Məşədi İbadın hambalı demiş, kino çəkənlərin  300 min manatı   hara getdi?
23 noyabr 2023 18:27 (UTC +04:00)

Məşədi İbadın hambalı demiş, kino çəkənlərin 300 min manatı hara getdi?

Uzun müddətdir Azərbaycan kinosunun vəziyyəti barədə giley-güzar səslənir. Özəl şirkətlərdə reklam sponsorlarının hesabına çəkilmiş, adı komediya, özü şit, baxıldıqdan dərhal sonra unudulan, birdəfəlik salfet kimi ekran işlərini nəzərə almasaq, ciddi filmlər çəkilmir.

Kino sahəsindən az-çox xəbərdar olanların çoxu eyni sözü deyir. 2 ildir ölkədə dövlət sifarişi ilə tam metrajlı, qısa metrajlı və ya səndəli film çəkilmir. Hansısa addımlar atılır, lakin sanki kampaniya xarakteri daşıyır, başlanğıcı olur, nəticəsi, sonu yox.

Təxminən 2 il öncə, Anar Kərimov mədəniyyət naziri olanda nazirliyin kino şöbəsi müstəqil kinostudiyalar üçün müsabiqə keçirdi.  Bu müsabiqədə qalib gələn ssenarilərin, filmlərin müəlliflərinə ümumilikdə 300 000 manat mükafat verilməli idi. Müsabiqə elan olundu, qaliblər müəyyənləşdi. İstehsalçılar sevindilər, birinə 30, birinə 50, birinə 40 min manat və.s vəsait ayrılmışdı. Bu vəsaitdən münsiflər heyətinə də qonorar verilməliydi. Lakin “kino çəkənlərin” sevinci uzun sürmədi.  Vaxt keçib, vədə dolsa da vəd edilən pul gəlib onlara çatmadı. Köhnə nazirin  yeni nazirlə əvəz olunması ilə ümidlər bir az oyansa da, il başa çatdı, kinoya ayrılan puldan xəbər çıxmadı.

Məlum məsələdir ki, dövlət tərəfindən ayrılmış vəsait il ərzində xərclənməyibsə  yenidən geriyə, dövlətin büdcəsinə qaytarılır. Həmin vəsait kinostudiyalara verilsəydi, özəl studiyalar pis-yaxşı hansısa filmlər çəkib ortaya çıxarar, həm təcrübə qazanardılar, həm də kinonun inkişafında müəyyən addım atılmış olardı. Bu elə nazirliyin də adına müsbət xal olaraq yazılardı. Nazirlik fevral-mart aylarında müsabiqə elan edib qaliblərə işləmək fürsəti yaratsaydı, büdcədən gələn pul aidiyyəti üzrə sərf olunardı.

Müsabiqələr keçirilir, elan olunur, alqışlar səslənir, di gəl ki, nəticə görünmür. İstehsalçıya dəstək olmalıdır. İstedadlı rejissorlarımız da var, aktyorlarımız da. Milli kinomuz gözəl ənənələr üzərində qurulub. Bir az dəstəklə yenidən tamaşaçıların ürəyini fəth edən, zövq oxşayan filmlər çəkilə bilər.

Yaradıcılıq ruhunu öldürməklə nə əldə eləmək olar?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4614
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar