Rejissor Elməddin Alıyev: “Avropada festivallara düşmək çətin məsələdir”
22 dekabr 2015 19:48 (UTC +04:00)

Rejissor Elməddin Alıyev: “Avropada festivallara düşmək çətin məsələdir”

“Son işimiz olan “İşıq gələn tərəf” filmi Parisdə keçirilən “13-cü İnternational Festival Signs of the Night” film festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.  Fransada, ümumiyyətlə, Avropada festivallara düşmək çətin məsələdir. Bu film eyni zamanda fevral ayında keçiriləcək “Klermon-Feran” film festivalında da nümayiş olunacaq”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, rejissor Elməddin Alıyev deyib.

 

O qeyd edib ki, “İşıq gələn tərəf” onun yaradıcılığında ən qısa filmdir: “Bundan öncə, Xəyyam Abdullayevlə birgə 5 film çəkmişik. Bir çox beynəlxalq festivallarda iştirak etmişik, mükafatlar qazanmışıq. Biz ilk növbədə Azərbaycanı təmsil edirik. Hər bir ölkə çalışır ki, bir kino obrazı yaratsın. Biz də öz adımıza buna çalışırıq – Azərbaycan obrazını yaratmaq istəyirik. Tammetrajlı film çəkməyi planlaşdırırıq. Bir çox ideyaları cəmləşdirərək, yenə də Azərbaycanı göstərmək fikrimiz var. Bu film də festival üçün nəzərdə tutulub, uğurunu gözləyirik”.

 

Debüt filmlərdən də bəhs edən rejissor, “Nəfəs” adlı ilk filminin 2007-ci ildə lentə alındığını qeyd edib: “Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” layihəsi çərçivəsində ərsəyə gəlib. İlk olaraq, ssenarini təqdim etdik və qalib olduq, sonra isə film çəkildi. İlk filmimiz olmasına baxmayaraq, burada xalq artisti Amaliya Pənahova çəkilib. Uzun müddətdən məhz bizim filmimizdə çəkilməyə razı olması bizi çox sevindirdi. Eyni zamanda, Loğman Kərimov da rol alıb. Rusiyada keçirilən “Kinoşok” festivalında nümayiş olunub və kino tənqidçiləri tərəfindən maraqla qarşılanıb. Burada Vəfa Zeynalova da rol alıb”.   

 

Verilişin digər qonağı, rejissor Xəyyam Abdullayev də ərsəyə gətirdikləri son film barədə danışıb: “Klermon-Feran” film festivalı qısametrajlı film festivalları içərisində xüsusilə əhəmiyyətlidir. A kateqoriyalı festivaldır. Belə bir nüfuzlu festivala düşmək bizim üçün böyük uğur deməkdir. Ümumiyyətlə, hər bir filmin festival həyatı olur. Düşünürəm ki, son filmimiz olan “İşıq gələn tərəf” uzunömürlü olacaq. Çünki mövzu aktualdır. Növbəti illərdə daha da uğur gətirəcəyinə inanırıq. Bir məqamı da qeyd edim ki, filmin tammetrajlı, yaxud qısa metrajlı olması o qədər də önəmli deyil. Əsas odur ki, filmin süjeti nəyisə ifadə etsin. Həm də festivallarda uzun filmləri sevmirlər. Qısa zamanda demək istədiyini ifadə etməlisən. “İşıq gələn tərəf filmi”nin xronometrajı 8 dəqiqədir. Düşünürəm ki, bu 8 dəqiqədə 80 dəqiqəlik müddətdə deyiləcək fikri, dramaturgiyanı özündə ifa də edən filmdir”.

 

Rejissor bildirib ki, milli adət-ənənələrimizi nümayiş etdirmək, eyni zamanda kinematoqrafiyamızın bu gününü göstərmək baxımından beynəlxalq kino festivallara dəvət almaq mühüm əhəmiyyət kəsb edir: “Əsasən, müəllif filmləri çəkirik. Müəllif kinosunun isə böyük auditoriyası olmur. Film bu gün çəkilir, sabah tarixə çevrilir. Bizim filmlərimiz Azərbaycan psixologiyası, mentaliteti, adət-ənənəsi üzərində qurulub. Ekran əsərlərinə baxanda Azərbaycan filmi olduğu bilinir. Festivalların keçirilməsi o baxımdan önəmlidir ki, Azərbaycan filmləri də nümayiş olunur. Festivallarda müxtəlif dövlətlərdən gəlmiş rejissorlar iştirak edir. Azərbaycan filminin, rejissuramızın inkişafını göstərmək baxımından festivallara dəvət almaq çox önəmlidir”.  

 

Qonaq lentə aldıqları filmlər haqqında məlumat verib: “İlk növbədə “Məryəm” filmi haqqında danışmaq istərdim. Çünki bu ekran əsəri həqiqətən, orijinaldır. Filmin qəhrəmanı rəssam Məryəm xanım özü də orijinal insandır. Filmin ssenari müəllifi xalq yazıçısı Elçindir. Filmin orijinallığı ondadır ki, bu üslubda işlər azdır – sürrealistik elementləri özündə əks etdirir. Elçin müəllim ssenarini yazmışdı, amma rejissor seçimində yalnız bizim işlərə baxdıqdan sonra bizi seçib. Düşürürəm ki, işin öhdəsindən gəlmişik. Filmoqrafiyamız baxımından zaman keçdikcə qüsursuzluq baxımından özəlliyini qoruyacaq. Yeri gəlmişkən, bu film “Humay” Milli Mükafatına layiq görülüb” . 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar