İki oğluna öz adı qoyuldu,  “anasına” eşq elan elədi...
31 oktyabr 2022 10:24 (UTC +04:00)

İki oğluna öz adı qoyuldu, “anasına” eşq elan elədi...

Lent.az “ Bir ulduz axdı” layihəsində Xalq artisti Nodar Şaşıqoğlunun  sevgi dolu ömrü barədə danışacaq.

50-ci illərin sonlarında onu bütün Bakıda və Qafqazda tanıyırdılar, demək olar ki, bütün qadınlar ona aşiq idi, bütün kişilər də onu özlərinə rəqib görürdülər. Mixaylo obrazında şöhrəti parladıqdan sonra mindiyi avtomobili belə insanlar əl üstə gəzidirir, harda görsələr, qucaqlayır, bağırlarına basırdılar. O bu şöhrətdən sərxoş idi, şöhrətin və gəncliyin verdiyi çılğınlıqla ömrünü, pullarıı bildiyi kimi sağa-sola səpirdi. Söhbət məşhur aktyor Nodar Şaşıqoğlundan gedir.

Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə  doğulmuşdu. Əslən acar olsa da, bir neçə millətin qanını daşıyırdı. Anası deyərmiş ki, Nodarın qanı elə buna görə qaynayır, uşaqlıqdan çox nadinc olub. Ailənin tək övladıydı. Atası onun bütün istəklərini dəstəkləyirdi. İlk gəncliyindən coşqun həyat tərzi yaşayan Nodarın sevgi macəraları bitib-tükənmirdi. Hətta, eşqbazlığına görə oxuduğu teatr məktəbindən də qovulmuşdu. Bu onun həyat tərzinə çevrildi, ömrünün sonuna qədər qadın düşkünü kimi yaşadı. Məsələ hətta o dərəcəyə çatmışdı ki, o zamanlar ölkə rəhbəri olan Heydər Əliyev də ona zəng edib, tövsiyə verib, “az evlən-boşan, hər xanımına da bir ev bağışlamaq məcburiyyətində qalma” deyibmiş. Bunu özü xatirələrində dilə gətirmişdi.

 Rəsmən 4 dəfə evli olmuş, hər xanımına bir ev bağışlayaraq pencəyini götürüb evdən çıxmışdı. Çox sonralar bilmişdi ki,  saysız-hesabsız sevgililərindən ikisi onun üçün oğul dünyaya gətirib və hər iki qadın uşaqlarının adını onun şərəfinə Nodar qoyub. Övladları ilə çox sonralar, onlar artıq gənc oğlan olanda tanış olmuşdu. Bəlkə də sayları ikidən çox idi. Ona tanımaq nəsib olmadı. Nodar çoxlu sayda sevgililərinə rəğmən, ömrünü Bakıda oğlu Nodarın yanında başa vurmalı olmuşdu.  Şaşıqoğlu yaxın dostlarına öz "Don Juan"lığından şikayətçi olub, bunun onu sonunda Məcnuna çevirəcəyini deyirmiş. (Elə ən sevdiyi rol da Məcnun rolu idi).

“Uzaq sahillərdə” filminin premyerası "Nizami” kinoteatrında keçirilmişdi. İlk uğurdan sonra kassalar qabağında o qədər uzun növbələr düzülürdü ki, insanlar bilet almağa bir neçə gün öncədən gəlirdilər. "Nodar rusdilli olduğu üçün onu həmişə Əli Zeynalov səsləndiridi və bu dublyaj uğurla alınırdı. Bu filmdən sonra dalbadal "Əsl dost”, "Mateo Falkone”, "Onun böyük ürəyi”, "Bizim küçə”, "Leyli və Məcnun” filmlərinə çəkildi. Şöhrət və pullar başından tökülürdü. Elə bu dönəmdə yaşadığı bir eşq macərası qara bir xətlə ömründən keçdi, çox şeyə son qoydu. 

O, Bakıda evli bir xanımla eşq macərası yaşayır və paytaxdan qovulur. Nüfuzlu bir kişinin xanımını əlindən alır. Lakin əri Nodarın üzünə Azərbaycanda bütün qapıları bağlayır. Uzun illər Bakıdan kənarda yaşamalı olur. Bu macəra Nodar Şaşıqoğlunun "Leyli və Məcnun" filmində Məcnun rolunda çəkildiyi dövrə düşmüşdü. Məcnun ona əsl Məcnun eşqi yaşatdı.

Nodarın eşq elan elədiyi xanımlar arasında məşhur aktrisa, özündən 13 yaş böyük olan Barat Şəkinskaya da olub. Maraqlıdır ki, Barat xanıma aktyorun əmisi tanınmış aktyor Ülvi Rəcəb də eşq elan eləyibmiş. “Telefonçu qız” filmində Nodar Şaşıqoğlu Barat xanımın oğlu rolunu oynayırdı. Bu  filmdəki obrazı Nodarın öz xarakterinə çox bənzəyirdi. O özünü canlandırmışdı.

Bakıya qayıdandan sonra  teatrda bir neçə tamaşada rol alıb, lakin daha əvvəlki  şöhrət  onu tərk etmişdi. Aktyor ona bağışlanan son mənzilində uzun müddət xəstə yatır. Buna qədər özündən 25 yaş kiçik son xanımı da onu qoyub getmişdi. Oğlanlarından biri gəlib son günlərində ona həyan oldu. Nodar Şaşıqoğlu - ən qoca Don Juan 2013-cü il aprelin 12-də 85 yaşında həyata vida etdi. Bütün macəralarına baxmayaraq, o azərbaycanlı tamaşaçılar üçün Mixaylo olaraq qalmış, yaddaşlarda iz salmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3804
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar