Dünya kinematoqrafiyası tamaşaçıların yaddaşında dərin iz buraxan çoxsaylı filmlər ərsəyə gətirib. Bəzi ekran əsərləri gözlənilməz süjet dönüşləri ilə diqqət çəkir, digərləri isə insanı həyat, insan təbiəti və çətin mənəvi seçimlər haqqında düşünməyə vadar edir. Lakin elə filmlər də var ki, onların yaratdığı emosional sarsıntı o qədər güclü olur ki, hər tamaşaçı ikinci dəfə izləməyə cəsarət etmir.
Lent.az insanın həyata baxışını dəyişə biləcək, ağır emosional təsiri ilə yadda qalan 5 filmi təqdim edir.
“Arzulara rekviyem” (Requiem for a Dream, 2000)
Rejissor Darren Aronofskinin çəkdiyi dram filmi Bruklində yaşayan və daha yaxşı həyat, uğur və sevgi arzusunda olan dörd insanın hekayəsindən bəhs edir. Lakin narkotik asılılığı onların arzularını tədricən məhv edir. Həyatlarını dəyişmək istəyi sonda özlərini məhv etmələrinə gətirib çıxarır.
Film güclü rejissor işi və aktyor ifaları ilə diqqət çəkir. Ellen Börstin bu ekran əsərindəki roluna görə “Oskar” mükafatına namizəd göstərilib. Cennifer Konnelli və Cared Leto isə karyeralarının ən təsirli aktyor performanslarından birini nümayiş etdiriblər.
“Milyon dollarlıq qız” (Million Dollar Baby, 2004)
İdman dramının mərkəzində peşəkar boksçu olmaq arzusunda olan 31 yaşlı ofisiant Meqqi Fitscerald dayanır. Onun məşqçisi həyatdan küsmüş, lakin böyük təcrübəyə malik Frenki Dann olur.
Əvvəlcə Frenki gənc qadını məşq etdirməyə könülsüz razılıq verir. Lakin zaman keçdikcə onların arasında xüsusi mənəvi bağlılıq yaranır. Hər ikisi bir-birində uzun müddətdir ehtiyac duyduğu dəstəyi və doğmalığı tapır.
Film ilk baxışda məqsədinə çatmaq üçün inadla mübarizə aparan insan haqqında klassik motivasiya hekayəsini xatırladır. Ancaq boks rinqində baş verən faciəli hadisə ekran əsərinin bütün atmosferini dəyişir.
“Las-Veqasdan ayrılarkən” (Leaving Las Vegas, 1995)
Hollivud ssenaristi Ben Sanderson həyatının ən ağır dövrünü yaşayır. Alkoqol asılılığı səbəbindən işini, ailəsini və gələcəyə olan bütün ümidlərini itirir. Nəhayət, kişi yalnız bir məqsədlə Las-Veqasa getməyə qərar verir: içki içərək həyatına son qoymaq.
Burada Ben Sera adlı qadınla tanış olur. Qadın gözlənilmədən onun həyatındakı ən yaxın insana çevrilir. Onların tanışlığı tənhalıq, asılılıq və ən çətin şəraitdə belə anlaşılmaq istəyindən bəhs edən mürəkkəb sevgi hekayəsinə çevrilir.
“Ata” (The Father, 2020)
Bu psixoloji dram getdikcə ağırlaşan demensiya xəstəliyi ilə mübarizə aparan Entoni adlı yaşlı kişinin həyatından bəhs edir.
Filmin əsas özəlliyi hadisələrin baş qəhrəmanın gözü ilə təqdim olunmasıdır. Onun öyrəşdiyi reallıq tədricən dağılmağa başlayır. Yaxınlarının simaları dəyişir, tanış məkanlar yadlaşır, zaman anlayışı isə tamamilə qarışır. Hər yeni səhnədə Entoninin ətrafında əslində nələrin baş verdiyini və hansı hadisələrin yalnız onun şüurunda yaşandığını müəyyənləşdirmək çətinləşir.
Rejissorun bu yanaşması sayəsində tamaşaçı yaddaşını və reallıqla əlaqəsini tədricən itirən insanın çaşqınlığını, qorxusunu və köməksizliyini daha dərindən hiss edir.
“Şindlerin siyahısı” (Schindler's List, 1993)
Stiven Spilberqin çəkdiyi monumental tarixi dram İkinci Dünya müharibəsinin real hadisələrinə əsaslanır. Süjetin mərkəzində alman sənayeçisi Oskar Şindler dayanır. O, var-dövlətindən, nüfuzundan və əlaqələrindən istifadə edərək mindən çox yəhudini nasistlərin təqibindən və ölüm düşərgələrində məhv edilməkdən xilas edir. “Şindlerin siyahısı” dünya kinematoqrafiyası tarixinin ən möhtəşəm filmlərindən biri hesab olunur.
Ekran əsəri yeddi “Oskar” mükafatına, o cümlədən “Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyaları üzrə mükafatlara layiq görülüb. Stiven Spilberq Holokost faciəsini böyük bədii təsir gücü ilə təqdim etməyi bacarıb. Bununla yanaşı, rejissor faciə qurbanlarına qarşı insani münasibəti və hörməti qoruyub saxlayıb.
Film qəddarlıq, insanlıq, vicdan və başqalarının həyatını xilas etmək üçün göstərilən fədakarlıq haqqında unudulmaz hekayədir.