Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimat mərasimi olub.
Lent.az xəbər verir ki, "Şərq-Qərb" nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlının moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Xalq yazıçısı Elmira Axundova kitab haqqında ətraflı məlumat verib: “Leyla xanımın kitabları zövqlü, fəlsəfi və dərin mənalı kitablardır. Burada fərqli cəhət var. Kitabda Leyla xanımın şeirləri yer alıb. Leyla xanım öz üzərinə böyük məsuliyyət götürüb. O, dahi babası və atası kimi Azərbaycan üçün böyük işlər görür. Leyla xanım çox istedadlı və yaradıcı insandır”.
Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov Leyla Əliyevanın çəkdiyi rəsmlər barədə danışıb. Bildirib ki, hər yaradıcı insanın rəsmlərində öz səsi var. “O səsi Leyla Əliyevanın əsərlərində hiss etmək olar. O, rəsmlərində iki minimal rənglərdən istifadə edir və onların vasitəsilə tamaşaçıya öz fikrini çatdırır”, - deyə A.Hüseynov qeyd edib.
“Şərq-Qərb” nəşriyyat evinin direktoru Sevil İsmayılova qeyd edib ki, kitabın adının “Sevgi” olması heç də təsadüfi deyil: “Çünki Leyla Əliyeva yaratdığı hər bir şeyə öz sevgisini qatır. Nəşrdə, həmçinin Leyla xanımın şəxsən özü hazırladığı şirniyyatların reseptləri yer alıb”.
Təqdimatda, eyni zamanda, Leyla Əliyevanın rəsm əsərlərindən ibarət olan kataloq təqdim olunub.
Qeyd edək ki, Leyla Əliyevanın “Sevgi” kitabında yer alan reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla Əliyevanın şeirlərindən parçalarla müşayiət olunub. Bu nəşr Bakı Kitab Mərkəzinin bilavasitə iştirakı ilə “Şərq-Qərb” nəşriyyatında çap olunub. “Sevgi” kitabı Azərbaycan, türk, ingilis və rus dillərindədir.