“Universal” şirkəti dünya şöhrətli müğənni Madonna barəsində film çəkməyə hazırlaşırdı. Film “Kiçik sərçə” adı ilə qeydiyyatdan keçmişdi.
Lent.az-ın məlumatına görə, bu bioqrafik filmi müğənninin özü ekranlaşdırmalıydı. Baş rollarda Madonna və Culiya Qarnerin çəkilməsi nəzərdə tutulmuşdu. Lakin Madonnanın dünya turnesinə çıxması barədə xəbərdən sonra şirkət filmin istehsalının dayandırıldığını bəyan edib.
Çəkilişlərin dayanmasına konkret səbəb göstərilmir. Hələlik nə “Universal”, nə də Madonna özü 2 ildən artıq müddətdə davam edən çəkilişlərin hansı səbəblə dayanması barədə heç bir şərh vermirlər.
"The Hollywood Reporter" nəşrinin yazdığına görə, çəkilişlərin dayanmasına səbəb bir müddət öncə Madonnanın adının afrikalı uşaqların alveri, onların seksual istismarı ilə bağlı qalmaqalda hallanmasıdır.
Efiopiya Beynəlxalq Federasiyası (The Ethiopian World Federation) ölkə başçısı Lazarus Çakverdən Madonnaya qarşı araşdırma başladılmasını tələb etmişdi.