Qafqaz Albaniyasına aid daha bir abidə TAPILDI
20 dekabr 2021 05:49 (UTC +04:00)

Qafqaz Albaniyasına aid daha bir abidə TAPILDI

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində 2021-ci ilin noyabr-dekabr aylarında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi əməkdaşı, tarixüzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun elmi rəhbərliyi ilə “Elmi-arxeoloji qazıntılar və payız məktəbi” adlı layihə həyata keçirilib.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğundan Lent.az-a daxil olan məlumatda deyilir: “Qoruğun təşəbbüsü ilə təşkil edilən layihə və kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar artıq yekunlaşıb.

Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar əsasən iki istiqamətdə aparııb. Birinci istiqamət, Göyəzən dağında yer səthindən təqribən 400 m hündürlükdə yerləşmiş, düzbucaqlı olmayan qaya parçalarından inşa edilən 7 bürclü Göyəzən qalasının tədqiqi olmuşdur. İkinci istiqamət, Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş gətirilmə sal və qaya parçalarının olduğu ərazidə arxeoloji qazıntılarla kəşfiyyatın aparılması idi. 
Birinci istiqamət üzrə Göyəzən qalasında müxtəlif məqsədli iki tədqiqat aparıldı: birincisi, qalanın sahəsinin ölçülməsi, ikincisi, qalanın inşa dövrünün müəyyən edilməsi. Ölçmələrdən bəlli oldu ki, qalanın bürcləri 6 m diametrindədirlər. Bürclərin mövcud hissələri təqribən 4 m hündürlüyə malikdir. Qalanın ərazisi trapesiya şəkillidir, cənub-şərqdəki giriş hissəsi iki bürc də daxil olmaqla 17m, şimal-qərbdəki divarı (bürclər də daxil olmaqla) 41 m uzunluqdadır. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divarın uzunluğu, beş bürc də daxil olmaqla 111 m-dir. Bürclər arasında divarların uzunluğu 20-22.5m arasında dəyişir. Qalanın dağa dayaqlandığı arxa hissəsinin uzunluğu 99 m-dir. 
Qalanın inşasının tarixini müəyyən etmək üçün giriş hissəsinin şimal bürcünün ətəyində 9 (3x3) kv.m sahəsi olan şurf qoyuldu. Qazıntılar zamanı müəyyən edildi ki, qalanın bürclərinin ətrafları da qalanın tikintisində istifadə olunmuş səthi cilalanmamış qaya parçaları ilə doldurulub. Bu çeşidli üsul orta əsrlərdə bürc və divarların bərkidilməsi üçün istifadə olunurdu. Həmçinin, zamanla bürc və divarlardan qopan qaya parçaları da bərkidici daş kütləsini artırırdı. Şurfdan çıxarılan qaya parçaları arasında orta əsrlərə xas olan 200 ədəddən çox yerli şirli və şirsiz keramika fraqmentləri aşkar edildi. 
Göyəzən qalasında sovet dönəmində ilkin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova aparmışlar. Amma göstərilən abidə ərazisində 1960-1962-ci illərdə arxeoloji tədqiqatlar aparmış erməni arxeoloqlar SSRİ və dünya elmi çevrələrində guya bu qalanın “qədim ermənilər” tərəfindən inşa edilməsi barədə saxta fikirlər yayıblar. Onların dəlil kimi gətirdiyi mənbələrin heç birində qalanın ermənilər tərəfindən inşası və ya istifadəsi, həmçinin, qalanın coğrafi lokallaşması və adlanması barədə dəqiq məlumat yoxdur. 
Cari arxeoloji tədqiqatlar göstərdi ki, qalanın özülündə qədim bir bünövrə olmamış, qala bölgənin islam dövrü qala inşa qanunları ilə tikilib və erkən orta əsrlərə aiddir. Qazıntı zamanı tapılmış yanmış ağac qalıqları qalanın inşa dövrünün nisbətən daha dəqiq müəyyən edəcək radiokarbon analizləri üçün götürüldü. Qalanın ot və torpaq örtüyündən təmizlənməsinə, ərazisində daha geniş arxeoloji təqiqatların aparılmasına ciddi ehtiyac vardır. 
Qeyd edək ki, qaladan daha 200 metr yüksəklikdə tam fərqli memarlıq üsulu ilə tikililər görünməkdədir. İlkin rəyə görə, kub formalı cilalı daşlardan hörülmüş bu divarlar çox ehtimal ki, antik və ya erkən xristian dövrü sakral xarakterli ibadətgahlar və sığınacaqlar olmuşlar. Nəzərə alınmalıdır ki, bu tikililərə gedən cığırların təbii aşınması onlarda tədqiqatların aparılmasını çətinləşdirir.
Göyəzən dağının şimal-qərb ətəyində arxeoloji tədqiqatlar şərqdən qərbə tərəf sahələri 25 (5x5) kv.m olan üç kvadratdan ibarət qazıntı sahəsi yaradıldı. 1 saylı  kvadratda nəzərə çarpacaq hər hansı bir tapıntı qeydə alınmadı. 2 saylı kvadratın şərq divarının ortasında başı qərb istiqamətində olmaqla şərqə tərəf beli üzərində uzadılmış skelet aşkarlandı. Sinəsində əlləri çarpaz qoyulmuş skeletin dəfn istiqamətinə əsasən tabutsuz xristian adəti üzrə dəfnin icra edildiyini bildirmək olar. 
3 saylı kvadratda aparılmış tədqiqatlar daha çox nəticələr verdi. Kvadrat ərazisində 12 torpaq qəbirdə insan dəfni aşkar edildi. 9 skeletdə əllərin sinə üzərində çiyinlərə doğru, çarpaz qoyulması, tabutun əlamətlərinin olmaması, şimal-qərbdən cənub-qərbə beli üzərində istiqamətlənmə birbaşa Qafqaz Albaniyasının orta əsrlər dəfn ənənəsini təkrar etməkdədir. Daha bir skelet biri sol çiyini üzərində lakin xristian adəti üzrə dəfn edilmişdir. Digər skeletin sağ əli çiyinə doğru, sol əl isə, ona paralel lakin sağ çanağa doğru istiqamətlənmişdi. Oxşar analogiyalar Azərbaycan ərazisindəki xristian alban abidələrində (Qəbələ, Ağdamdakı Gavurqala, Mingəçevir və s.) aşkar edilib. Stratiqrafik baxımdan dəfnlər alban xristianlığının müxtəlif mərhələlərini əks etdirən orta əsrlərdə icra olunmuşdur. Xüsusilə, 3 saylı kvadratın cənub-qərb hissəsində digər qəbirlərdən 30-40 sm dərinlikdə daş qutu qəbirin aşkar edilməsi ərazidə ardıcıl olaraq yüzilliklər boyu Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə ilk orta əsrlərdə erkən alban xristianlığı üçün xas olan tərzdə dəfn (bel üzərində şimaldan qərbə istiqamətdə, lakin əllərin çarpaz qoyulmadan, böyürlər üzrə uzadılması) qeydə alındı. Dəfnlərdən tunc, mis və dəmirdən az sayda sırğalar, üzüklər, düymələr aşkar edilmişdir. 
Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun  bildirdiyinə görə, hal-hazırda Balakən rayonunun Tülü kəndində albanşünas arxeoloq Natiq Alışov tərəfindən aşkar edilmiş alban xristianlarının çoxtəbəqəli nekropolunda da eyni dəfn adətləri izlənilməkdədir. Lakin Tülü kilsəsi ətrafında nekropoldan fərqli olaraq Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş nekropolda dəfn edilmiş xristian albanlar zəngin elitar təbəqəyə aid deyildilər. Bu ərazidə uzun müddətli alban xristian nekropolunun olması bu yerlərin xristianlıqdan öncə də sakral bir məkan kimi qiymətləndirilməsini göstərir. 
Arxeoloq Pərviz Qasımovun  ilkin ehtimalına görə, bu ərazidə möhtəşəm alban xristian dini məbədi olub: “Daş qutuda dəfn isə, daha erkən alban xristian dövrünə aid dini liderə məxsus idi. Belə ki, torpaq dəfnlərdə yaşlı, gənc və üzəri daş və ağac parçası ilə örtülmüş yeniyetmə (uşaq) qalıqları izlənilir. Mümkündür ki, biz qədim Qazax ərazisində suriyalı xristian missioneri Davidin təbliğatı ilə xristianlığı qəbul etmiş türkdilli sabir/savir ellərində xristianlığın formalaşmasının mərhələlərini göstərən mühüm abidə ilə üzləşmişik. Albanşünas arxeoloq Natiq Alışova görə, islamın gəlişi ilə Qafqaz Albaniyasının xristian mərkəzi (yepiskopluğu) məhz öz yay iqamətgahı kimi müasir Qazax ərazisini seçir. Bu isə, erkən islam dövründə Qazax ərazisinin Qafqaz Albaniyasının dini-siyasi tarixində mühüm yerini göstərməkdədir”. 
Aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm  abidənin aşkar edilməsi ilə nəticələnib. 75 kv.m olan qazıntı sahəsinin GPS koordinatları götürülmüş, geodezik cihazlarla ölçmələr aparılmışdır. Soyuqların düşməsi və yağıntıların çoxalması ilə əlqədar gələcəkdə arxeoloji qazıntıların genişləndirilməsi üçün abidənin konservasiyası aparıldı. Radiokarbon tarixlənmə, izotop və arxeogenetik analizlər üçün nümunələr götürüldü. 
“Avey” Dövlət tarix-mədəniyyət Qoruğunun Göyəzən filialında elmi-arxeoloji qazıntılar və payız məktəbi” layihəsi çərçivəsindəqoruq ərazisinə turlar təşkil edilmiş, məktəbli və tələbələr üçün master klasslar göstərilmişdir. Təşkil edilən bu turlar çərçivəsində qoruq ərazisinə arxeoloji qazıntılarla maraqlanmaq, gələcəkdə buranı kompleks tədqiq etmək üçün bir sıra mütəxəssislər - Sənətşünaslıq üzrə elmlər doktoru, dossent, Bakı Beynəlxalq Multukulturalizm mərkəzinin üzvü, Özbəkistan Respublikasının Turon Elmlər Akademiyasının həqiqi üzvü BDU-nun Qazax filialının əməkdaşı İmaş Hacıyev, BDU-nun dosenti t.ü.f.d. Yunis Nəsibli, Tarixçi-etnoqraf, jurnalist İsmayıl Umudlu, t.ü.f.d. Bəhmən Faziloğlu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı m.ü.f.d. Rizvan Qarabağlı, AMEA-nın əməkdaşı t.ü.f.d.  Anar Ağalarzadə, antropolq Vüsal Həsənov dəvət edilmişdir. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin təşkilatçılığı ilə qazilər və döyüşçülər də Göyəzən dağında aparılmış arxeoloji qazıntı sahəsində olmuşdurlar”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2355
avatar

Oxşar yazılar