Bu gün xalqımızın böyük sənətkarı, muğam ustası Xalq Artisti Arif Babayevin yubileyidir. Böyük sənətkarın 85 yaşı tamam olur. Haqqında uzun-uzadı məqalə də yazmaq olardı, dosye təqdim etmək də. Amma Lent.az adından təbrik etmək gəldi ürəyimizdən.
“Hamıya çox sağ olun deyirəm. Yad edən hər kəsə minnətdaram. Bu gün telefonum susmayıb. Təbrikləri eşidib cavanlaşmışam. Özümü elə illər öncəki kimi hiss edirəm. Xalqım həmin xalqdır, mən də həmin Arifəm”,- deyə muğam ustası bildirdi.
O qeyd etdi ki, bu axşam Mədəniyyət Nazirliyinin təşkilatçılığı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində yubiley konserti keçiriləcək.
Həmişəki kimi baməzə söhbəti də əskik olmadı...
“Bəzi müxbirlər məni 10 dəfə öldürüb-diriltdilər. Onların acığına 85 yaşa qədər yaşadım. Ölümdən qorxmuram. Layiqli adını qoruyub saxlamaq hər insana nəsib olmur. Bunu bacardım Ən böyük arzum Ağdamı, Şuşanı görmək idi, gördüm. Vətən torpaqları azad olunub, daha Allahdan nə istəyim? Balalarımız sülh və əmin-amanlıqda yaşasınlar. İstəyim budur”, - deyə Arif Babayev qeyd edib.