gəlir, ayaqlaşmalı olursan.

- Bu sadəcə bizim ölkənin müğənnilərinin canındadır? Bildiyimə görə tez-tez MDB ölkələrinə dəvətlər alırsınız. Oralarda görmüsünüz belə hallar?

- Məsələn, özbəklərdə bizdən daha çoxdur. Hər yerdə var. Bahalı görünməyi sevirlər.

- Sizcə bu qaydalarla Azərbaycanda yaşamq asandır?

- Bəli bizdə daha asandır. Şəxsən mənə görə Bakı ən rahat şəhərdir.

- Musiqiyə necə gəldiniz?

- 2013-cü ildə sırf müğənni kimi fəaliyyətə başladım, amma ondan 6 il öncə özümü sınamağa başlamışdım. Ali təhsilimi BDU-da politologiya üzrə almışdım. 

- Müğənni olmasaydınız, siyasətçi olardız?

- Yox. O sahə mənlik deyil, hamı kimi izləsəm də, siyasətçi olmazdım. Yəqin ki, öz biznesimi qurardım.

- Qadın pərəstişkarlarınız çoxdur?

 

- Kifayət qədər var.

- Sizin ürəyinizi "ovlamaq" istəyən xanım necə biri olmalıdır?

- Məncə necəliyini, xüsusiyyətlərini sadalamasam yaxşıdır. Sadəcə qadın, kişi fərq eləməz özündən çox razı olanda, lovğalananda xoşuma gəlmir. 

- Subaysınız. Evlənmək niyyətiniz var?

- Bəli var. Amma bu nəsib, qismətdir.

- Təxəllüsünüzü də Tale qoymaqda taleyə çox inanırsınız?

- Bəzi şeyləri qismətə buraxmıram, özüm həll etməyə çalışıram. Bəzən isə həyatda çox şeylər elə qismətlə olur. Nəsə alınır və sən dəyişə bilmirsən. Adıma məktəbdə, universitetdə Tale deyiblər, sonralar gördüm yaxşı səslənir, mən də saxladım.

- Bildiyimə görə, siz Dədə Ələsgərin oğlu və şagirdi, Aşıq Talıbın nəvəsisiniz.

- Bəli, babam aşıq olub. Aşıq Ələsgərin nəticəsiyəm. Yeri gəlmişkən  onun sözlərinə bir mahnı bəstələmək fikrim var.

- Talıb Tale kimdi?

- Özü barədə böyük təqdimatları xoşlamayan, azdanışan adam.

- Kənardan baxınca müğənnidən çox idmançı və ya hərbiçi təsiri buraxırsınız. Davakarlığınız var?

- Çalışıram hər şeyi sülhlə, söhbətlə həll edim. Məni müğənnidən başqa hər şeyə bənzədirlər.

- Musiqi təhsiliniz var?

- Yoxdur. İndi elə dövrdür ki, öyrənmək üçün internet ən yaxşı müəllimdir. Məşhurlaşmaq da, şöhrət də internet vasitəsilə daha asandır, nəinki televiziya.

- Oxuduğunuz mahnıları bayağı janr hesab edənlər də var...

 -Yaradıcılığıma bələd olsalar, müxtəlif janrlarda oxuduğumu görərdilər. Bir neçə mahnımı sadəcə pul qazanmaq üçün, kommersiya xətrinə oxumuşam. 

- Pul verib telekanallara çıxdığınız olub?

- Yox. Yenə deyirəm internet daha böyük rol oynayır. Təzə başlayanda məni ara müğənnisi deyib efirlərə buraxmırdılar. Şöhrətlənəndən sonra həmin müğənni düşür dəbə, çağırırlar. Efirə çıxmaq üçün heç vaxt pul ödəmərəm.

- Kimi dinləyirsiniz?

- Əsasən instrumental  musiqilərə, öz mahnılarıma qulaq asıram, səhvlərimi tutmaq üçün. İndi keçmiş mahnılarımda çox səhvlər tuturam.

- Bu qədər az danışan birisiniz. Toyu necə idarə edirsiniz?

 - Çox səliqəli. Yəqin hər kəs öz məclisinə özünə uyğun müğənni axtarır. Tamadaların dövranı keçdi. Eyni sözləri danışıb, çürütmək nəyə lazımdır? Səmimi təqdimat eləyirəm, ardı gəlir. Mən konsertlərimdə də özüm öz təqdimatımı edirəm, aparıcıya gərək  görmürəm. 

- Sevgiyə inanırsınız?

- Sevgi iradəsizlikdir. Sevgi deyilən bir şey var, amma onu asılılıq həddinə çatdırmaq zəiflikdir. “Sevginin gözü kordur” deyiminə mən inanmıram.

- Sevmisiniz?

- Bəli olub. Daha çox realistəm.

- Surətpərəstsiniz? Kəpənək də tarakan da böcəkdir, amma birini sevirik, digərindən iyrənirik. Halbuki heç biri bizə xeyir və ya zərər vermir.

- Surət təsir edir. Gözəllik ilk baxış, ilk tanışlıq üçün önəmlidir. Lakin xarakterə görə dəyişir. Bir onu deyə bilərəm ki, indi insanları çox tez tanıyıram.

- Sizcə məşhur kişinin xanımı olmaq asandır?

 - Qəbul etsə hə. Çətin heç nə yoxdur. Qəbul etməyi bacarmalıdır. Başa düşən, həyatı anlayan adam olsa çətin olmaz.

- Yəni sizi qısqanmasın?

- Dəyməz axı. Qarşı tərəfdən çox şey asılıdır. Elə ola bilər ki, heç xəyanət etməyəsən, yadına düşməyə, elə də ola bilər o səni buna itələsin.

- Xanım həmkarlarınızdan kiminləsə evlənərdiniz?

- Evlənsəydim, bu günə qədər olardı yəqin. Gələcək həyat yoldaşımı elə biri olaraq görmürəm. Deyirlər “heç vaxt  heç vaxt” demə. Amma olsaydı indiyə qədər olardı.

- Evlənməkdən qorxursunuz?

- Bir qorxum var ki, iş sevgim ailə sevgimi üstələyər.

- 40 yaş kamillikdi ya qocalığın başlanğıcı? Yaş kompleksiniz var?

- 40 yaşda düşüncələrdə müəyyən dəyişiklik olur. Formada qalmaq üçün idmana gedirəm, qidalanmaya fikir verirəm. Kompleks bir az var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9618
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar