Rəhim Rəhimlinin  dediyi kimi də oldu: “Ölüb gedəcəm...”.
30 sentyabr 2022 15:04 (UTC +04:00)

Rəhim Rəhimlinin dediyi kimi də oldu: “Ölüb gedəcəm...”.

“Başım ağrıyor”, “Ay maşallah, iri-iri gözlərin”, “Yollarına lalələr düzərəm”...

Hə, yəqin ki, bildiniz söhbət kimdən gedir. Ekstravaqant tərzi ilə daima gündəmdə olan Rəhim Rəhimli...

O, müsahibələrin birində ondan geriyə heç nə qalmayacağından şikayətlənmişdi:

“Mənim, ümumiyyətlə, heç bir şeyim yoxdur. Heç “Youtube” kanalım, “İnstagram”ım, bir arxivim yoxdur. Ölüm-itim dünyasıdır, sabah, biri gün ölüb gedəcəm, amma heç nəyim yoxdur".

Düz demişdi, ölüm-itim dünyasıdır. Dediyi kimi də oldu. Bu gecə dünyadan köçdü... 

Rəhim Rəhimli 1979-ci il dekabrın 28-də Ağdam şəhərində dünyaya göz açmışdı. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru kimi fəaliyyət göstərib. Azərbaycanın estrada müğənnisi Rəhim Rəhimli ən çox bəstəkar kimi tanınırdı. Onun ilk bəstəsi Əliağa Vahidin qəzəlinə yazılıb. Şairlərdən Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Vahid Əzizi oxuyan müğənni bir çox dillər əzbəri olan mahnının bəstəkarıdır. 

Şəxsi həyatı barədə danışmağı sevməyən sənətçi "Gözümün içinə bax" adlı mahnısını sevdiyi xanımın qapısının önündə yazdığını etiraf etmişdi. O, bu məsələni belə nəql edib:

“Münasibətimiz pozulmuşdu. Qapını döyürdüm, açmırdı. Elə həmin vaxt xanımın qapısının ağzında yazdım". 

Fərqli sevgi münasibətləri yaşayan Rəhim, verilişdə şou-biznes nümayəndələrindən biri ilə 3 il eşq yaşadığını açıqlamışdı. Amma hələ də onun kimliyi məlum olmayıb. 

Həmçinin, Rəhim Rəhimli bir zamanlar həyatında olan qadının ona xəyanətindən də danışıb:

“Bizi bir yerdə görənlər, deyirdi ki, Rəhim sən çox çılğınsan, sevgilin sakitdir. Amma sonradan onun əsl üzü ortaya çıxdı. Bir neçə il öncə mən işimlə bağlı ölkəni tərk edəsi oldum. Qayıdanda o artıq əcnəbi vətəndaşla ailə həyatı qurmuşdu. Demək ki, onun sevgisi dərin deyildi. Ondan sonra qəlbim qırıldı, sevə bilmədim”.

Müğənniliklə yanaşı aparıcılıq fəaliyyəti ilə məşğul olan Rəhim Rəhimli ürəyində kimsə olmasa mahnı yaza bilmədiyini deyib: 

“Ürəyimdə kimsə olmasaydı, həyat davam etməzdi və yeni mahnılar yazılmazdı".

Bəstəkar sağlığında bu günə qədər sirli qalan, hər kəsin müxtəlif şəkildə fikirləşdiyi 20 il bundan əvvəl ölkəni tərketmə səbəbi barədə də açıqlama verib.

O gediş səbəbini ölkədən incidiyi ilə əlaqələndirib:

“Hər kəs müxtəlif fikirlər səsləndirir bu barədə. İlk dəfə açıqlayacam. Məcburi, kiminsə təkidi ilə getməmişəm. Sadəcə bəzi insanlarla aramda sözümün çəp gəlməsindən incimişdim. Buna görə ölkəni tərk etdim. Ancaq gedəndə 5 günlük, 1 həftəlik düşünürdüm. Elə olmadı… 5 il qaldım… Və etiraf edim ki, hamı Türkiyədə olduğumu zənn etsə də, orada deyil, Moskvada oldum uzun müddət”.

Bundan başqa, ifaçı-bəstəkar ötən illərdə qonaq olduğu verilişdə 3 dəqiqə ərzində ona ünvanlanan 33 sualı cavablandırmağa çalışmışdı.

Rəhim bu suallar ilə bir neçə sirli məqamı açıqlayıb. O gizli məlumatlardan biri də oğurluq etməsi ilə bağlı olub. Belə ki, sənətçi “Oğurluq etmisən?” sualına “Etmişəm” cavabını verib. 

Bu da belə... Geyim tərzi ilə daha çox diqqət şəkən Rəhim Rəhimli sentyabrın 30-u gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Sənətçi “Yollarına lalələr düzərəm” deyərək ölümü ilə “Bəyaz örtülər örtdü əşyaların üstünə...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14148
avatar

Fidan İlqar

Oxşar yazılar