Bu gün Xalq artisti, tamaşaçıların yaddaşında “Həzi Aslanov” obrazı ilə qalan Ramiz Novruz son mənzilə yola salındı. Aktyorun sənət yoldaşları, dostları, yaxınları onunla vidalaşmaq üçün evinə gəlmişdilər.
Lent.az-ın məlumatına görə, media nümayəndələrinə Ramiz Novruzun evində çəkiliş etməyə icazə verməsələr də, jurnalistlər aktyorun ailəsini bu ağır gündə tək qoymayanların xalq artisti ilə bağlı fikirlərini işıqlandırıb.
Ancaq iş orasındadır ki, Xalq artistinin nekroloqunu yayan Mədəniyyət Nazirliyindən bir nəfər nə vida, nə də dəfn mərasimində iştirak etmədi. Gözlədik, vida mərasimi bitdi. Gələn olmadı. Yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru Azər Paşa Nemətov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva kimi çox az sayda rəsmilər gözə dəydi.
Harada idi Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələri? Bizə maraqlıdır. Səbəbi hamıdan çox bizə də maraqlıdır ki, Xalq artisti belə yola salınmalı idimi? Ramiz Novruzun yerində başqa bir sənət adamı olsaydı, belə edəcəkdilərmi?
Xalq artisti Əli Nur həmkarı Ramiz Novruzun vida mərasimində iştirak etməyən nazirlik nümayəndələrindən elə mərhumun cənazəsi üzərində üsyan etdi desək, yanılmarıq:
“Bu sənətkar gərək şərəflə, ləyaqətlə, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməliydi, Mədəniyyət Nazirliyinin yüksək səviyyəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deməliydi. Ramiz Novruzu gizli dəfn etmək axı ayıbdır!”.
Alqışlarla son mənzilə yola salınan aktyorun ailəsinə təkcə başsağlığı vermək kifayət idi? Düzdür, mərhum aktyorun cənazəsi izdihamla, alqışlar içərisində son mənzilə yola salındı. Amma xalqın içindən çıxmış, özünü incəsənətə adayan böyük aktyorun cənazəsinə yaxın durmamaq, ögey münasibət bəsləmək haradan baxsaq, hörmətsizlik və yanlışdır.
Yaddan çıxmamış bunu da əlavə edim. Hörmətsizlik edənlərdən biri də bəzi jurnalist həmkarlar idi. Niyə imkan vermirsiniz ki, ölü yiyələri cənazə ilə doyunca vidalaşsınlar? Niyə kameralarınızı qəbrin içinə qədər soxursunuz?
Mərhumun basdırılmasını, ağlayan insanları hər rakursdan çəkmək yalnız sizə reytinq gətirir, özünüzə də bir ton tənqid. Bu, görməmişlikdən başqa bir şey deyil. Çox yaxşı olardı ki, mümkünsə, vida və dəfn mərasimlərində mərhuma və onun yaxınlarına son dərəcə hörmət edəsiniz. Bu, həm də peşənizin etik qaydasıdır.