“Nar ağacı, nar çiçəyi”nin maraqlı tarixçəsi – Ağac hələ də qalır
02 fevral 2024 20:15 (UTC +04:00)

“Nar ağacı, nar çiçəyi”nin maraqlı tarixçəsi – Ağac hələ də qalır

Nar ağacı, nar çiçəyi,

Bir ulduzdu hər çiçəyi...

Ötən əsrin 61-ci ilinin yaz fəslidi. Aşıq mühitinə müstəqil addımlarını atmağa başlayan Hacıalı Hacıyev aşıqların III Ümumrespublika Qurultayında iştirak etmək üçün Bakıya gəlir. 31 yaşlı aşıq Bakıda olanda öz yaradıcılığı ilə bağlı teleradionun redaksiyasında danışan zaman bir neçə mahnısını lentə yazdırmağı qərara aldığını deyir.

Həmin zaman yazılan mahnılar içərisində bir mahnı da vardı ki, ömrü müəllifinin ömründən daha uzun olur.

Evliliyin ilk təməli ilə tumurcuqlanan nar ağacı, aşığın da yaradıcılığın zirvələrə qaldırır.

Lent.az-ın təqdim etdiyi məqalədə bu gün müasir dövrdə aşıq havaları içində məxsusi məhəbbətlə sevilən, dillərdə əzbər olan həmin mahnı haqda söz açacağıq.

Bir sözlə aşıq Hacıalı və Nəbi Xəzri qələminin məhsulu olan “Nar ağacı, nar çiçəyi” bugünki tarixçəmizin ünvanıdır.

Aşıq Hacıalı Hacıyev ötən əsrin birinci yarısında, daha dəqiq desək, 1930-cu ildə Şamaxının Quşçu kəndində anadan olub. Uşaqlığı müharibənin qanlı-qadağalı günlərinə təsadüf etsə də, musiqiyə, şeirə və saz sənətinə kiçik yaşlarından vurğunluq hiss edib. Bu istedadı onda görən valideynləri oğullarını aşıq Abbasın yanına göndəriblər. Ustadı ilə məclislərə gedən Hacıalı 1958-ci ildə ailə həyatı quran Hacıalı müstəqil olaraq toylardan iştirak etməyə başlayır. Onun istedadı xalq arasında çox qısa müddətdə səs-küyə səbəb olur. Zaman keçdikcə Aşıq Hacıalı yaradıcı kimi tanınır. 

O dövrdə aşıq, Nəbi Xəzrinin şeirlər kitabında iki mətn seçərək, onlara mahnı yazır. Elə bununla da Nəbi Xəzrinin “Qız Qalası” və “Nar ağacı” əvəzsiz mahnıya çevrilir.

Burada maraqlısı isə Nəbi Xəzrinin “Nar ağacı” şeirini haradan və necə təsirlənərək yazmasıdır.

Belə ki, 1954-cü ildə şair Nəbi Xəzri ailə həyatı qurur. Deyilənlərə görə, şair ömür-gün yoldaşı xanımı ilə birgə Xırdalandakı həyətlərində ilk məhəbbətlərinin simvolu olaraq nar ağacı əkir. Elə bir neçə il sonra, 1959-cu ildə şair bu hadisəni əks etdirən şeir yazır.

Nəbi Xəzrinin oğlu Arzu Babayev Lent.az-a “Nar ağacı”nın tarixini belə xatırladır:

“Əsərin qəhrəmanı olan nar ağacı 1954-cü ildə atamın ata evində, mənim baba evimdə əkilib. İlk dəfə ailə həyatını quranda anamla birgə əkib. Atam şair təxəyyülündə iki məkanı birləşdirib. Babam Kərbəlayi Ələkbərin Coratda böyük bir bağı vardı.

Atamın xəyalında o bağikən şeirdə deyir:

Yenə qumlu sahil, yenə sərin bağ

Yenə axşam düşüb meynəliklərə

Nəbi Xəzri Xırdalandakı həyət evi ilə Coratdakı bağ evini birləşdirir. 1954-cü ildə əkilən o nar ağacının bəhrəsini bu günə qədər yeyirik. Hətta o ağac artık 3 dənədir”.

Şairin yazıb, yaratdığı müddətdə qələminə təsirli və məşhur poetik nümunələr məxsusdur. Onun milli mədəniyyətimizdə bənzərsiz yeri yazdığı çox sayılı mahnılar üçün yazdığı şeirlərə təsdiq etdi.

“Pəncərəmə qondu çiçək”, “Ağ çiçəyim”, “Güllərim”, “Durnalar qayıdanda” məşhur mahnıların söz müəllifi Nəbi Xəzridir. 

O ki qaldı, bu gün sözügedən “Nar ağacı” şeirinə şair onu doğma və əziz hiss etsə də, bu misraların nə vaxtsa mahnı sözləri üçün istifadə ediləcəyini heç ağlına da gətirmirdi.

Bir gün yazdığı şeiri adını belə bilmədiyi aşığın dilindən mahnı kimi eşidəndə öz imzasını tanıyır.

Bu da belə... Şair “Nar ağacı”nda deyir:

Onun qızıl rəngli ləçəklərini,

Ya illər tökübdür, ya da küləklər.

Amma Nəbi Xəzrinin ömründən uzun olan nar ağacının ləçəklərini nə illər tökə bildi, nə də küləklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10044
avatar

Fidan İlqar

Oxşar yazılar