Kraliçanın ad verdiyi yeganə hindli - “Aktyorluğu bir dəlidən öyrəndim”
20 fevral 2023 17:12 (UTC +04:00)

Kraliçanın ad verdiyi yeganə hindli - “Aktyorluğu bir dəlidən öyrəndim”

Lent.az “Dünya kinosunun ulduzları” rubrikasında məşhur aktyor Ben Kinqsli barədə məlumatı təqdim edir.

3 dəfə “Oskar” mükafatı almış ser Ben Kinqslini həm avropalı, həm şərqli hesab edirlər. Onun gəncliyini kimsə xatırlamır, yaşlandıqca xarizması və istedadı daha da artan bu aktyoru hər kəs elə indki halıyla  xatırlayır. O eyni gözəllikdə həm dəli, həm müdrik adam obrazlarını yaradır, müsbət və mənfi qəhrəmanları canlandırır. Gəlin, onu yaxından tanıyaq.

Ben Kinqsli 1943-cü il dekabrın 31-də Britaniyanın Yorkşir qraflığında doğulub. Anası ingilis əsilli aktrisa, atası Tanzaniyadan köçmüş hindli həkim idi. Benin əsl adı  Krişna Pandit Bxancidir. Sonralar atası onun adını ingilis adı kimi qeyd etdirərək, oğlunun belə daha çox uğur qazanacağını dedi. Benin Britaniyada təhsil aldığı  Pendlton kolleci hazırda onun şərəfinə Kinqsli kolleci adlandırılır.

Kolleci bitirdikdən sonra teatr aktyoru kimi fəaliyyət göstərən Ben hərdən bir filmlərdə epizodik rollara da çəkilirdi. Ona aktyor kimi şöhrəti 37 yaşında, 1982-ci ildə çəkildiyi “Qandi” filmi gətirdi.

 

Aktyor Qandi obrazını uğurla yaratdı və bundan sonra onun yaddaqalan şəqrli siması müxtəlif filmlərdə tez-tez istifadə olundu. Qandi obazı Ben Kinqlsiyə “Oskar” qazandırdı. Bunun ardınca o Britaniya BAAFTA Akademiyasının və iki “Qızıl qlobus” mükafatı qazandı. İstedadlı aktyor oynadığı hər rolla yadda qaldı, izləyicilərin reaksiyasını qazandı. Bu reaksiya gah nifrət, gah sevgi olurdu.  Ben seksual manyak, qatil, terrorçu, soyuqqanlı cani obrazlarını o qədər ustalıqla oynayırdı ki, ona nifrət etməmək mümkün deyildi. Rejissorlar ona tez-tez psixoloji problemləri olan kişi obrazlarını təklif edirdilər. Ben müsahibələrindən birində demişdi ki, aktyorluğu dəli nənəsindən öyrənib. Nənəsi ruhu xəstə olduğu üçün onu çox müşahidə edib və psixopat rollarını oynamaq ona zövq verirmiş.

Britaniya kraliçası onu məhz nifrətəlayiq obrazları ilə sevərək, “ser” adına layiq gördü, cəngavər qılıncı bağışladı. Ben bu adı almış tək hindlidir.

Şəxsi həyatı barədə danışarkən onun tam bir eşq adamı olduğunu demək olar. 4 dəfə evlənib və 4 övladı var.  Hazırda braziliyalı aktrisa Daniela Lavender ilə evlidir.

“Şindlerin siyahısı”, “Baqsi”, “Hərəm”, “Xəyanət”, “Şerlok Holms” kimi filmlər məhz Benin əvəzsiz oyununa görə baxımlı, möhtəşəm idi.

Yaşı 78-ə çatsa da, Ben Kinqsli dayanmaq fikrində deyil. Bu günə qədər 130-dan çox filmdə çəkilmiş aktyor Hollivuddan hər il 4-5 film təklifi alır. Hazırda Hollivudun ən çox tələb görən yaşlı aktyorlarındandır. Onun üçün xüsusi rollar yazılır. Ben Kinqsli şərqli kişi obrazlarında oynamağı çox sevir. Bu onu həm köklərinə qaytarır, həm də şərqlilərin ürəyini fəth etməyə kömək edir.
  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2364
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar