Molla Nəsrəddin kim idi, onu  Rumi öldürtdürüb?    - Maraqlı faktlar
23 yanvar 2024 18:39 (UTC +04:00)

Molla Nəsrəddin kim idi, onu Rumi öldürtdürüb? - Maraqlı faktlar

Yəqin Molla Nəsrəddinin lətifələrini bilməyən yoxdur. Türkiyədə Hoca Nəsrəddin, Özbəkistanda Xoca Nəsrəddin, Qazaxıstanda Nəsrəddin əfəndi adlandırılan bu adam əslində kim idi? 

İbrətedici lətifələri ilə qarşımıza çıxan bu adam real şəxsiyyətdir, yoxsa bədii obraz? Bu lətifələr necə yaranıb? 

Lent.az “Belə yaranıb” rubrikasında Molla Nəsrəddin barəsində eşitmədiyiniz maraqlı faktları təqdim edir.

Türkiyəli professor Mikayıl Bayramın araşdırmasına görə, o XIII əsrdə yaşamış Hoca Nasiruddin Mahmud Əl Huyi və ya Şeyx Nasirüddindir. Ahilik təşkilatının qurucusu kimi Ahi Evran ləqəbini daşıyıb. 

Ahilik sadə peşə insanlarını öz ətrafında birləşdirib, onların sosial problemlərinin həlli ilə məşğul olan bir qurum idi. Bunu indiki dillə, xırda sənətkarların dərnəyi də adlandırmaq olar. Ahilər təşkilatına sırf türkmənlər daxil ola bilərdilər (türkmən dedikdə o zamankı Anadolu türkləri nəzərdə tutulurdu).

Türkiyə Dövlət İslam Ensiklopediyasında Nəsrəddin Hocanın həyatı və dövrü haqqında belə məlumatlar verilir: 

“O, 1208-ci ildə Sivrihisarın Hortu kəndində anadan olub. Atası Abdulla kəndin imamı idi və atası rəhmətə gedəndən sonra bu vəzifəni Nəsrəddin Hoca üzərinə götürüb. Daha sonra Akşehirə köçüb və orada hakimlik - qazılıqla məşğul olub. 1284-cü ildə vəfat edib”.  

Onu I Murad İldırım Bəyazid və Əmir Teymurun müasiri kimi göstərənlər də var. Lakin professor Bayramın fikrincə, bu iddialar xətalıdır. 

Şeyx Nasiruddin yaşadığı dövrdə ölkəsində qazı və vəzir vəzifələrini icra edib. Dövrünün böyük sufi alimlərindən hesab olunurdu. Fəlsəfi məsələləri bəsit və xalqın anlayacağı bir dildə moizə edər, yadda qalsın deyə yumor da qatardı. Səlcuqlu hökmdarı İzzetin Keykavusun vəziri olub. 25 fəlsəfi əsəri qalmaqdadır. 

Bəs, o niyə yadda yalnız baməzə bir molla kimi qalıb? Deyilənə görə, buna səbəb Mövlanə Cəlaləddin Ruminin ona düşmən olması, tərəfdarlarının da Şeyx Nasiruddini unutdurmaq istəyi olub.

Kayseridə ilk Ahi təşkilatını qurduqdan sonra Konyaya gedərək siyasi və sosial fəaliyyətlə məşğul olan Hoca Nasiruddinin siyasi və fəlsəfi baxışları Konyada az qala ilahlaşdırılan, müqəddəs bilinən Rumi ilə ziddiyyət təşkil edib. Mövlana Cəlaləddin Rumi ilə fikir ayrılığına görə çəkişmə yaşayıb və deyilənə görə onun öldürülməsinə səbəb məhz Rumi olub. 

Mövlana həqiqəti tapmaq üçün eşq və sevginin işığına sığınmağı tövsiyə edirdi, Şeyx Nasiruddin ağıl və araşdırmanı əsas götürürdü.

Molla Nəsrəddin əslində lətifələrdən tanıdığımız sadəlövh qoca molla yox, bir qəhrəman, bir döyüşçü olub.

Nəsiruddin Hoca Səlcuqlu dövlətini işğal edən monqollara qarşı baş qaldırıb, Kırşehirdə türkmənləri və Ahiləri ətrafına toplayıb, lider olaraq mübarizə aparıb, döyüşüb. Monqolların Konyanı işğal etməsindən sonra onlarla tərəfdaşlıq edən, monqol hökmdarı Keyhatunun təəbəliyini qəbul edən Rumi Nəsiruddin Hocanın üsyanını yatırtmaq üçün müridlərindən Cacı oğlu Nurəddini onların üzərinə göndərir. Cacı oğlunun dəstəsi bütün üsyançıları qılıncdan keçirib. Deyilənə görə qılıncdan keçirilənlər arasında Nəsiruddin Hoca da olub. 

İlk yazılı Nəsrəddin Hoca hekayəsinə 1480-ci ildə “Saltuknamə adlı əsərdə rast gəlinib.

1480-ci ildə yazılmış “Hikayət-i Kitab-ı Nəsrəddin” adlı  ilk kitabda 43 , 1676-cı ildə yazılmış kitabda 112, 1822-ci ildə yazılmış kitabda 160, 1958-ci ildəki kitabda 445 lətifə qeyd edilib. Sonralar Nəsrəddin Hocanın adına minlərlə lətifələr qoşulub. Lakin unutmaq olmaz ki, Molla Nəsrəddin sadəcə güldürmür, eyni zamanda düşündürür, öyrədirdi. Onun deyimlərinin fəlsəfi yükü var idi. Ona görə mənasız, mollanın səfeh vəziyyətə düşdüyünü anladan lətifələrin hamısı uydurmadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6480
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar