Lent.az Sulduz şəhərindən olan siyasi şair, dünyaca məşhur azərbaycanlı ozan Araz Elsəsin APA-ya müsahibəsini təqdim edir
– Araz bəy, xoş gəlmisiniz. Azərbaycanda sonuncu dəfə nə vaxt olmusunuz?
– Pandemiyadan qabaq, 2019-cu ildə. Çox qısa bir səfər idi, cəmi 3 gün oldum burada.
– 2019-cu ildən bu yana Azərbaycan üçün, onun tarixi üçün çox şey dəyişib.
– Tamamilə doğrudur. Bu dəfə mən qalib Azərbaycan adlı ölkəmə səfər eləmişəm. Artıq Azərbaycan əski Azərbaycan deyil, bunu hamı bilir, hamı görür. Bütün bunlar bizim üçün qürurvericidir. Azərbaycan dik duruşu olan güclü bir dövlətdir. Bu, millətdən gələn gücdür, onun inamından gələn gücdür. 44 günlük savaş millətimə qürur verdi, güc verdi, inam verdi. O səbəbdəndir ki, bu savaşda “Vətən” deyib hamı canından keçməyə hazır idi. Mən həmin igidlərimizə eşq olsun deyirəm, bu Vətən üçün canından keçməyə hazır olan və keçən qızlarımıza, oğullarımıza, bütün Azərbaycanımıza eşq olsun deyirəm.
– Budəfəki gəlişinizin konkret səbəbi varmı?
– Darıxmışdım (gülür). İstədim gəlim media orqanlarımızla, adamlarımızla, dostlarımızla görüşəm. Üstəlik, Bakıda böyük bir konsert düşünürəm.
– Nə gözəl. Konsertin vaxtı təyin olunubmu?
– Hələ ki yox. Elə o konsertlə bağlı, onun vaxtı, məkanıyla bağlı da görüşlərimiz olur. Yəqin ki, bir neçə aya reallaşdırarıq.
– Araz bəy, niyə konserti məhz bu aralarda verməyi düşündünüz? Yəni daha əvvəl mümkün deyildimi?
(bir qədər düşünür)
– Bilirsiniz... Mən hər zaman Azərbaycanda insanlarımızla görüşməyə, onlara konsertlər verməyə hazıram, bu istək məndə həmişə olub. 44 günlük savaşdan sonra hesab elədim ki, əsl məqam məhz bu vaxtdır. Məncə, bu cür məsələlər indi daha vacibdir. Üstəlik, bu cür konsertlər Güneydə olan hadisələrə, eyni zamanda, gələcəkdə bölgədə baş verəcək digər hadisələrə töhfə vermiş ola bilər. Siz bilirsiniz, mənim konsertlərimdə məqsəd sadəcə insanları nəşələndirmək, əyləndirmək deyil. Milli məsələlər, ideoloji məsələlər və digər... Xüsusən bu günlərdə Güneydə baş verən hadisələr... (bir qədər dayanır və dərin bir ah çəkir)... məncə, bu konsert vacibdir. Yəni mən olmayım, sırf bu məqsədlə konsert verməyi planlaşdıran digər sənət adamlarının da məhz bu zamanda insanlarla görüşməsi, Azərbaycanın bütövlüyü məsələsi ətrafında müzakirələr aparması çox vacibdir.
– İranda baş verən hadisələri necə qiymətləndirirsiniz?
– İranda baş verən hadisələr ümumi etirazlardır. İrandakı haqsızlığa, ədalətsizliyə, insan və qadın haqlarına qarşı bir etirazdır. Göründüyü kimi, bu problemlər İranda milliyyətindən asılı olmayaraq hamını əlaqədar edir. Bir də var, milli problemlər. İran çoxmillətli ölkədir. İrandakı millətlər artıq öz haqlarını əldə etmək istəyirlər. O millətlərin ən böyüyü də Azərbaycan türkləridir. Biz milli haqlarımızı tələb edirik. Və artıq bizim bu mübarizəmiz dillə-filanla bitən məsələ deyil. Bu gün bir gerçək var: bu yüz il içində çəkdiklərimiz yetər, vəssalam. Artıq İran Azərbaycansız bir İran dövləti haqqında düşünməlidir. İran dövləti üçün bu reallığı, bu gerçəyi qəbul etmək çətindir, amma əvvəl-axır qəbul ediləcək. Azərbaycanın bütövlüyü gerçəkləşəcək. Doğrudur, konkret zaman demək çətindir. Elə bil ki, əkin əkmisən və onun bəhrəsini gözləyirsən. Buna konkret zaman vermək mümkündür, lakin milli məsələlərdə zaman demək çətindir. Bu gün istəklərimizə nail olmağımıza əvvəlki günlərdən daha çox yaxınıq. Bunu dəyərləndirmək lazımdır. Azərbaycanın quzeyindəki böyük dövlətin vəziyyətini özünüz bilirsiniz, bataqlıq içindədir. Bu səbəbdən, bu gün üçün bütövlüyə həmişəkindən daha yaxınıq.
Bizim yenidən bir dövlət qurmağa ehtiyacımız yoxdur. Bizim dövlətimiz var, bayrağımız var. Güney Azərbaycan İrandan qurtulub artıq öz yarısına Quzey Azərbaycana birləşməli, bütöv olmalıdır. Dövlət olaraq, millət olaraq biz bu prosesə hazır olmalıyıq, inanmalıyıq. Hər şey inamdan doğulur. Bizim danışdığımız məsələ yalan deyil və təbii prosesdir. Burada heç bir qeyri-təbiilikdən söhbət gedə bilməz. 200 il əvvəl bölünən dövlət bu gün birləşir, burada qeyri-adi, gözlənilməz nə var ki? Heç nə. Çoxmillətli dövlətlərin dağılmasının nə qədər şahidi olmuşuq. Avropanın son yüz illik tarixində bu cür nə qədər hadisələr baş verib. Məsələn, Yuqoslaviya. Yəni dediyim odur ki, bu bir fürsətdir və artıq bu fürsəti dəyərləndirməliyik. Dünyanın hər yerində xəritə dəyişə bilər, bu faciə deyil. Ən əsası, mən sizə bir şeyi də deyim ki, bütöv Azərbaycanın qurulması bölgə üçün daha böyük bir barışın, sülhün sığortası deməkdir. Bu sözlər Azərbaycansız İran dövlətinə də aiddir. O zaman bizim daha gözəl qonşuluq münasibətlərimiz olacaq.
– Aydındır. Araz bəy, İsveçdə yaşayırsınız. Musiqidən əlavə, ümumiyyətlə, hər hansısa bir başqa məşğuliyyətiniz varmı?
– Musiqi mənim həyatımın bir parçasıdır, bəlkə də, özüdür. Amma onunla bərabər, özümün şirkətim var və o şirkətdə çalışıram.
– Siz Norveç vətəndaşısınız səhv eləmirəmsə.
– Yox, hazırda elə İsveç vətəndaşıyam. Amma əvvəllər Norveçdə yaşamışam. Doğrudur.
– İsveçdə və ümumiyyətlə, Avropadakı konsertlərinizdə tamaşaçı kütlənizi kimlər təşkil edir?
– İsveçdə tamaşaçı çox az olur. Orada bir neçə konsertimiz olub, amma, dediyim kimi, tamaşaçı azdır. Mənim konsertlərim daha çox Qərbi Avropa ölkələrində olur.
– Orada türklər daha çoxdur.
– Bəli, Almaniyada, Hollandiyada, Fransada konsertlərim daha çox olur və türklərin, tamaşaçıların sayı o ərazilərdə çoxdur. Eyni zamanda, Türkiyənin özündə də konsertlərim olur. O konsertlərdə Cənubi Azərbaycanlılar fəal iştirak edirlər.
– Araz bəy, konsertlərinizdə iranlılar da olurmu? Yəni İrandan olan digər millətlərin nümayəndələri ilə rastlaşırsınızmı?
– Çox maraqlıdır ki, bəli. İranın özündən olsun, dediyiniz başqa millətlərin nümayəndələrindən olsun, fərqi yoxdur, görürəm, hətta söhbətlərimiz də olur. Əslində, bu görüşlər çox xoş təsir bağışlayır.
– Avropa konsertlərində Azərbaycan diasporları ilə əməkdaşlıq edirsinizmi?
– (Bir xeyli düşünür.) ...Açığı, yox. Yəni indiyə kimi belə bir təkliflə rastlaşmamışam. Olsa, dərhal müsbət reaksiya verərəm.
– İsveçdə və ümumən Avropada Azərbaycan musiqisi nə dərəcədə tanınır?
– Azərbaycan musiqisi, təəssüf ki, yalnız Azərbaycan toplumunun içində tanınır. Amma istisnalar da var. Məsələn, Əzizə Mustafazadə. Onun konsertləri, onun musiqisi artıq dünyəvilik qazanıb. Əzizə xanım bir marka olmağı bacarıb. Bu, Azərbaycan adına olduqca böyük bir şeydir və məni çox məmnun edir. Ümid edirəm ki, Azərbaycan musiqisi adına daha yaxşı, dolğun addımlar atılacaq. Azərbaycan musiqisi hərtərəfli formada gözəldir. Vaqif Mustafazadə məktəbi olsun, yaxud klassik musiqi məktəbimiz olsun, bütün bunlar bir incidir. Mən özüm son illər çalışıram ki, simfonik rok ifa edim. Yəni klassik musiqi ilə roku qarışdıracağam, amma bir şərtlə ki, içində öz ədviyyatlarımız olsun (gülür).
– Meydan hərəkatı dövründə və qismən sonrakı dönəmdə Araz Elsəs, onun sənəti daha çox aktual idi və daha çox tanınırdı. Sizcə, o dövrdə sizə və sənətinizə olan ehtiyacla indiki arasında nə kimi fərqlər var?
– Mən çox görünməmişəm Azərbaycanda. Neçə illərdir, Azərbaycana gəlmirdim. 2010-cu ildən sonra mənim burada heç bir fəaliyyətim olmayıb.
– Amma fakt odur ki, bu gün siz xaricdə yaşayırsınız, yəni getmisiniz. Yaxşı bəs tez-tez gəlməyinizə nə mane olur?
– Bilirsiniz, konsertlər, görüşlər belə olmur, bu şəkildə təşkil edilmir. Mən Avropadayam. Olsun. Burada elə təşkilatçılıq olmalıdır ki, mən dəvət olunam və gələm. Azərbaycandan mənə gələn bütün təkliflərə hər zaman açığam, bu gün də həmçinin. Mən öz soydaşlarımla görüşməyi hər şeydən çox istəmişəm və istəyirəm. Buna nə zaman ehtiyac olarsa, mən müsbət yanaşaram.
– Araz bəy, 90-ı illərin sonuna yaxın sizin Əl Oyunları Sarayında bir konsertiniz ləğv olunmuşdu. Belə fikirlər var ki, sizin küskünlüyünüz məhz bu səbəbdəndir.
– Mənim əziz qardaşım, qətiyyən belə bir küskünlük yoxdur. Konsertin ləğv edildiyini doğru vurğuladınız. Oldu. Səbəbini bilmirəm. Lakin mən kimə küsəcəyəm? Bu dövlət mənim canımdır, qanımdır. Mən bu Vətəni, bu yurdu necə sevdiyimi sözlə ifadə edə bilmirəm. Vətən sağ olsun, millət sağ olsun.
– Aydındır. Mənim bayaq sualım yarımçıq qaldı. Meydan hərəkatı və ondan sonrakı dövrdə sizə olan sevginin indi azaldığını hiss eləyirsiniz?
– Mən sevgini ölçmürəm. Birincisi, mən heç sənətçi də deyiləm. Mən, birinci növbədə, bu işi nə üçün etdiyimi düşünürəm. Bu mənim üçün müqəddəs amaldır. Mən sazımla bir döyüşçüyəm və mən savaşdayam. Mən millətimə qatqımı bu cür verə bilirəm. Kimin mənə sevgisi nə dərəcədə artıb, ya azalıb, açığı, bilmirəm. Mən öz adıma danışa bilərəm ki, mənim sevgim artmaqdadır. Mən küsən adam deyiləm, qırılan adam deyiləm. Mənim sazla, sözlə təbliğ etdiyim ideyalar millətimin arasında danışılırsa, bu mənim üçün ən böyük sevgidir.
– Bayaq Azərbaycan musiqisi haqqında qısa da olsa, danışdıq. Ümumiyyətlə, Azərbaycan musiqisinin indiki axınını izləyirsiniz?
