Kinorejissor:  “Azərbaycan kinosu partizan həyatı yaşayıb”
19 may 2022 18:14 (UTC +04:00)

Kinorejissor: “Azərbaycan kinosu partizan həyatı yaşayıb”

Son zamanlar cəmiyyətdə “II Qarabağ müharibəsində böyük qələbəmizə dair nə üçün filmlər çəkilmir?" sualı tez-tez verilir. Cavablar da birmənalı deyil. Bu sahə ilə əlaqədar olan adamların bir hissəsi gecikdiyimizi vurğulayır, bir hissəsi tələsdiyimizi.

Mövzu barədə tanınmış kinorejissor, I Qarabağ müharibəsi barədə çəkilmiş ən yaxşı ekran işlərindən biri olan “Dolu” filminin rejissoru Elxan Cəfərovla söhbət edirik.

Elxan Cəfərovun Lent.az-a verdiyi açıqlamaya görə, qələbə barədə film çəkmək daha çətin, daha məsuliyyətlidir.

“Bilirsinizmi, yaradıcılıq olimpiada yarışı deyil. Biz deyə bilmərik ki, ermənilər film çəkdi, biz qaldıq. Məğlubiyyətin felini təyin etmək asandır, amma qalibiyyətin felini müəyyən etmək üçün zaman keçməlidir. Biz əlbəttə, qalib ölkə kimi daha yaxşı, daha dərindən araşdırıb, sanballı filmlər ortaya qoyacağıq. Bundan öncə I Qarabağ müharibəsi barədə çəkilmiş bütün filmlər məğlubiyyətimizə həsr olunmuşdu. Məğlubiyyət barədə film çəkmək, onu dərhal ictimailəşdirmək, ortaya çıxarmaq həm bədii, həm siyasi ictimai-nöqteyi nəzərdən daha asan idi”, - deyə o bildirir və mən bu yerdə onunla razılaşa bilmirəm:

“I Qarabağ müharibəsi, məğlubiyyətimiz, ağrımız, acımız, dərdimiz idi. O ağrıya rəğmən, maraqlı ekran işləri ortaya çıxdı, məsələn, sizin “Dolu” filminiz. Acını belə hiss etdirə bilmişiksə, qalibiyyət duyğusunu vermək nə üçün çətin gəlməlidir?”.
 

“Çünki zəfər məğlubiyyət kimi asan dərk edilmir. Düşüncə üçün, insan psixologiyası üçün asan dərk edilmir, məğlubiyyət dedikdə biz birdəfəlik mesajlar veririk, qalibiyyət başqa cür yanaşma tələb edir. Ola bilər, bundan sonra hələ 20, 30,100 il sonra da bu barədə filmlər çəkiləcək. Bizim cəmiyyətimiz bunu dərindən qavramalıdır. Bu müharibənin  əslində çox dərin kökləri var idi. Mən Mədəniyyət Nazirliyinin rəsmisi deyiləm, onların adından bu suala cavab verə  bilmərəm. Amma bildiyimə görə, bu il Qarabağ zəfərimizə həsr olunmuş filmlərə hazırlıq başlayır. Böyük və kiçik formatlı filmlərin çəkilməsi üçün müəyyən tədbirlər görülür. Bu yaxınlarda Türkiyənin “Bozdağ film” studiyası ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Qarabağ zəfərimiz barədə müştərək film çəkiləcək”,- deyə rejissor qeyd etdi.

İstər-istəməz bir zamanlar Türkiyə ilə müştərək çəkilmiş “Mahmud və Məryəm” filmini xatırlatdım:

“Filmdə rejissor işi, operator, aktyor oyunçuluğu yüksək səviyyədə olsa da, məşhur dastana həddən çox yad elementlər daxil edilmiş, mistikaya üstünlük verilmişdi. Şəxsi fikrimdir, mən o filmdən gözlədiyimi ala bilməmişdim. Əcəba, növbəti müştərək filmimiz uğurlu alınacaqmı?”. 

Elxan Cəfərovun qeyd etdi ki, bunu zaman göstərəcək, sadəcə səbirli olmalıyıq:

“Mən neqativ fikir söyləmək istəməzdim. Məqamı çatanda anlayacağıq.Yəqin ki, müxtəlif rakurslardan araşdırmalar aparılacaq, çəkilişlərə elə başlanılacaq. Mən bizim milli ideologiyanı təyin edən qurumun və ya nazirliyin nümayəndəsi deyiləm. Güman edirəm, Mədəniyyət Nazirliyinin öz ideoloji strategiyası var və bildiyimə görə, 2023-cü ildə Qarabağ zəfərimiz barədə filmlər çəkiləcək”.

Türkiyənin telekanallarında tez-tez maraqlı patriotik filmlər, seriallar təqdim edilir. Əsgər həyatından bəhs edən bu filmlərə baxıb hərbiçi olmağı arzulayan yüzlərlə yeniyetmə, gənc var. Uzun illər müharibə şəraitində yaşayan bir ölkə kimi, bizdə bir dənə də belə bir film, serial çəkilmədi.

Tanınmış rejissorun bu məsələyə də öz münasibəti var:

“Kino istehsalı sahəsi neçə illər bizdə xırda addımlarla irəli gedib, bu vaxta qədər Azərbaycan kinosu partizan kimi fəaliyyət göstərib. Sərrast istiqamət yox, hədəf yox, maliyyə yox. Azərbaycan Respublikasının Kino Agentliyinin yaranması kinomuzun  səviyyəsinin yüksəlməsinə mütləq müsbət təsir göstərəcək. Agentliyin yaradılması haqqında Fərman aprel ayında qəbul edilib. İrəliyə dair ümidlərimiz çoxdur. Bu zamana qədər Azərbaycan kinosunun hüquqi və maddi-texniki bazası çox məhdud idi, kinomuzun  inkişafı bundan sonra başlayacaq. İlk növbədə bütün problemlər hüquqi müstəvidə həll olunmalıdır. Ondan sonra yaradıcılıq da inkişaf edəcək, öz nəticələrini göstərəcək”.

Bəs görəsən, biz yenə ekranlarımızda dəfələrlə baxsaq belə, yenə bizi kövrəldən, güldürən “Ögey ana”, “Böyük dayaq”, “Arşın mal alan” səviyyəsində filmlər görə biləcəyikmi?

Elxan Cəfərov bunun da zamana bağlı olduğunu düşünür:

“Hüquqi müstəvidə məsələni həll edək, ondan sonra zaman içində  hər şey qaydasına düşəcək. Adını çəkdiyiniz o gözəl filmlər Sovet Azərbaycanında film sənayesi fəaliyyətə düşəndən 30-40 il sonra çəkilmiş filmlərdir. Gələcəyə ümidlə baxaq”, - deyə o bildirir.

Nə edək, 30-40 il gözləyək? Dövr bu sürətlə hərəkət edərkən, texnologiyalar demək olar ki, hər ay yeni bir sürprizlə qarşımıza çıxarkən 30 il sonra kinomuz bizə nə vəd edəcək? Yaşasaq görəcəyik, yaşamasaq bəsit ekran işləri ilə kifayətlənməli olacağıq. Çalışaq ölməyək, nə biz, nə də kinomuz.

# 1878
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar