Bu gün azad ruhlu şairimiz Rüstəm Behrudinin yubileyidir, 65 yaşı tamam olur.
Yaradıcılığında millətinin öz köklərinə qayıdışının önəmindən müntəzəm olaraq bəhs etmiş şair, şamanizm, dərvişlik kimi fəlsəfi məqamlara xüsusi diqqət yetirmiş, sətirlərində ruhunun üsyanlarını ən zərif, ən poteik şəkildə dilə gətirmişdi.
O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.
Onun "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabı çox məşhurdur "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" şeir kitablarının, müəllifidir.
Yubiley günü şairdən xalqı üçün xeyir-dua almaq istədik, arzularını dinlədik. Yubiley günü Rüstəm Behrudi Lent.az-a arzularını bu şəkildə dilə gətirdi. Hərçənd bu arzularda yenə o özü yox idi, bütöv Azərbaycan var idi, Turan var idi.
“Təbrikiniz üçün sağ olun. Bu yaşımda nə arzum var? Arzu edirəm ki, ömür bitmədən bütöv Azərbaycanı görə bilim. Uşaqlıqdan bu arzu var ürəyimdə. Biz Araz çayı boyunca Naxçıvandan üzü bəri gələndə tikanlı məftillərin, Arazın o tayında qalan yarı canımızı görürdüm, ölmədən bir bütöv olmağımızı görməyi nəsib etsin Allah.
Mənə elə gəlir, o günə çox qalmayıb. İkinci arzum bütün türk dünyasının bir Turan bayrağı altında birləşdiyini görməkdir. Turan arzum mənim bitməyən böyük sevgimdir. Və bir də xalqımı sülh içində, firavan yaşayan görmək istəyirəm. Xalqımız buna layiqdir, istəyirəm azərbaycanlılar daha gözəl günlər yaşasınlar”