– Mənim gündəlik dinlədiyim musiqilər var. Tez-tez Fikrət Əmirovu, Qara Qarayevi, Niyazini dinləyirəm. Simfonik musiqini çox sevirəm. Hesab edirəm ki, simfonik musiqi Azərbaycanın hər yerində təbliğ olunmalıdır. Bölgə-bölgə, kənd-kənd. Bu cür musiqiləri dinləyəndə heyrətə gəlməmək mümkün deyil. Məsələn, siz Cəlil Məmmədquluzadəni, Sabiri oxuyanda necə hiss keçirirsinizsə, mən də bu adamları dinləyəndə o cür hislər keçirirəm. Bu musiqilərdə elə alt qatlar var ki, sadəcə heyrət və heyrət!..
Sizə bir nümunə deyim, İranda bu gün lap hər hansısa bir uyğun olmayan musiqini ifa eləmək istəsən, sənə böyük konsert salonları verə bilərlər. Amma de ki, “Koroğlu” uvertürasını təqdim etmək istəyirsən, qoymazlar. Çünki bu, milləti özünə gətirən, özünə qaytaran musiqidir.
Ondan əlavə, bəzən də rok dinləyirəm: “The Beatles” qrupu olsun, ingilis roku olsun, Amerika roku olsun və digər.
– Azərbaycan musiqisinin indiki vəziyyəti heç də birmənalı qarşılanmır. Ara müğənniləri, bayağı mahnı və ifalar çoxalıb. Bu sizi nə dərəcədə narahat edir?
– Mən görməzdən gəlirəm. Dinləmirəm, açığı.
– Siz dinləmirsiniz. Amma 17 yaşında biri Araz Elsəsi, yaxud lap elə Fikrət Əmirovu görmür, eşitmir, dinləmir. Çünki təbliğat o deyil. Amma dediyim bu bayağılıqları görür və dinləyir. Bu axı şüura təsir edir.
– Haqlısan, əziz qardaşım. Meydan verilir ki, o da öz musiqisini o formada nümayiş etdirir. Azərbaycanın özündə bu gün elə dəyərli sənətçilərimiz var ki, onlara meydan verilməlidir. Demirəm ki, verilmir, yox, əsla. Verilir. Amma yenə də lazımdır, daha çox lazımdır. Ona görə lazımdır ki, dediyiniz o bayağılıq aradan çıxsın. Mən bu yaxınlarda adlarını unutduğum bir neçə gəncə qulaq asdım. Elə bil Şövkət Ələkbərovaya qulaq asırdım, inanın mənə. Hərçənd siz deyirsiniz ki, bayağı musiqilər də artıb, amma bu kimi yaxşı hallar da var.
– Araz bəy, bayaq dediniz ki, son zamanlar roka meyillənmisiniz. Ümumiyyətlə, sizin sənət xəttiniz indiki zamanda heç də birmənalı qarşılanmır. Söhbət ideoloji musiqidən gedir. Dövr dəyişib, zaman dəyişib, düşüncə dəyişib və s. Bütün bunların fonunda repertuarınızda hər hansısa bir dəyişikliyə necə baxırsınız?
– Mən sizə bir şey deyim, mən türkəm, vəssalam. Və bunu bir kültür kimi dəyərləndirirəm, təbliğ və təqdim edirəm. İndi bu gün üçün bu nə dərəcədə qiymətləndirilir, deyə bilmərəm. Mənim düşüncəmə görə, bu kültürü sevdirmək, dəyərləndirmək lazımdır. Ümumiyyətlə, gözü bağlı millətçi olmaqdansa, olmamaq daha yaxşıdır. Aydın baxmalısan hər şeyə. Mənim üçün aydınlıq anlayışının qarşısına nə və kim keçirsə, o mənim düşmənimdir. Son zamanlar yazdıqlarımda Azərbaycanın ayrılığı da var, bütövləşməsi də, türkçülüyümüz də, kültürümüz də – hamısı var və mən bunu ifa eləməkdən qürur duyuram. Duymamış olmazsınız, mənim “Atlar” adlı mahnım var. Onu bu yaxınlarda cağatay türkcəsi ilə ifa eləmək niyyətim var. Bu həm də mahnıya yeni nəfəs verməkdir. Üstəlik, mahnıya ağız qopuzu ilə rokun birləşdirilməsini də əlavə edəcəyəm.
Sizə bir şeyi də deyim, bəzən türkçülüyü eybəcər formada təbliğ edənlər olur. Bu məni çox incidir. Bunu daha doğru formada təbliğ etmək lazımdır ki, sevilsin. Adicə bir qurd anlayışını doğru-düzgün təbliğ edə bilmədilər, siyasiləşdirdilər. Türkçülüyün siyasətə qarışacağı yoxdur axı, mənim əziz qardaşım. Bu bir millətindir, millətə aiddir, bu bir mədəniyyətdir, bunun siyasətə heç bir dəxli yoxdur. Və bunu siyasiləşdirməyə kimsənin haqqı çatmır.
– Siz həmişə Azərbaycana gələndə Şəhidlər xiyabınını, Fəxri xiyabanını ziyarət edirsiniz. Bu dəfə...
– Hələ ki nə Şəhidlər xiyabanına, nə də Fəxri xiyabana gedə bilmişəm. Görüşlər, dəvətlər çox olur, ona görə bir az belə alındı. Amma mütləq gedəcəyəm, ziyarət edəcəyəm. Bu mənə mənəvi rahatlıq verir. Xatırlayıram, bir dəfə gecə Fəxri xiyabana getdim. Beynimdə də bir neçə yarımçıq mahnı var idi. Birbaşa getdim Şövkət xanımın məzarına, sonra Rəşid Behbudovun, sonra Xəlil Rzanın, sonra Elçibəyin... – Onda hələ Heydər Əliyev sağ idi - belə-belə gəzdim, söhbət elədim, nəticədə yarımçıq qalan mahnılarımı bitirdim.
Yəni Fəxri xiyabana da, Şəhidlər xiyabanına da sevgi ilə getməlisən. Belə böyük gül-çiçək dəstəsi ilə də gedə bilərsən, əli boş da. Əsas odur, sevgi ilə, ürəklə gedəsən.
Mənim yaxın bir dostum burada vəfat edib, hələ də onun məzarına getməmişəm. İstəmirəm (kədərlənir, bir qədər susur). Məzar daşını gördükdən sonra olun ölümünü yəqinləşdirəcəyəm deyə, getmirəm. Mən hesab edirəm ki, vəfat eləmiş adamlarla görüşmək üçün, dərdləşmək üçün məzarlığa getməyə ehtiyac yoxdur. Ürəyimizdədir onlar.
– Sizi daha çox sazla görmüşük deyə, belə əliboş qəribə təsir bağışladınız. Həmçinin bir xatirə yadıma düşdü. 90-cı illərin sonunda konsertlərin birində ifanın sonunda sazınızı sındırmışdınız.
– Bəli, səhv eləmirəmsə, 1994-cü il idi. Arif Məlikovun müəllif gecəsi idi. Allah rəhmət eləsin, o gecədə Heydər Əliyev də iştirak edirdi. Seçilmiş və böyük şəxslər var idi o gecədə, nə mutlu ki, mən də orada idim. Həmin gecə Arif Məlikova həsr elədiyim mahnını oxudum – o mahnını başqa heç yerdə oxumamışam – mahnının sonunda “Əli qanlı cəlladları mən ittiham edirəm, qanlarından keçənlərə bu mahnını ithaf edirəm” deyəndə çox həyəcan keçirdim, “ittiham edirəm” deyib sazı vurdum dizimə və nəticədə saz parçalanıb düşdü səhnəyə. Özümdə olmamışdım. 20 Yanvara həsr edilmiş mahnı idi. Bu mənim həyatımda çox-çox böyük hadisələrdən biri oldu. Arif Məlikov məni qucaqladı, elə qucaqladı ki, köksünün istiliyini, əllərinin varlığını kürəyimdə hələ də hiss edirəm. Allah rəhmət eləsin, Heydər Əliyev çıxışında dedi ki, gənc azərbaycanlı Arazın çıxışı mənim həyatımda böyük hadisədir. Bu mənim üçün böyük dəyərdir. O gecənin səhəri Türkiyədən mənim üçün hətta saz da gətirildi.
– Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Araz Elsəs Azərbaycan gəncliyinə və ümumən azərbaycanlılara nələri demək istəyir? Bu, son sualımdır.
– Aydınlıqdan yana olsunlar. Azərbaycanın bütövlüyünə mütləq şəkildə inanmaq lazımdır. Ürəyimizdə, beynimizdə, düşüncəmizdə bunu böyütmək, inkişaf etdirmək lazımdır. O gün bu gündür, əziz qardaşlar, əziz bacılar. Azərbaycan 44 günlük savaşında necə bir yumruq oldu, necə bir oldu, hamı gördü, bütün dünya gördü. Bu heyrətamiz idi. O düşüncə ilə böyük düşünmək, böyük ideyalarla yaşamaq lazımdır.