Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərimdən yeni xəbər var.
Lent.az-a açıqlama verən meyxanaçı Ağamirzə bir neçə gün öncə ustad sənətkara baş çəkdiyini bildirib.
“Kərimin vəziyyətində yaxşı heç nə yoxdur. Zorla bir kəlmə deyə bilir, 10 dəfə salam versən, bir dəfə dönüb baxır. Amma əl dəyən kimi qışqırır. Yəqin bədənində ağrılar çoxdur, toxunmaq olmur. Toxunan kimi inildəyir, qışqırır, narahat olur. Ağrılarını qışqırmaqla ifadə edir.
Bildiyimə görə, meyxanaçılardan Mehman Əhmədli hərdənbir baş çəkir ona,dostları yad eləsələr yaxşı olar”, - meyxana ustası deyib.
Bir neçə gün öncə Lent.az-a müsahibə verən meyxanaçı Mehman Əhmədli Kərimin yanına az getməsinin səbəbindən danışanda demişdi: “Adam tanımır, tanısa hər gün gedərəm, darıxmağa qoymaram onu. Yataq xəstəsidir, yanına gedəndə evdəkilər istəyəcək ki, üstünü-başını səliqəyə salsınlar, bu da Kərimi narahat edəcək, ona görə getmirəm”.
Ağamirzə isə bu fikrə cavab olaraq bildirib ki, dostları Kərimə baş çəkməzdən öncə oğluna zəng edib gəldiklərini bildirsələr, heç bir problem olmaz:
“Kərimi yad etmək bizim borcumuzdur. 2 gün sonra bir hacı dostumla yenidən ona baş çəkməyə gedəcəyik”.
Qeyd edək ki, Kərim adı ilə tanınan meyxana ustadı Ağakərim Novruzov bir neçə il öncə insult keçirdikdən sonra yataq xəstəsinə çevrilib. Həkimlər onun bir daha ayağa qalxa bilməyəcəyini söyləyiblər.