“Qız”ın iki adaxlısı var – Kinonun bitməyən DƏRDİ
13 noyabr 2023 16:17 (UTC +04:00)

“Qız”ın iki adaxlısı var – Kinonun bitməyən DƏRDİ

Noyabrın 4-də Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub. Bildiyimiz kimi o, ləğv olunmuş Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri idi. 

Ləğv olunmuş digər qurum, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovanın namizəd olub-olmaması ilə maraqlandıq. Çünki bir neçə gün öncə Şəfiqə xanım  Lent.az-a noyabrın 7-də iclas keçirib namizədlərin irəli sürəcəklərini demişdi. İclasın nəticəsini Şəfiqə xanımın özündən öyrənmək istədik. Məlum məsələdir, çox zaman vəzifə adamları giley-güzar edirlər ki, bir mövzu olanda özümüzdən soruşun, filan… 

Şəfiqə xanıma zəng etdik, həmişəki kobudluqla sərt bir cavab verib, telefonu üzümüzə bağladı. Əslində buna cavab da demək olmazdı. Bundan öncəki zəngimizdə də söhbətimiz eyni şəkildə “dava modunda” olmuşdu. Hətta xanımı sakitləşdirib, bacardıqca mülayim şəkildə izah etdim ki, bu bir jurnalistin vəzifə adamına olan sualıdır. Soruşmaq jurnalistin işidir, vəzifə adamının da cavab vermək məsuliyyəti var.

Madam ki, o cavab vermir, biz də öz bildiklərimizi deyək. Əldə etdiyimiz məlumata görə, Şəfiqə xanıma Mədəniyyət Nazirliyindən, yüksək məqamlardan bildirilib ki, ləğv olunmuş bir qurum olaraq siz nə haqla seçki keçirirsiniz? Seçki, filan olmayacaq, Kino Birliyinə artıq namizəd var. İddialara görə, bu namizəd Cəmil Quliyevdir. Nə Şəfiqə xanım, nə də Rasim Balayev bu namizədin gəlişinə məmnun deyillər.

Yaşları yetmişi adlamış, söz düşəndə səhhətlərindən şikayət edən bu iki sənətkar nə məsələdirsə mütləq şəkildə sədr olmaq istəyirlər. Bəyəm başqa namizəd yoxdur? Gənclər bu işə layiq deyillər? Şəfiqə xanıma hələ telefon vasitəsilə tabeliyində olmayan media nümayəndəsi söz deyə bilmirsə, əlinin altında işləyən nəsə deyə bilər? 

Anlaşılandır, hər ikisi ömrünü sənətə vermiş adamlardır. Lakin mən burda əsla onların sənətkarlığına söz demirəm. Sadəcə “kreslo  yorğun insanlara niyə bu qədər şirin olub?”, o suala cavab tapmaq istəyirəm.

Başqa sualım da var. Mədəniyyət Nazirliyi hələ yayda iki ittifaqın da ləğv edilib bir qurum halına gətirdiyini elan edibsə, ləğv olunmuş qurumlar hansı haqla seçki keçirirlər, bu nə qədər düzgündür, qanunidir? Onların ləğvini artıq Ədliyyə Nazirliyi də təsdiq edib. Sual verəndə deyirlər sənədləşmə işləri davam edir.  Heç Almaniya kapitulyasiya edəndə sənədləşmə işləri bu qədər zaman almamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5847
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar