Uzun müddət idi ki, əməkdar artist Bəhram Bağırzadə ilə görüşüb müsahibə almaq istəyirdik. Amma hər dəfə, necə deyərlər bir tərslik çıxırdı və görüş alınmırdı ki, alınmırdı. Sanki tilsimlənmişdi.
Nəhayət, Bəhram bəylə vaxt tapa bildik. Görüş onun sevdiyi məkanda, Bakı Kitab Mərkəzində baş tutdu. Maraqlısı bilirsinizmi nədir? Adam alman dəqiqliyi ilə, vəd etdiyi kimi düz 12.00-da içəri daxil oldu.
- Hər zaman “əlayam” deyə cavab verdiyiniz “Bəhram bəy, necəsiz?” sualına koronavirusa yoluxduqdan sonra sadəcə “yaxşıyam” deyirsiniz. Bəs, indi necə? Yaxşısız, yoxsa əla?
- Bu gün də deyirəm ki, yaxşıyam. Əla olmaq üçün zaman, reabilitasiya lazımdır. Çox təəssüf ki, koronavirusa yoluxmağımın üzərindən il yarım keçməsinə baxmayaraq, düzgün reabilitasiya keçmədiyim üçün problemlər yaranıb. Amma bu problemlər həll olunacaq. Patologiya və fiziologiyaya aid deyil, psixoloji problemlərdir. Onlarla mübarizə aparacağam və gələn il soruşanda “necəsiniz, Bəhram bəy?” o zaman əlayam deyəcəyəm.
- Demək olar ki, əsrin yarısını yaşamısınız. Gələn il 50 yaşınız tamam olacaq. Necə keçdi bu 50 il?
(Yeri gəlmişkən, görürəm ki, 50 il sözü xoşuna gəlmir. Hətta 50 deməyimə də etiraz edir).
- 50 il hələ keçməyib, keçəcək. Ad günümü qeyd etməyi düşünmürəm. Doğum günü mənim üçün şəxsi bayram, özəl gündür. İnsan ad gününü qeyd edəndə istəyər ki, yanında ən yaxın adamlar olsun. Mənim çox istədiyim adamlar isə artıq ətrafımda yoxdular, dünyalarını dəyişiblər.
Ola bilər ki, formal olaraq yubileyimi qeyd etdim. Ürəyim istədiyi adamlar o məclisdə olmayacaqsa, ad günü qeyd etməyin nə mənası var?! Düzdü, ailə üzvlərimlə qeyd edəcəyik. Amma təntənəli surətdə, saray bağlatdırmaq ,o artıq mənlik deyil.
- Bəhram bəy, keçən 49 ildə həyatınızda hansı önəmli hadisələr olub?
- Hadisələr çox olub. Hər bir kişinin həyatında önəmli günləri var. Mənim üçün övladlarımın dünyaya gəlməsi ən özəl hadisələrdir. Nə KVN, nə əsrin çempionu, nə medal onlar qədər dəyərli ola bilməz. Düzdü, medal, kubok, orden, əsrin çempionu, pul-para, sərgilər, gözəl insanlar bunlar hamısı əladı. Amma ən yadda qalan isə övladlarımın dünyaya gəlməsi, onların tərbiyəsidir. Onlar ikisi də məni sevindirdilər və indi ali məktəbdə oxuyurlar. Biri gələcəyin memar-rəssamı, digəri isə cərrahıdır.
- Virusa yoluxdunuz, komaya düşdünüz. İlk gözünüzü açanda kimi gördünüz və yaxud da kimi görmək istəyərdiniz? Nələri xatırladınız?
- Komada olanda atamı gördüm. Atam 3 dəfə yuxuma gəldi və mənə get, hələ tezdi dedi. Gözümü açanda isə həkimləri gördüm, başa düşmürdüm nə baş verib. Elə bildim ki, qəzaya düşmüşəm. Bir həftə huşum olmadı. Övladlarımı, ailə üzvlərimi, valideynlərimi yada sala bilmirdim. Sonra yavaş-yavaş özümə gəldim.
- Əfsanəvi “Bakılı oğlanlar” klubunun üzvüsünüz. Necə oldu o komandaya gəlişiniz?. Anar Məmmədxanovla necə tanış oldunuz?
- Bu haqda danışmaq istəmirəm. KVN mənim həyatımın dünənidir.
- Elə hesab edin ki, KVN olmayıb. Məşhur olmaq üçün daha hansı qabiliyyətiniz var? Bilirik ki, gözəl rəsm çəkə bilirsiniz…
- Mən hər şey bacarıram. Nəinki, məşhur, mən fəhlə də olsaydım ən güclüsündən olardım. Bir ay sonra mən briqadir olardım. Bununla da kifayətlənməzdim, həmin zavodun direktoru vəzifəsinə qədər yüksələrdim. Mən həqiqətən də, fəhləlikdən başlamışam. Fəhlə işləyə-işləyə 3 aydan sonra məni 17 yaşımda bütün fəhlələrin briqadiri qoydular. İnsan öz üzərində çalışmalıdır. Mən əgər jurnalistikayla başlasaydım, gələcəkdə mütləq işlədiyim qurumun, saytın rəhbəri olardım.
Rəsm də çəkirəm. Artıq 10 ildən çoxdur ki, Rəssamlar İttifaqının üzvüyəm. İndi isə ona vaxt yoxdur. Bir də Allah qoysa, təqaüdə çıxanda rəsm çəkəcəm.
- Sizi tez-tez reklamlarda görürük. Reklama çəkilməyiniz həvəs, hobbi yoxsa pul qazanmaq istəyidir?
- Reklamdan həzz alıram, 30 saniyə ərzində gərək sən tamaşaçıya çatdırasan ki, bu ən yaxşı avtomobil, bu da ən yaxşı üzqırxandır. Bunu da bacarmaq lazımdır. Onu isə hər aktyor bacarmır.
Həmişə dua etmişəm ki, Allah mənə elə iş göndərsin ki, ondan həzz alım. Həzz aldığım işimdən də qazanım. Belə olanda da adama iki qat xoş olur. Bir reklama çəkilirsən və aylarla başqa şeyləri düşünmürsən. O qədər çox ödəyirlər ki, otur sakit öz işinlə məşğul ol.
Amma indi ən böyük həzz aldığım iş naşirlikdir. Yüzə yaxın kitabım satılır. Altmışa yaxın kitab gələn il çapa gedəcək. Bunlar hamısı uşaqlar üçündür. Bundan sonra ancaq onlar üçün çalışacam. Çünki uşaqlarla indi heç kim məşğul olmur. Olsa da, çox az. Mən isə peşəkar məşğul olmaq istəyirəm. Amma inanın, mən sabah teatr da, dərnək də , bərbərxana da aça bilərəm.
- Keçmiş KVN-çi olmur deyirlər. Bakı həmişə KVN-nin aparıcı şəhərlərindən olub. Nə baş verdi ki, indi KVN-çi yetişmir. Sanki KVN bayağılaşıb…
- Tamaşaçıya, cavanlara maraqlı deyil. Moskvanın özündə də heç o KVN yoxdu.
-Bəziləri sizin Aleksandr Maslyakovun qarşısında ağladığınız səhnəni hələ də qəbul edə bilmir. O əvvəldən planlanmışdı, ya qəfil alındı?
- Kim qəbul edir, etmir, özü bilər. Mən də o insanlarda çox şeyləri qəbul etmirəm. Məsələn, cahilliyi, savadsızlığı, dar düşüncəni. Amma o oyun idi və oyunun da qanunları var. Mən də o qanunlara uyğun oynayırdım. Necə ola bilər ki, əvvəlcədən hazırlanıb özünü ağladasan. O mənə çatmır. Mühit idi də, o mühitə də düşdüm. Həm mən orda ağlamadım, kövrəldim. Ağlamaqla kövrəlmək anlayışları fərqlidir. Əgər o boyda Məhəmməd Peyğəmbər Allahı zikr edəndə ağlayıbsa, mən kiməm ki… Mən də həmin an Allahı zikr etdim və ondan sonra kövrəldim. Bu da normaldı.
- Allah Anar Məmmədxanova rəhmət eləsin. Ondan başqa hamınız sağsınız. O qızıl heyət yenidən bir konsert fikirləşirmi? Belə bir ideya varmı?
- Məndə yoxdu. KVN mənim dünənimdi. Artıq o işlə məşğul olmaq istəmirəm. Onu cavanlar oynamalıdır. Mənim üçün maraqlı deyil. 50 yaşlı kişinin KVN-də nə işi var.
- Sizcə, KVN yenidən canlana bilərmi? Bunun üçün nə etmək lazımdır?
- İlk növbədə bunu məmurlarımız istəməlidir. Mədəniyyət, idman nazirlərimiz istəsə, bəlkə ola bilər. Deməli, onlar istəmirlər, ona görə də, KVN yoxdur. Amma bu o demək deyil ki, istedadlı uşaqlarımız azdı. Çox əla, istedadlı gənclərimiz var. Uşaqlar arasında keçirilən “Eurovision”da da bir qızımız 5-ci yeri tutaraq bunu təsdiqlədi.
- Bəhram bəy, qeyd etdiyiniz “Junior eurovision 2021” yarışmasında Azərbaycanı təmsil edən Sona Əzizova Ermənistan təmsilçisini qucaqlayıb, təbrik etdi. Bəzi insanlar isə bu hərəkətinə görə, həmin uşağı nəinki tənqid, hətta təhqir etdilər. Buna münasibətiniz necədir?
- O bizim millətin böyüklüyünü göstərir. Biz uduzan millət deyilik, biz qalibik. Nə qədər it hürsə də, şir heç vaxt çönüb itə baxmır. Baxır deyir itdi də. Gərək biz o böyüklüyü daxilimizdə hiss edək ki, biz şirik, pələngik. Cılız insanlar onu hiss etmir. Çox kiçik insanlar elə şeylərə fikir verir. Böyük insanlar elə şeylərə heç vaxt fikir vermir.
- Hazırda hansı layihələri planlaşdırırsınız, nə yeniliklər var?
- Reklama çəkilməliyəm, vine çəkməliyəm. Və ən azı iki kitabım çapa getməlidir. Yeni kitabım çıxıb. Adı “Danışan məktubdur”. Kitabı birinci xanım Mehriban Əliyevaya həsr etmişəm.
Fotolar Emil Məmmədov