50 il bundan öncə dünyanın ən təhlükəli filmlərindən biri çəkilməyə başladı və çəkilişlər düz 11 il davam elədi. Bu filmin çəkilişlərində Afrikada vəhşi təbiətin qoynundan gətirilmiş vəhşi şirlə, pələnglə, fillər iştirak edirdilər. Çəkilişlərdə düz 100 aktyor və texniki işçi yaralandı. Söhbət “Nərə” filmindən gedir.
Lent. az “Nərə” adlı Hollivud filminin çəkilişləri barədə maraqlı faktları təqdim edir.
1969-cu ildə rejissor Noel Marşall və arvadı, aktrisa Tippi Hedren Mozambikə səfər edərkən vəhşi heyvanlar barədə film çəkmək qərarına gəldilər. O zaman gənc olan romantik ər-arvad düşünürdü ki, dünyada hətta vəhşi heyvanları belə sevgi ilə ram eləmək olar. Filmin ssenarisinə əsasən, Xenk adlı qəhrəman və ailəsi Afrikadakı həyətlərinə dolmuş bir sürü vəhşi heyvanla birlikdə yaşamağı öyrənir və buna nail olurlar. Çəkilişlər uzun hazırlıqdan sonra, 1976-cı ildə başladı.
Xenk və onun xanımı rollarını rejissor özü və həyat yoldaşı ifa etdi. Onların uşaqlarını isə məşhur aktrisa Meloni Qriftin uşaqları ifa etdilər.
Filmdə iştirak edən şir təlimçisi Ron Okslinin dediyinə görə, çəkilişlər zamanı şirlərlə eyni həyətdə qalıblar. Heyvanlar qəfəsə salınmayıb.
“Onlar bizi rahatlıqla yeyə bilərdilər. Biz hamımız özümüzü çox narahat hiss edirdik. Heyvanların heç biri təlim görməmişdi, 132 şir, 10 fil, çoxlu sayda dəvəquşu ilə bir çəkiliş meydanında olmaq asan iş deyildi”,- deyə heyvan təlimçisi müsahibələrindən birində qeyd etmişdi.
Rejissor sonralar etiraf etmişdi ki, vəhşi heyvanları çəkiliş meydançasına qeyri-leqal yollarla Amerikaya gətirib və orda saxlayıb. Çəkilişlərin bir hissəsi Afrikada, əsas hissəsi isə Nyu-Meksikada, Soledad kanyonunda aparılıb. Burda uyğun dekor qurulub, heyvanlar Afrikadan gətirilib. Film üçün 3 milyon büdcə ayrılıb. 70-ci illər üçün bu çox böyük məbləğ sayılırdı. Lakin hər şey planlaşdırıldığı kimi getmədi, xərclər artıqca artdı. Film 17 milyon dollara başa gəldi. Bir gün baş verən yanğın zamanı 3 şir qaçdı (sonralar polis onları güllələməli oldu). Ciddi borclara baxmayaraq, Marşall filmin çəkilişlərini dayandırmırdı. Çəkilişlər zamanı şirlərdən biri onun ayağını möhkəm dişlədi, rejissorun ayağı qanqrena verdi. Marşall bu travmanı ömrünün axırına kimi yaşamalı oldu. Lakin bu, onun vəhşi pişiklərdən aldığı ilk zərbə deyildi. Bir dəfə əlini, bir dəfə də boğazını şirin ağzından dartıb çıxarmışdılar. Aktrisalardan birinin üzünü, operatorun isə başını şir gəmirdiyinə görə, onlar çəkiliş meydançasını tərk etdilər. Rejissorun qızı Meloni şir tərəfindən parçalanmış üzünü estetik əməliyyat etdirməli oldu. Çəkiliş meydançasındakı 100 nəfərin demək olar hamısı travma almışdı. Əvvəl həvəslə çəkilişə gələn 20 nəfər qorxub qaçmışdı.
“Nərə” filminin titrlərində “Bu film çəkilərkən heç bir heyvana zərər dəyməyib. Amma insanlar haqqında bunu demək olmaz” yazılmışdı.
Çox sonralar Marşall filmi hansı ağılla çəkdiyini, niyə belə riskli addım atdığını anlamadığını, peşman olduğunu demişdi.