"Hiss edirəm ki, içimdə bir Nəsibə Zeynalova ölüb".
Bu sözləri Lent.az-a 90 yaşlı “Aran” qəzetinin baş redaktoru Məhsəti Musa deyib.
Arayış: Məhsəti Ağayeva (Məhsəti Musa) 1984-cü ildə Ağcabədi şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetini bitirən Məhsəti, həmin vaxtdan mədəniyyət sahəsində işləyib. 2020-ci ilin sentyabrdan isə “Aran” qəzetinin baş redaktoru vəzifəsində çalışır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2009-cu ildə Prezident təqaüdünə layiq görülüb.
Onunla müsahibəni təqdim edirik:
- Bir xanım üçün jurnalistikada çalışmağın çətin tərəfləri nələrdir?
- Öncə diqqətiniz və bir bölgədə qəzeti ilə maraqlandığınız üçün təşəkkür edirəm. Bir xanım üçün jurnalistika ilə məşğul olmağın çətin olmayan tərəfi yoxdur. Ümumiyyətlə, bu sahə özü çətindir. Kənardan asan görünə bilər, amma işin içinə girəndə çətin və məsuliyyətli olduğunu anlayırsan. Jurnalist bir xanım üçün ən çətini zamanı düzgün bölməkdir. Mən “Aran” qəzetinə redaktor keçəndən sonra bəzən günlərlə dərmanlarımı belə vaxtında içməyə imkan tapmıram. Övladlarıma vaxt ayıra bilmirəm. Hiss edirəm ki, onlarla vaxt keçirməyimə həsrətdirlər. Eyni zamanda, bu məsuliyyəti üzərimə götürmüşəmsə, işin öhdəsindən gəlməliyəm. Mənim üçün ən çətini zamanı bölməkdir. İşlərə zaman ayırmağı bacarsam da, özümə vaxt qalmır.
Hazırda “Aran” qəzetinin 90 illik yubileyinə hazırlaşırıq. Mən bununla bağlı bəzən evə gecə 1-də gəlib çatıram. Evə gələndən sonra gecə saat 3-ə qədər də həm ev işləri, həm də yazılarımla məşğul oluram. Çətin olmasına baxmayaraq, öhdəsindən gəlməyi bacarırıq.
- 90 yaşlı qəzetin baş redaktorusunuz. Özü də bu yaşda. Bu sizdə hansı məsuliyyətləri önə çəkir?
- Harada işləməyimdən asılı olmayaraq, məsuliyyətli biriyəm. Hərdən məsuliyyətim ucbatından atdığım addımlara görə, digər əlavə işləri vaxtında çatdıra bilmirəm. Və bu, kənardan məni bəlkə də məsuliyyətsiz kimi göstərir. Amma belə deyil. Nə olur olsun, işi vaxtında təhvil vermək mənim üçün önəmlidir. Bundan əvvəl, Heydər Əliyev Mərkəzində direktor vəzifəsində işləyərkən də eyni məsuliyyətdə idim.
Məhz 90 yaşlı qəzetin baş redaktoru kimi danışsam, təbii ki, çox məsuliyyətli bir işdir. Əvvəla, bir rayonun tarixidir. Bunu gələcək nəsillərə ötürmək lazımdır. Məndən əvvəl bu qəzetdə redaktor işləmiş şəxslər indi çox hörmətlə xatırlanır. İstəyərdim ki, gələcəkdə məni də belə xatırlasınlar.
- Adətən, azərbaycanlı valideynlərin bir qismi övladlarının, əsasən də qız uşaqlarının müəllim olmasını istəyir. Siz necə, övladınızla həmkar olmaq istəyərsiniz?
- Mənim yaralı yerimə toxundunuz. Bütün rayon mühitində böyümüş xanımlar kimi mən də qadağalar görmüşəm. Məhz gələcək üçün sənət seçimində jurnalistikaya da böyük marağım olub. Onun da üstündən xətlər çəkilib. Bizdə "qız uşağısan” deyə bir ifadə var. Sevmədiyim bir ifadə. Həvəsdən salmağa çalışıblar ki, bu sahəyə getməyim. Bundan əlavə, rəssamlığa böyük marağım var idi. Bacarığım, qabiliyyətim də olub. Sadəcə onu inkişaf etdirməyə ailəmdə həvəs, maraq olmadı. Məktəb illərində müsabiqələrdə də yer tutmuşam. Amma bir gün bu arzumdan da vaz keçməli olduğumu anladım. Mübarizə aparmağım əbəs idi...
Amma sənət seçimində ən böyük arzumu ilk də sizə verdiyim müsahibədə dilə gətirirəm.Aktrisa olmaq, fərqli işlər görmək, yaratmaq, yaşatmaq... Mənə elə gəlir ki, bu sahədə çox böyük uğurlar qazana bilərdim. Həmişə hiss edirəm ki, mənim içimdə bir Nəsibə Zeynalova ölüb.
Bu gün də mən aktyorların həyatını izləyərkən, filmlərə baxarkən çox təəssüf hissi keçirirəm ki, vaxtında mücadilə aparmamışam, o sahəyə getməmişəm.
Jurnalistikaya gəldikdə isə ,əslində mən başqa bir ixtisası bitirmişəm. Amma bu sənət elə bir sənətdir ki, yaradıcılıq, söz demək,yazmaq varsa,istər-istəməz sənin əlindən tutub özünə tərəf çəkir.Və bir vaxtlar maneələr olsa da, görünür jurnalist kimi fəaliyyət göstərmək taleyimdə var imiş.
Bir müddət özəl bir qəzet var idi, orada işlədim. Orada müəyyən şeylər gördüm, açığı, bir az bu sahəyə marağım öldü. Amma qəzetlərlə, saytlarla əməkdaşlıq edirdim. Nəhayət, çıxdığım yol məni “Aran” qəzetinə gətirdi. Bundan sonra yenidən jurnalistikaya ürəyimdə sevgi yaranmağa başladı”.
Övladımla həmkar olmağım? Bəli, mən bu gün də axtarışdayam. Necə deyim, övladlarımı çək-çevir edirəm ki, görüm bu uşağın hansı sahədə bacarığı, qabiliyyəti var. Onun arxasınca gedim ki, o sahədə inkişaf etsin.
Mənim övladım jurnalist olmaq istəyərsə, çox sevinərəm. Ümumiyyətlə, mən hər zaman övladlarımın seçimlərində dəstək olacaq bir anayam”.
- Qocaman qəzetin baş redaktoru olmaq çətindir. Həm ana, həm də çalışan iş qadını. Ev işlərinə vaxt ayıra bilirsiniz?
- İnsan istərsə, zamanı düzgün bölə bilər. Mən də vaxtımı özümə uyğun şəkildə bölə bilirəm. Adətən, ev işlərimi gecələr görürəm. Çünki hər kəs yatır və işlərimi rahat həll edə bilirəm. Gecə saatlarında olsa belə, uşaqların geyimlərini, sabah üçün xörəklərini hazırlayıram. Mən nə etsəm də, axşam 11-12-də gözümə yuxu getməz. Çünki bu rejimə alışmışam.
- Çalışdığınız müddətdə iş prosesi zamanı hansı ekstremal vəziyyətlə qarşılaşmısınız?
- Xüsusi bir ekstremal hadisə baş verməyib. Amma mənim bu redaksiyaya gələndə gördüklərim özü vahiməli idi. Şəxsən mənim üçün belə oldu. Çünki tamamilə başqa bir iş mühitindən bura gəldim. Təsəvvür edin ki, üç stuldan ikisi qırıq idi. Bir normal kompüter yox idi ki, yazı yazasan. Ayda iki dəfə çıxan qəzet, həftədə iki dəfə çıxmağa başlamalıydı. İnternet televiziyamız, saytımız yaradılmalı idi. Düşündüm ki, işim çətin olacaq. Amma zamanla rayon rəhbərliyinin maddi və mənəvi dəstəyi görəndə həvəsləndim. Artıq bu gün biz 13 nəfərlik kollektivik.
- Əyalətdə jurnalisti, özü də qadın jurnalisti olmaq çətin deyil ki?
- Düşünmürəm ki, bu gün əyalətdə yaşamağın jurnalist kimi fəaliyyət göstərməyə hansısa bir maneəsi ola. Müasir dövrdür. Sosial medianın fəal olduğu bir vaxtda, hər kəs özü bir jurnalistdir. Belə bir fərq yoxdur ki, qadın jurnalist bölgədədirsə maneə var.
- Sonda işçilərinizin sayı, iş prosesindən də danışardınız…
- Əməkdaşlarımız sayı əvvəlcə 3 nəfər idi. Hazırda isə sayımız 13-ə çatıb. İnternet televiziyasının, saytın yaradılması səbəbi ilə yeni əməkdaşlara ehtiyac duyuldu. Bu həm də əyalətdə 10 nəfər şəxsin işə cəlb olunması demək idi. Arzu edərdim ki, digər bölgə qəzetləri də bu cür diqqət görsünlər.
Bölgə mətbuatına soyuq yanaşmaq olmaz. Bu gün biz nə isə axtaranda “Aran” qəzetinin arxivini vərəqləyirik. Bu, tarix, salnamədir. Hər bir bölgənin mətbuatı olmalıdır. İnanıram ki, növbəti illərdə digər bölgə qəzetlərimiz də daha çox diqqətlə əhatə olunacaq, inkişaf edəcək.