İran siyasətinin qurbanı olan “oyaq vicdanı”: 28 yaşında müəmmalı ölüm
24 iyun 2023 18:01 (UTC +04:00)

İran siyasətinin qurbanı olan “oyaq vicdanı”: 28 yaşında müəmmalı ölüm

Bu gün xalq arasında “səyyar müəllim” kimi tanınan Səməd Behrənginin anadan olmasından 84 il ötür. 

Lent.az hələ tələbəlik illərində artıq uşaqlara dərs deməyə başlayan, 28 yaşında isə müəmmalı şəkildə ölən Səməd Behrəngi haqqında sizə maraqlı faktlar təqdim edir. 

Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərində, fəhlə ailəsində anadan olub. O, ibtidai təhsilini Təbrizdə "Tərbiyyət" məktəbində alıb. Sonra Təbriz pedaqoji texnikumunda təhsilini davam etdirib. Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb. 

Səməd Behrəngi əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. 1956-1961-ci illərdə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb. Azərbaycan nağıllarını toplayaraq fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

Səməd Behrəngi artıq gənc yaşından yazdığı yazılarla nəinki yerli sakinlərin, həmçinin hakimiyyətin də diqqətini öz üzərinə çəkməyi bacarmışdı. Səməd Behrəngi şah rejimi tərəfindən təqiblərə məruz qalırdı. Buna baxmayaraq Səməd Behrəngi yaradıcılığına davam edir, Azərbaycan xalq ədəbiyyatını toplayaraq, tədqiq və təbliğ edir.

Onun ilk hekayələri “Adət” və “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” hekayə və nağıllarını yazıb. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzərək burada Azərbaycan folkloruna aid nümunələri toplayıb. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirib.

Daha sonra isə Səməd Behrəngi İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. 

Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar. 

Səməd Behrəngi 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.

Maraqlı məqam isə ondan ibarətdir ki, Səməd Behrəngini tanıyanlar onun çayda boğulub ölməsinə inanmırlar. Onlar Səməd Behrəginin şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. O, Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.

Anası Sara xanımın xatirələrində Səməd Behrəngi ilə bağlı bu cür yazıb:

"Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir".

Xatırladaq ki, Səməd Behrəngi heç bir siyasi təşkilata bağlı olmayıb və şah dövründə siyasi təşkilat da yox idi, amma onun yoldaşları Behruz Dehqani, Əlirza Nabdil, Mənaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani və başqaları Səmədin ölümündən iki il sonra İranın "Xalq Fədailəri" təşkilatını yaradıb və silahlı mübarizəyə qalxıblar. 

# 5346
avatar

Arzu Qurbanlı

Oxşar yazılar