Sarı Aşıq və Yaxşı – Milli “Romeo və Cülyetta” mız…
18 avqust 2021 16:05 (UTC +04:00)

Sarı Aşıq və Yaxşı – Milli “Romeo və Cülyetta”mız…

“Qəribədir, burada “mir” yazılıb, bu abidə sülhü tərənnüm edirdi. Vəhşi düşmən bunu da sökübdür. Onu da söküb, bu binanı da söküb, hər tərəfi söküb. Biz bütün yerləri yenidən bərpa edəcəyik, yenidən həyat qayıdacaq”.

Bu günlərdə ölkə başçısı İlham Əliyev və vitse-prezient Mehriban Əliyeva Kəlbəcərə və Laçına səfər edərək, region üçün olduqca vacib bir neçə layihənin təməlini qoydular. Səfər zamanı ölkə başçısının ən çox diqqətini çəkən amillərdən biri, Kəlbəcər və Laçındakı dəhşətli dağıntılar və vandalizm aktları oldu. Prezident bölgədəki bütün mədəniyyət abidələrinin, binaların, evlərin sökülüb, dağılıb yağmalanmasını ürək ağrısı ilə seyr edir və bu barədə danışırdı.

Hazırda Beynəlxalq Aeroportun təməli qoyulan Laçında, vaxtilə ən məşhur mədəniyyət abidələrindən biri də Laçınlı əfsanəvi Sarı Aşığın məzarı idi. 1989-cu ildə isə Laçının Güləbir kəndində, yəni Aşığın doğulduğu kənddə onun xatirə muzeyi istifadəyə verilmişdi. Muzeyin əsas işi Sarı Aşığın zəngin irsini yaşatmaq, onun bayatılarının, deyimlərinin itib-batmağa qoymamaq, gələcək nəsillərə çatdırmaq idi. Amma otuz il əvvəl Qarabağı bürüyən bəla, Sarı Aşığın məzarı və muzeyindən da yan keçmədi.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edildi.

Müharibəyə qədər Laçının Güləbird kəndində iki məzar vardı. İnsanlar bu məzarların üstünə ziyarətə gələrdilər. İllər, onilliklər, yüz illər keçir, insanlar isə bu məzarların üstünə gəlib, içində yatanlara dua oxuyur, onların ölümünə bais olanları lənətləyirdilər. 

Məzarın biri müsəlman adətlərinə zidd olaraq, qibləyə doğru deyil, əksinə çevrilmişdi. Amma bu, məzarların əfsanəsindən xəbərdar olan insanları zərrəcə narahat etmirdi. Əksinə, övladlarını bu ziyarətə gətirənlər tərsinə qoyulmuş bu məzarın tarixçəsini öz övladlarına bir bayatı ilə nəql edirdilər. Əsrlərdir ki, bir sevgi əfsanəsini izah edən bu bayatı dildən dilə, nəsildən nəslə keçirdi:

Mən Aşıq, tərsinə qoy,
Tər təni, tər sinə qoy.
Yaxşının qibləsinə
Aşığı tərsinə qoy…

Bu bayatı, müxtəlif versiyalara görə on dörd-on yeddinci illər arasında yaşamış, daha çox bayatı ustası kimi tanınan Sarı Aşığın öldüyü gün deyilmişdi. 

On dörd – on yeddi əsrlər arasındakı bir zaman kəsiyində, Laçının indiki Güləbird kəndində bayatıları ilə məşhur olan bir Sarı Aşıq yaşayırdı. Kədərli, hüzünlü məzmununa görə bayatı o zamanlar “qadın işi” adlandırılırdı.

Buna görə də, bayatı deyən Aşıq tez-tez qınaqlara tuş gəlirdi. Amma o bunlara fikir vermir, “kədərin qadını-kişisi olmaz” deyib, xalq arasında gündən-günə məşhurlaşan bayatılarını qoşmaqda davam edirdi. 

Sarı Aşığın hüznünün səbəbi heç cür qovuşa bilmədiyi sevgilisi Yaxşı idi. Aşığın öz ailəsi və Yaxşının atası gənclərin evlənməsinə razı olsalar da, qızın qardaşları İmanla Fərman (bəzi versiyalara görə sadəcə İman) bu nikaha razı deyildilər. Amma aşiqlər yenə görüşməyə davam edir. Sarı Aşığın atası onu evdən qovur, Yaxşını isə qardaşı İman başqa adama ərə verməyə çalışır. 

Sarı Aşığın məcnunvari həyatı başlayır. Ailəsindən uzaqda, Həkəri çayı sahilində bir sadə daxma tikib orda qalır. Aşiqlər ancaq aradabir gecələr, çay sahilində görüşə bilirlər. Həkəri çayının sahilləri sevgililərin görüş yerinə çevrilir. 

Rəvayətlər bu aşiqlərdə əyan olma, hissetmənin olduqca güclü olduğunu deyir. Yaxşı daxilən Sarı Aşığı səsləyəndə və ya arzulayanda Aşıq orada hazır olur. Eynilə də Sarı Aşıq iztirablı anlar keçirəndə Yaxşı o an Aşığın yanında olur. Beləliklə, iki gəncin uzun illər davam edən hicranlı günləri vüsala qovuşmur. Onlar da Leyli və Məcnunun, Əsli və Kərəmin, Arzu və Qəmbərin nakam dünyasına qovuşurlar. 

Sevgilisi Yaxşının öldüyünü görən Aşıq daha yaşamaq istəməmiş, onu dəfn edəcək insanlara üzü qibləyə tərəf deyil, sevgilisini görsün deyə, Yaxşının qibləsinə basdırılmağını xahiş etmişdi. Müsəlman qaydalarına zidd olsa da, yerli camaat sevgisi əfsanəyə çevrilmiş Aşığın son arzusuna hörmətlə yanaşmış, onu Yaxşının qibləsinə dəfn etmişdilər.  

Camaat bu aşiqlərə pislik edənləri bağışlamır. Yaxşının qardaşı İmanın adını dəyişib, “Yaman” yəni “pis” deyə çağırırlar. Hətta rəvayətlərdən birinə görə, Yaman pis yara, yəni yaman yara çıxarıb, ölür. Aşıqla Yaxşının üzbəüz məzarı isə xalqın ziyarətgahına çevrilir. Hətta uzaq vilayətlərdən gəlib bu qəbri ziyarət edirlər. Dürlü-dürlü əfsanə və rəvayətlər Aşığın həyatını fantastik bir aləmlə bağlayır.

Diqqət yetirək ki, bu hadisələr Qərbdə “Romeo və Cülyetta” kimi sevgi əfsanəsinin hələ qələmə alınmadığı illərdə baş verir. Coğrafiya sarıdan bəxtimiz gətirsəydi, zamanında bu hekayəti dünyaya çıxarmaq bacarığında yazarlarımız olsaydı, Aşıqla Yaxşının dastanı Şərqin “Romeo və Cülyetta”sı ola bilərdi. Özü də, nəzərə alaq ki, bu dastandakı personajlar tarixi şəxsiyyətlərdir. 

Klassik Azərbaycan ədəbiyyatı tarixində məzmunu və bədii müstəsnalıq baxımından Sarı Aşığın bayatıları çox fərqli yer tutur. Aşığın bayatılarının xeyli hissəsi sevgilisi Yaxşının adı ilə bağlıdır və bu bayatılarda Yaxşının adı xatırlanır. Aşıq da Məcnun kimi, ömrünün çox hissəsini çöllərdə keçirib. Bir tərəfdən sevgi iztirabları, digər tərəfdən vətən həsrəti, yerli bəylərin sərt rəftarı Sarı Aşığın bayatılarında hüzn, kədər motivlərini daha da gücləndirib.

Özü və sevgilisi barədə olan “Yaxşı-Yaman”, “Yaxşı-Aşıq” dastanları da məhz Sarı Aşığın bayatıları əsasında yaradılıb. Həmin dastanları və dastana düşməyən digər bayatıları diqqətlə izlədikdə Yaxşı ilə Sarı Aşığın həyat yolunun müəyyən izləri aydınlaşır. Bu bayatılarda Aşığın Yaxşını hər gün görməyə can atması, iztirabları, Yaxşı ölərkən dediyi ağılar, özünün bayatı ilə elədiyi vəsiyyətlər bir-birini ardıcıl izləyən həyat hekayətidir. 

Sarı Aşıq bayatı sənətini ən çox populyarlaşdıran şəxsiyyətdir və ondan sonra insanların bədahətən qoşduqları bayatıların çoxu məhz Sarı Aşığın bayatılarına bənzərliyi ilə seçilir. Bu baxımdan, onu bayatının meyarı hesab etmək olar.

Birinci Qarabağ Müharibəsi zamanı bir çox tarixi abidələrimizlə yanaşı, Sarı Aşığın da məzarı işğalçı Ermənistan ordusu tərəfindən dağıdılıb. 

Bu gün bizim öhdəmizə düşən, təkcə bu məzarın bərpası deyil, həm də Sarı Aşığın populyarlığını dəstəkləmək, onun bayatıları əsasında qoşulan sevgi dastanını, milli “Romeo və Cülyetta”mızı yenidən işləmək və dünyaya tanıtmaqdır. Biz Sarı Aşıq kimi tarixi şəxsiyyətlərimizin yaradıcılığını, həyatını həm də ona görə dərindən tədqiq etməli, müxtəlif dillərə çevirməliyik ki, belə şəxsiyyətlər bizim Laçına, Qarabağa aid olmağımızın daşdan keçən sübutlarıdır.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8289
avatar

Oxşar yazılar