"İki həyat yaşayıram"  - Səhnəmizin “Mustafa”sı elə şeylər danışdı ki – MÜSAHİBƏ
24 yanvar 2024 15:11 (UTC +04:00)

"İki həyat yaşayıram" - Səhnəmizin “Mustafa”sı elə şeylər danışdı ki – MÜSAHİBƏ

Əslində Xalq artisti Hacı İsmayılovla yox, Mustafa ilə görüşə gedirdim. İllər hamı kimi mənim də yaddaşıma onu Mustafa olaraq  yazıb, “günah özündədir”.  
Kabinetinə girəndə masa arxasında oturmuş ciddi, soyuq baxışlı məmuru görəndə bir qədər çaşqınlıq yaşadım. Elə bu an onun telefonu zəng çaldı. Emin Sabitoğlunun  “Ad günü” filmi üçün yazdığı o məşhur melodiya səsləndi, onun da mənim də üzümə təbəssüm qondu. Buzlar əridi, doğmalaşdı, şirin bir söhbət başladı.

 

Lent.az-ın qonağı ömrünün 54 ilini teatra həsr eləmiş insan, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılovdur. Bu günlərdə 80 yaşını qeyd eləmiş sənətkarla müsahibəni təqdim edirik:

- Hacı müəllim, uzun müddətdir sizinlə müsahibə eləmək istəyirdim, amma hər dəfə müəyyən səbəblərdən alınmırdı. Söhbətimizin 80 illiyinizdə baş tutmasına sevindim.

- Gərək həm danışmağa söz ola, həm də əlamətdar hadisə. 80 yaş məncə əlamətdar hadisədir.

- Amma, maşallah heç 80 yaş vermək olmaz sizə. Belə gənc görünməyinizin sirri nədir?

- Genetikdir. Atam 94, anam 84 il yaşayıb. Uzun ömürlülər siyahısındayıq.

-  Siz və Rafiq Əzimov Akademik Milli Dram Teatrının ən qocaman aktyorlarısınız. Bir ara yaşlı aktyorların təqaüdə göndərilməsi məsələsi gündəmə gəldi. Buna münasibətiniz necədir?

- Aktyoru səhnədən ayırmaq balığı sudan çıxarıb, ölümə tərk eləmək kimidir. Əgər yaddaşını itirməyib, danışığında, hərəkətində problem yoxdursa, niyə səhnədən getməlidir? İdmançıların, rəqqasların, balerinaların yaşla uyğun peşələrindən uzaqlaşması normaldır. Amma teatrda hər nəsildən insana ehtiyac var o cümlədən də yaşlı aktyorlara. Aktyorun, şairin, bəstəkarın, yazıçının yaşa görə işindən getməsi düzgün deyil. Tarixən ən böyük elmi kəşflər belə 60 yaşdan çox olan insanlar tərəfindən edilib. Bəzi şeylər var ki, onu biz yalnız müəyyən zamandan, yaşdan sonra dərk edə bilirik. Həm də böyük sənətkarları uzaqlaşdıranda gərək onun əvəzini gətirə biləsən axı.

- Gedənlərin yerini dolduracaq istedadlı gənclik var?

- Azərbaycan istedadlar diyarıdır, həmişə olub, yenə olacaq. Bizim gəncliyimiz Azərbaycan teatrının intibah dövrlərinə düşdü. Mogikanlarla çalışır, onlara çatmağa çalışırdıq. Onlar getdikdən sonra teatrın yükü biz cavanların çiyninə düşdü və bu  cavanlar sonralar özləri xalq artistlərinə, aparıcı qüvvəyə çevrildilər. Həyat belədir

- Rəhbərlik etdiyiniz qurum teatrların problemlərinin həllində hansı rolu oynayır?

- Teatr Xadimləri İttifaqının funksiyası teatr sənətinin inkişafının həllinə kömək etməkdir, həll eləmək deyil. Həll eləmək üçün Mədəniyyət Nazirliyi var. Keçən il teatrlarla bağlı 30 tədbir keçirmişik. 2023-cü ildə nazirliklə birlikdə “Qonaq teatr” layihəsi başladıq, 9 bölgə teatrını Bakıya dəvət etdik, bu onlar üçün həm bayram, həm imtahan idi. İlin sonunda Antalya Böyük şəhər Bələdliyə Teatrını dəvət elədik, onların təqdim etdiyi tamaşaya quruluşu Nofəl Vəliyev verdi. Xarici ölkələrdən teatrlar qonağımız olacaq. Qastrol səfərləri teatrın ruhunu dəyişir, aktyorlara məsuliyyət yükləyir. Biz bu tədbirləri teatr sənətinin inkişafı üçün edirik. 
Teatrların ən böyük probleminə gəlincə, kommunal xərclər azaldılmalıdır. Mən bu təklifi 2014-cü ildə də səsləndirmişəm. Çox önəmli məsələdir, teatr istehsal müəssisəsi deyil, gəliri yoxdur, kommunal güzəştlər vacibdir.

- Bölgə teatrlarının ən böyük problemi nədir?

- Ölkənin 4 qaçqın dövlət teatrı var. Şuşa və İrəvan teatrları özlərini göstərə bilirlər, amma Ağdam və Fizuli teatrları barədə bunu deyə bilmərik. Bilirsinizmi, bəzən teatrların problemləri ilə bağlı postulatlar səsləndirilir, amma inkişaf teatrın öz daxilində olmalıdır. Onlar özləri ölçüb-biçməli, tamaşanın uğurlu olub-olmayacağını müəyyən etməlidirlər. 
Bir neçə gün əvvəl yaradıcı ittifaqların rəhbərləri ilə geniş bir müşavirə keçirildi. Orada 2024-2029-cu illəri əhatə edən Azərbaycan mədəniyyətinin inkişafı haqqında çərçivə sənədi müzakirə olundu. Bu sənəd hazırlandıqdan sonra müzakirə üçün ittifaq sədrlərinə veriləcək, onlar da öz təkliflərini ora əlavə edəcəklər.

- İttifaqdakı işiniz sənətinizə mane olur ya dəstək?

- Mane olmur. 10 ildir ittifaqda işləyirəm. Sözün düzü, əvvəllər bu işə razı deyildim, indi peşman deyiləm. Bu illər ərzində keçirilən tədbirlər, yubileylər, kitab təqdimatları mənim teatr həyatımın üstünə başqa bir həyat da əlavə etdi, faktiki olaraq iki həyat yaşayıram.

- Təşkilati işlərdən keçək yaradıcılıq söhbətinə. Ən məşhur rolunuz olan Mustafa ilə oxşarlığınız var? Sizi bu rol üçün kim kəşf etdi?

- Dublyaja səsləndirməyə getmişdik. Kinostudiyanın çayxanasında Rasim Ocaqov mənə yaxınlaşdı, yəqin kənardan müşahidə edirmiş. O, çox böyük sənətkar idi. Dedi, gəl filmə çəkim səni. Öz-özümə düşündüm ki, mən hara, kino hara? “Ad günü” filminin ssenarisini birnəfəsə oxudum və başımı qaldıranda mən artıq ətrafdakılara Mustafanın gözü ilə baxırdım. Mustafanın ruhu bədənimə köçdü. Mustafa kimi yaşamağa, hərəkət eləməyə başladım. Mustafa elə mən özüməm. Mən o rolu oynamamışam, yaşamışam. Hətta çox vaxt danışanda şəkili kimi danışıram, bəziləri məni şəkili hesab edir. Bu rolla kinoya gəldim. 1977-ci ilin yanvar ayında film ekranlara çıxdı, 1980-ci ildə Dövlət Mükafatı aldı.

- Mustafa rolu üstünüzə biçildi, uğur gətirdi amma daha çox bununla anıldınız. Bəzi aktyorlar var ki, bir rolla anılmaq onların karyerasını məhv edib. Bu sizi incitmir? 

- Yox incitmir. Fərqli rollarım oldu, səhnədə kimisə kürəyinə bıçaq da sancmışam, cani də olmuşam, xəbis biri də. Amma onların hamısında müsbət məqamlar axtarmağa çalışmışam. 

- İsmayıl Osmanlı Kələntər rolunda Cəlalı güllələdiyinə görə (“7 oğul istərəm filmi”) tamaşaçılar ona nifrət dolu məktublar yazırmış.  Bəs sizi necə? Mustafadan sonra mənfi rollar oynayanda tamaşaçılar qınadı? 

- Məni yox, “Həm ziyarət, həm ticarət” filminə görə, Rasim Balayevi qınadılar. Deyirdilər ki, sən Babək idin, Nəsimi idin, o fırıldaqçı rolu nə idi oynadın? Mənə Mustafa kimi necə sevmişdilərsə hər “günahımı” bağışlayırdılar. Rasim Ocaqovun 4 filmində oynadım, özümü təkrar eləmədim. Mənfi rolu oynamaq asan deyil. 

- 1970-ci ildən bəri, düz  54 ildir  “Azdrama”dasınız. Amma sizi Azərbaycana ən birinci kino tanıdıb. Teatr yoxsa kino?

- Teatr mənim həyatımdır, kino mənim sevgimdir. 1970-ci ilə Milli Akademik Dram teatrının aktyor ştatına qəbul olundum. Burda nəhəng aktyorlarla birgə kütləvi səhnəyə çıxmaq özü böyük iş idi. İlk vaxtlar heç bir kəlmə söz demədən rollar oynayırdım. 
Daha çox səsimdən istifadə edirdilər. Tofiq Kazımovun hazırladığı “Hamlet” tamaşasında səhnənin altında Hamletin atasının səsini mən verirdim, səhnəyə başqa aktyor çıxırdı. Baş rol almaq üçün kiçik rollarla özünü sübut eləməyə çalışırdıq. Pulu düşünmürdük, səhnəni o qədər sevirdik ki, hər çətinliyə razı idik.

- Aktyorlar elə pullu adamlar olmurlar. Bu sənəti seçəndə valideynləriniz narazılıq elədi? Niyə aktyor olmaq istədiniz?

- Valideynlərim narazılıq etməyiblər. Nəsildə ilk aktyor mən olmuşam. Atam dənizçi idi, Xəzər Gəmiçiliyində çalışıb. Ana tərəfdən Mircavad Talışxanovun bacısı nəvəsiyəm. Lənkəran Masallı bölgəsinin qubernatoru olub. Anam tərəfin əksəriyyəti oxumuş, ziyalı adamlardır. Anam özü evdar qadın idi. İmkanlı olmamışıq, kasıb yaşayırdıq. İçərişəhərdə doğulub, böyümüşəm. Kasıb yaşadığımız üçün uşaqlardan pal-paltar sarıdan geri qalmağım məndə kompleks yaradırdı. Tez-tez mürəkkəb qabım qırılırdı, üst-başımı bulayırdı. Tək bir dəfə təzə köynək almışdılar, sevincimdən, forsumdan yerə-göyə sığmırdım. Yəqin diqqət çəkmək istəyi məni aktyor olmağa sövq edib. Yaxşı müəllimlərimiz vardı. Uşaqları qabiliyyətlərinə görə düzgün yönəldirdilər. Özfəaliyyət dərnəyində çıxışımı görən müəllimim demişdi ki, sən artist ol. Dram dərnəklərinə gedirdim.
Məktəbi bitirəndən sonra iki il teatr institutundan kəsilmişəm. Birinci il Adil İsgəndərov görünüşümü bəyənməyib kəsmişdi. O vaxt Teatr İnstitutuna girmək çox çətin idi.  Beləcə aktyor ömrü başladı.
Aktyor özgələrin həyatını öz həyatı kimi yaşayan, öz həyatına özgə olan, özgənin həyatı kimi yaşayan adamdır. Obrazlar o qədər təsir edir ki, çox zaman obrazların həyatını yaşayırıq. Aktyor mütləq teatrda olmalıdır. Hazırda repertuarda olan 7 tamaşada oynayıram.

- Ailənizdən yolunuzu davam edən oldu? Ailəniz barədə də danışaq.

- Sadə bir ailəm var. Xanımım filoloqdur, tələbə ikən teatrda dəftərxanada işləyirdi.  Dostlaşdıq, evləndik. Sonra uzun illər “Ədəbiyyat və incəsənət”, “Azərbaycan” qəzetlərində korrektor işləyib, indi təqaüddədir. Bir oğlum, bir qızım, 3 nəvəm var.  Nəvələrlə nəfəs alırıq. Balaca nəvəm piano çalır, qalan heç kim incəsənətə meyl etmir. Çox istəyirlər məni. Onların dilindən eşidə-eşidə özümü baba kimi hiss eləməyə başladım. Məni məcburən baba etdilər.

- 50 ildən çoxu sənətə həsr olunmuş uzun bir ömrün akkordları...  Necə keçdi bu illər, bu ömür?

- (Düşüncələrə dalır) Maraqlı idi. Mənim ömrüm çox maraqlıydı.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9963
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar